İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanda bölgə nikahı problemi var" - Fazil Mustafa

1129 12.03.2024 12:47 Sosial A A

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və "Xalq" qəzetinin birgə təşkilatçılığı ilə qohum nikahlarla bağlı ictimai müzakirə davam edir.

"Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov qohum nikahları ilə bağlı ictimai dinləmədə çıxış edərkən deyib ki, yaxın qohum evliliklərinin qarşısını almaq üçün qanunvericilik sərtləşdirilməlidir.

Onun sözlərinə görə, dinləmədə iştirak edənlər arasında sorğu keçirilsə, 50 faizə qədər insanın ailəsində və ya yaxınında öz qohumu ilə evlənən şəxslərin olduğu ortaya çıxar:

"Belə bir söz var, əmiqızı ilə əmioğlunun nikahını Allah göydə kəsir. Bax biz bu problemlərin qurbanı oluruq. Mütləq qanunvericiliyi sərtləşdirməliyik. Yaxın qohumların nikaha cəhdinin qarşısı ciddi alınmalıdır".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova isə deyib ki, Azərbaycanda 70 minə yaxın əlil şəxs var. Onların arasında qohum evliliklərindən doğulan uşaqlar da mövcuddur:

"1354 respondent arasında sorğu keçirilib və qohum nikahlarına münasibət öyrənilib. Əksəriyyət mənfi yanaşsa da, müsbət yanaşanlar da var. Əsas məsələlərdən biri yaşlı nəslin təkidi, ataların öz qızlarının təhlükəsizliyini təmin etdiyini sanması, nəsildən-nəslə keçən gərəksiz stereotiplər, erkən nikahlardır. Belə yanaşma var ki, tərbiyəli qızları adətən qohumlar alır. Bu isə qızlara qarşı gender əsaslı zorakılığın bir növü hesab edilir. Boşanma proseslərində qohumlar arasındakı nikahlara xitam verilirsə, nəsillər arasında düşmənçilik ciddi həddə çatır, hətta nəsildən-nəslə ötürülür".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə çıxışında vurğulayıb ki, Azərbaycanda təkcə qohum nikahı deyil, bölgə nikahı problemi də var:

"Gənclərə deyilir ki, bu kənddən, qəsəbədən, rayondan kənar biri ilə evlənə bilməzsən. Rayonlarda gənclərə qohum evliliyinin gələcək fəsadları barədə heç kim məlumat vermir".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR