İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT əvəzinə ərəb sülhməramlıları - Bakı istəyir ki...

1611 08.05.2024 11:48 Ölkə A A

Bəzi ərəb dövlətlərindən ilginc təklif

Son həftələrdə bir neçə ərəb dövləti həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində fəaliyyət göstərəcək ərəb sülhməramlı qüvvələrinin yaradılmasını müzakirə etməyə hazır olduqlarını bildiriblər.

Bu barədə “Financial Times” xəbər verir ki, ərəb diplomatik mənbələrinə görə, ərəb paytaxtları bu məsələdə mövqelərini yumşaldıblar. Çünki bu, İsrail qoşunlarının sektordan çıxarılmasına imkan verəcək. Bu, Fələstin muxtariyyətinə Qəzzanı öz nəzarətinə qaytarmaq imkanı vermək üçün nəzərdə tutulmuş müvəqqəti tədbirdir.

“Financial Times” bunun Misirin təşəbbüsü olduğunu iddia edir. Bundan əvvəl Qətər, Səudiyyə Ərəbistanı və İordaniya belə bir təklifə qarşı çıxmışdı. Həmçinin bildirilir ki, kontingentin yaradılması üçün BMT Təhlükəsizlik Şurasının təsdiqi tələb olunacaq.

İsrail hökuməti hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağına kimin nəzarət edəcəyinə hələ qərar verməyib. Rəsmi Qüds ərəb sülhməramlılarının Yəhudeya və Samariyada yerləşdirilməsi ilə razılaşmayacaq.

Qeyd edək ki, son zamanlar İsraillə HƏMAS arasında atəşkəs məsələsi yenidən aktuallaşıb. ABŞ başda olmaqla, Qərb, Türkiyə, Qətər və bir sıra digər dövlətlərin bu istiqamətdə səyləri artıb. Hətta atəşkəsin 2 aylıq ola biləcəyi barədə fikirlər də səslənir. 

Azərbaycanın hələ ötən ilin oktyabrından başlanan HƏMAS-İsrail müharibəsindən əvvəl mövqeyi dəfələrlə bəyan edilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması ilə müstəqil Fələstin dövlətinin yaradılmasının beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinə uyğun olduğunu bəyan edib. Rəsmi Bakı yeni böhrandan  sonra da bu mövqeyinə sadiq idi. 

Həm ərəblərin sülhməramlı istəyindən, həm də niyə Fələstin dövlətinin yaranmasından bu qədər qorxurlar?

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli İsrailin Fələstində ciddi müqavimətlə üzləşdiyini qeyd etdi: “Əvvəla onu deyim ki, rəsmi Qüds ifadəsi yanlışdır. Bu söz Azərbaycanın xarici siyasətinə ziddir. Rəsmi Bakı Qüdsü İsrailin nəinki paytaxtı, heç şəhəri kimi tanımayıb. Ona görə Azərbaycan mediası da bu cür ifadələrdə diqqətli olmalıdır. O ki qaldı ərəb qoşunlarının Fələstinə yerləşdirilməsinə, proses ona doğru gedir və gec-tez bu baş verəcək. İsrail Fələstində silahlı müqaviməti qıra bilmir. Əsas hədəfləri HƏMAS-ı məhv etmək idi, onu da edə bilmədilər. Əvəzində silahsız ərəb xalqına qarşı yəhudi dövləti genosid edir. Artıq Haaqa tribunalı da bu haqda danışmağa başlayıb. Sionizmin məqsədi Fələstində bir ərəb də qoymamaq idi. Göründüyü kimi, hədəflərinə çata bilmirlər, amma bu mənfur arzularından da imtina etmək istəmirlər. Rəfah şəhərində də hərbi əməliyyatları bundan xəbər verir. Bu, son cəhdləridir, əks halda, ərəbsiz Fələstin reallığına nail ola bilməyəcəklər. Ondan sonra Fələstinə ərəb, hətta gələcəkdə türk qoşunları da yerləşdirilə bilər. Qorxaq və satılmış ərəb monarxiyalarındansa, Türkiyə ordusunun Fələstinə yerləşdirilməsi yerli xalq üçün daha təhlükəsiz gələcəyə zəmanət və yaşam təminatıdır. Sionizm üçün isə türkdənsə, ərəb qoşunlarının Fələstinə daxil olması daha məqbuldur. Çünki indiki ərəb ölkələrini Fələstindən yenə çıxaracaqlarını düşünə bilərlər, amma yaxşı başa düşürlər ki, türk əsgərinin ayağa yenə müqəddəs torpaqlara girsə, oralar yaxın keçmişdə olduğu kimi tam olaraq müsəlmanın olacaq”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

 Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, İsrail-HƏMAS müharibəsinin hələ də davam etməsi ABŞ və region dövlətlərini çox narahat edir: “Qəzzada atəşin dayandırılması və sabitliyin yaranması üçün indiyədək müxtəlif təkliflər irəli sürülüb. Misirin Qəzzada sülhməramlıların yerləşdirilə biləcəyi ilə bağlı təklifi bir neçə ay öncə olmuşdu. Amma buna həm qonşu ərəb dövlətləri, həm də İsrail etiraz etmişdi. İsrailin etirazının əsas səbəbi HƏMAS-ı regiondan çıxartmamış və təhlükəsizliyinə qarantiyanı təmin etməmiş bölgəyə sülhməramlıların yerləşdirilməsi olmuşdu. Əslində düşünürəm ki, o da bir bəhanədir. Netanyahu hesab edir ki, sülhməramlıların orada yerləşməsi problemin həllinə yox, onun konservasiyasına, əslində isə İsrailə qarşı gələcəkdə hücumların ola biləcəyinə gətirib çıxara bilərdi. O səbəbdən özünün təklifləri üzərində daha təkidlə dayanıb. Bu təkliflərin əsası HƏMAS-ın Qəzzadan tamamilə çıxmasıdır. Bütün bunlara baxmayaraq, xeyli müddətdir ki, Qətərdə danışıqlar gedirdi. Bu danışıqlarda hədəf 130 israilli girovun qaytarılması və ilkin etapda 1 həftəlik atəşkəsin əldə olunması və onun uzadılması məqsədilə növbəti müzakirələrin aparılması idi. Amma HƏMAS bu məsələdə razılaşmayıb, təxminən 33 əsirin qaytarılmasını müzakirə edəcəyini bildirməklə mayın 5-də danışıqları dalana dirəmişdi. İsraildə isə həmin əsirlərin bir çoxunun artıq həyatda olması ilə bağlı şübhələr artıb. Belə bir gedişatda danışıqların son günü, mayın 5-də HƏMAS-ın hərbiləşdirilmış qollarından biri Rəfah ətrafından İsrailə raket atəşi açmışdı. May ayının 6-da isə İsrail Rəfahda quru əməliyyatlarına başlayıb. Düşünürəm ki, hazırkı durumda təklif olunan sülhməramlıların regionda yerlişdirilməsi mümkün olmayacaq. Buna ilk növbədə İsrail razı olmayacaq. Çünki hazırda əsas hədəf Qəzzanı tam nəzarətə götürmək və HƏMAS-ı oradan çıxartmaqdır ki, buna da quru əməliyyatları vasitəsilə nail olacağına inanır. Sonrakı mərhələdə Qəzzanın hansı şəkildə idarə olunması məsələsi ortalığa çıxacağı halda çox güman ki, orada öz nəzarətini saxlamaqla bölgəni Mahmud Abbasın Fələstin Administarsiyası ilə birgə idarə etməsi müzakirə olunacaq. Bir müddət öncə belə bir perspektivin ola biləcəyi ilə bağlı İsrail rəsmiləri bildiriblər. Amma hələ ki HƏMAS təhlükəsi ortada var ikən gedişatda yumşalma olmayacaq. HƏMAS isə məcbur qalmayana qədər çətin ki, Qəzzadan çıxsın”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR