İnsanlara hürriyət, millətlərə istiqlal!

Dejavu

9545 24.02.2017 08:25 Yazarlar A A

Yaxud təkrar repressiyanın atasıdır?

İslam Həmrəyliyi Oyunlarına hazırlıq bütün şiddətiylə davam edir. Masallıda bölgənin nüfuzlu din xadimlərindən Sərdar Hacıhəsənlini zindana salıblar. İttiham maddələri isə çox gülməlidir: hökumət onu xaricdə təhsil alaraq burda dini moizələr oxumaqda suçlayır.
Açığı, mən hələ bu maddə qanuna salınanda bunun necə karikatur olmasını izah etmişdim, yenə yazım. Məsələ ondadır ki, islam dini bizə qıraqdan, Ərəbistandan gəlibdir və bunun elmi-dini mərkəzlərinin çoxu xaricdədir.

İranda, Misirdə, başqa ərəb ölkələrində. İndi sən bunu xaricdə öyrənib gəlib burda camaata öyrətməyi nə cür qadağan edirsən? Elə bil Parisdə oxuyub gələn adama inqilab elmini tədris etməyi qadağan buyurursan. Yaxud Moskvada oxumuş adama Dostoyevskinin tədrisinə icazə vermirsən. Xoşun gəlmir, vəziyyətə nəzarət etmək çətindirsə, kökdən qadağa elə, camaat da işini bilsin. Yoxsa bunlar hamısı artistizmdir. Oyunbazlıqdır.


İşin başqa karikaturası odur ki, həmin bu din xadimi Hacıhəsənli İranda oxuyub, ancaq ora oxumağa hələ SSRİ vaxtında gedibdir. Belə çıxır, qanun geriyə hökmlüdür. Eyni zamanda elə o SSRİ vaxtı Orta Asiyada oxumuş Allahşükür bəyin dini idarəyə rəhbər qalması absurd alınır.


Bu mənada adını çəkdiyimiz sovet hökuməti bəlkə daha səmimi idi - özü din xadimini oxudurdu, poqonunu verirdi, konspektini yazırdı, məsələ köklü həll olunurdu. Yoxsa indiki siyasətin bir adı vardır: “Göstərirəm, amma vermirəm”. Qal yana-yana. Ya da “bax, bax, həsrət qalacaqsan”.


Sovet dedim yadıma düşdü, son vaxtlar geriyə qayıdışda böyük addımlar atırıq. Yəqin yaşlı adamlar yaxşı xatırlayır, o zamanlar insanlar istənilən iş, təhsil, partiyaya girmək və sairə üçün müraciət edəndə tərcümeyi-hal yazmalıydılar, orda isə bir məsələ mütləq dəqiq göstərilməliydi: “Xaricdə hər hansı qohumunuz varmı, yoxmu?” SSRİ özünə dəmirdən qılaf qurub içində gizlənmiş axmaq və qorxaq bir sistem idi, o üzdən vətəndaşlarının xaricdəki qohumları vasitəsilə casus olacağından qorxurdu.


İndi azərbaycanlılar eyni halı yaşayırlar. Kimsə xaricdə hökuməti tənqid edirsə, onun burdakı qohumlarını tutub zindana salırlar, işdən çıxardırlar, nəticədə adamlar qohumlarından imtina ərizəsi yazır. Bir növ nostalji yaşayırıq, uşaqlığımıza dönmüşük, buna görə hökumətə dərindən minnətdarıq. Siyavuş müəllimi 12 apreldə “Azərsat” peykinə mindirib kosmosa uçurtsaq komplekt lap tamamlanardı, deyərdik bu da milli Qaqarindir.


Yaxud bəzi adamları tutmurlar, idarəyə çağırıb profilaktik söhbət aparırlar, deyirlər özünü yığışdır, gələn dəfə burdan çıxmaya bilərsən. Şəxsi təcrübəmizdən deyə bilərik ki, bu üsulun da xeyli müsbət tərəfləri və nəticələri vardır. Bəs bu metod necə yaranıb? Yazım, bilin: hüquq-mühafizə orqanlarında profilaktik tədbirləri ilk dəfə Xruşşov tətbiq eləyibdir. Stalinin ölümündən sonra, 1950-ci illərin ikinci yarısında. Stalin xoşu gəlməyən adamları birbaşa ya Sibirə, ya qəbirə yollayırdı, Xruşşov isə guya demokrat idi, “yumşalma”-zad prosesi yaratmışdı, o üzdən repressiyanın kəmiyyət və keyfiyyətini xeyli dərəcədə dəyişmişdi. Təbii ki, Xruşşovun bu yumşaqvari repressiyasının effektinə Stalinin başkəsən üsulları kömək olmuşdu. Adamlar gözü çıxan qardaşlarını yada salıb profilaktik söhbətlərə çox məmnuniyyətlə razılaşırdılar.


Profilaktik repressiya ilə yanaşı real repressiya - həbslər də davam edirdi, ancaq əvvəlki tempdən dəfələrlə az miqyasda. Təcrübə göstərmişdi ki, profilaktika birbaşa repressiyadan daha səmərəli olur. O üzdən, profilaktikanı Xruşşovu aşırdandan sonra Brejnev yoldaş da qüvvədə saxladı.


Dünən 23 fevral - sovet ordusunun yaranması münasibətilə bəzi adamların bir-birini təbrik eləməsini də gördüm, fikirləşdim ki, əslində bizdə sovet hökuməti heç dağılmayıbdır. Həmin kadrlar paltarlarını, maşınlarını, bayraqlarını dəyişib yenə bizi fırladırlar.
Bəs camaat niyə “Allah Qorbaçovun evini yıxsın, gül kimi Şura hökumətini dağıtdı” deyir? Anlamaq olmur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR