İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diasporu Paşinyan hökumətinə qarşı: Milli Komitə bəyanat verdi

890 01.05.2024 12:21 Siyasət A A

 Böyük Britaniyanın Erməni Milli Komitəsi (ANC UK) bəyanat yayıb.

Musavat.com xəbər verir ki, bəyanatda Ermənistanın indiki hakimiyyəti sərt şəkildə tənqid edilir. İddia olunur ki, Nikol Paşinyan hökumətinin siyasəti nəticəsində dövlətçilik itirilmək ərəfəsindədir.  Ermənistanın hazırkı hökumətinin həyata keçirdiyi, Ermənistanın milli maraqlarına xidmət etməyən və Ermənistanın gələcək təhlükəsizliyini təhlükə altına salan Azərbaycana tabeçilik siyasətindən narahatlığını və razı olmadığını bildirir. ANC UK-nin bəyanatında deyilir ki, bu, əslində etnik təmizləməyə və “Artsax” Respublikasının dağılmasına səbəb olan eyni siyasətin davamıdır. Bu, Paşinyan hökumətinə qarşı açıqlama ilə çıxış edən ilk diaspor təşkilatı deyil. Onların Ermənistandakı uzantıları da küçə aksiyalarına, küçə “rıçaqları”nın Paşinyana qarşı işləməsinə rəvac veriblər. Belə bir vəziyyət Paşinyan üçün necə nəticələnə bilər? Qərbdəki və Rusiyadakı erməni diasporalarının Paşiyana qarşı qalxması onun iqtidarını çökdürə və siyasətini dəyişməyə vadar edə bilərmi?

b593dc649c481db0850271634201ddcc.jpg (48 KB)

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a açıqlamasında bildirdi ki, Paşinyan addımlarını Ermənistanı sabit dövlətə çevirmək məqsədi ilə atır:

“Paşinyan ağır vəziyyətdədir, ənənəvi stereotipləri sındırmağa çalışır. Bunu həqiqətən Ermənistan üçün, yaxud hansısa qrupların sifarişini yerinə yetirdiyi üçün etməsi məlum deyil, lakin görünən odur ki, Paşinyan Ermənistan cəmiyyətini ağır xəstəliyə düçar edən, ermənilərin özünə uyğun gəlməyən, onların maraqlarına cavab verməyən tezislərdən xilas etməyə çalışır. Ermənistanın ərazisini möhkəmləndirməyə, təsdiq etməyə cəhd edir. Ərazi məsələsi ilə Azərbaycan və Türkiyə ilə razılaşmağa çalışır. Tarixdə Ermənistan dövləti mövcud olmayıb. Hər zaman başqalarının əlində oyuncaq olub. İndi isə Paşinyan Ermənistanı dövlətə çevirmək istəyir. Bu da bir çoxunun planına uyğun gəlmir. Həmişə Ermənistandan, ermənilərdən alət kimi istifadə edən erməni kilsəsi, erməni diaspor təşkilatları proseslərdə iştirakçı olublar, sifarişləri yerinə yetiriblər. İndiki şəraitdə müəyyən dövlətlərə,  xarici mərkəzlərə Cənubi Qafqazda sabitliyin yaranması, Ermənistanın sabit mühitdə mövcudluğunu davam etdirməsi sərf etmir. Buna görə də müxtəlif diaspor təşkilatları hücuma keçiblər, aksiyalar təşkil etməyə, sabitliyi pozmağa, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar”.

A.Nağının fikrincə, Paşinyan gücünü düzgün hesablaya bilər: “Paşinyan Ermənistan cəmiyyətinin əhval-ruhiyyəsini düzgün müəyyənləşdirə bilib. Cəmiyyət isə müharibə istəmir. Ermənistandan kənarda, hətta Rusiyada yaşayan ermənilər Paşinyanın iddialarını müdafiə etmirlər. Paşinyan özünə Ermənistan cəmiyyətinin daxilində sosial baza yarada bilib. Xaricdən gələn ismarışlar daxildə dəstəklənmir. Kəndlərin qaytarılması ilə bağlı etiraz aksiyalarında kütləvilik müşahidə olunmadı. 30-40 nəfərlə yol bağlayırlar. Böyük ehtimalla Paşinyan xaricdən gələn təzyiqlərin qarşısında dayana biləcək. Əgər sui-qəsd, yaxud terrora məruz qalmasa, öldürülməsə, normal mübarizə şəraitində Paşinyan mövqeyini qoruyub saxlayacaq”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR