İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Özbəkistanda keçirilən Beynəlxalq Folklor Festivalda da təmsil olundu - FOTO

699 06.05.2024 23:16 Ölkə A A

Özbəkistan Mədəniyyət Nazirliyi, Surxandərya vilayət hakimiyyəti, ölkənin Turizm Komitəsinin təşəbbüsü, UNESCO və TÜRKSOY-un dəstəyi ilə vilayətin Boysun rayonunda yeddinci “Boysun Bahori” folklor festivalı keçirilib.

Festivalın əsas məqsədi təkcə Özbəkistanda deyil, dünyanın digər ölkələrində də diqqətlə qorunan keçmişin irsini tanıtmaq və təqdim etməkdir.
Gözəllik və sənət bayramında Özbəkistanın müxtəlif vilayətlərindən gələn musiqi kollektivləri, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Rumıniya, Böyük Britaniya, Rusiya Federasiyası, ümumiyyətlə dünyanın 16 ölkəsindən dəvət olunan folklorşünaslar, mədəniyyət və incəsənət xadimləri, səyyahlar iştirak edib.

Ölkəmizi sözügedən festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə festivalda Mərkəzin inzibatçısı Yusif Məmmədov, aşıqlar Əli Zeynəlabdinov, Əfsanə Kərimli və Əliyər Hüseynov da musiqi bayramına qatılıblar.

Azərbaycan sənətçiləri bir sıra xalq mahnılarımızı, saz havalarını ifa ediblər. Çıxış tamaşaçıların çoxsaylı alqışları ilə müşayiət olunub.

Festival çərçivəsində milli geyimlər, musiqi alətləri, milli yeməklər, xalq sənəti nümunələri, təsviri və tətbiqi sənət əsərlərindən ibarət sərgilər təşkil olunub, güləş üzrə yarışlar keçirilib. Qonaqlar Boysun sənətkarlarının toxuduğu xalçalarla, hazırladıqları xalq çalğı alətləri-dumbra, çankovuz, sıbızqı və s. ilə tanış olublar. Festivalda sənətkarların əl işlərinin hazırlanma texnologiyasını öyrənmək məqsədilə usta dərsləri də təşkil olunub.
“Boysun Bahori” folklor festivalının sonunda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə festivalın sertifikatı təqdim edilib.

Xatırladırıq ki, ilk “Boysun Bahori” folklor festivalı 2002-ci ildə keçirilib. 2008-ci ildə isə UNESCO Baysun mədəniyyətini Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR