İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni keşişlərin radikal müxalifətçiliyi – Paşinyan onları tezliklə ram etməsə...

816 30.04.2024 15:17 Siyasət A A

Dini missiyadan, humanizmdən çox, xalqlar arasında nifaq salmağa, özəlliklə Türkə nifrəti körükləməyə vərdiş eləmiş, Allahın fitrətinə zidd bu kimi digər allahsızlıqlar və pozucu əməllərlə ad çıxarmış erməni katolikosluğu öz ənənəvi ampluasındadır. 44 günlük savaşdan sonra daha da azğınlaşıb faktiki revanşizmin əsas ruporuna çevrilən, İncildən, dindən-imandan bixəbər terrorçu mahiyyətli erməni kilsəsi iki qonşu xalq arasında barışığın ən qatı düşmənidir yazsaq, zərrəcə yanlış etmərik.

Təsadüfi deyil ki, tarix boyu geyimi ilə əməli tərs mütənasib olan katolikosluq şərti sərhəddəki son olaylar zamanı yetərli ictimai dəstəyi olmayan müxalifətin zəifliyini fürsət bilib də “boşluğu” doldurmağa can atır, real müxalifət kimi “parlamaq” istəyir. Erməni kilsəsi din çuxası altında beləcə, siyasətə girişib – özü də heç bir oyun qaydası hərləmədən, mənəvi dəyər-zad gözləmədən, iyrənc bir siyasətə...

Erməni keşişlərin Qazaxın qaytarılmalı olan 4 kəndi daxil, ölkə boyu xeyli fəallaşması, Paşinyan hökumətini hətta silahla, terrorla hədələməsi bu qənaətə şübhə saxlamır. Bir daha aydın olur ki, Azərbaycanla sülh müqaviləsinə ən böyük əngəli erməni lobbisi yox, revanşist-faşist xislətli erməni “din xadimləri” yaradacaqlar.

Çünki artıq dəqiqidir ki, Ermənistan konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları haqda bəndlər çıxarılsa belə, üfunət mənbəyi katolikosluq “miatsum” virusundan, “böyük ermənistan” mərəzindən, saxta “soyqırım” iddiasından qurtulmağa hazırlaşmır və bu virus-mikroblar yeni nəsillərə “yoluxdurmağa” davam edəcək.

Odur ki, Nikol Paşinyan XXI əsrdə də “mifik Ermənistan”la əlləşənlərin, yəni yeni müharibəyə, qana çağıranların, o sırada xüsusən erməni keşişlərinin əl-ayağını nə qədər tez yığsa, konstitusiyadan erməni kilsəsinə xüsusi imtiyaz tanıyan maddəni nə qədər tez çıxarsa, bir o qədər nəinki öz hakimiyyəti və kövrək sülh prosesi üçün yaxşı olar, eyni zamanda, dünya siyasi xəritəsində Ermənistan adında dövlətinin qalma şansını artırar...

Deyəsən, erməni xalqına ən böyük təhlükənin haradan gəldiyini kapitulyant ölkənin özündə, az-çox praqmatik siyasi kəsimdə də fərq etməyə başlayıblar.

Məsələn, Ermənistan Xristian Demokrat Partiyasının vitse-prezidenti Hayk Sukiasyana görə, bu günlərdə etiraz aksiyaları keçirənlərin əksəriyyətinin gündəmi erməni dövlətçiliyini dağıtmaqdan ibarətdir. “Hətta kilsə başçıları da Ermənistanın süqutuna xeyir-dua vermək üçün ümumi xora qoşulublar. Amma onların bizim xalqa heç bir dəxli yoxdur. Onlar bizdən deyil. Bəli, etnik mənsubiyyətlərinə görə ermənidirlər. Soyadları erməni, nənələri ermənidir, amma milliyyətcə rusdurlar. Onlar təəccüblənirlər ki, necə olur biz hər şeyi edirik, amma xalq bizə qoşulmur. Xalq əcnəbiyə niyə qoşulmalıdır?” – Sukiasyan ironik sual edib.

Erməni siyasətçi ardınca təklif edir ki, Milli Təhlükəsizlik Xidməti həmin aksiyalara qoşulan ruhanilərin kimliyini və nə işlə məşğul olduqlarını araşdırsın: “Biz onların kim olduğunu bilirik, Rusiyadan – Patriarx Kirildən Ermənistanı necə böhrana salmaq barədə məktublar alırlar. Axı bizim katolikos Kirilin müavinidir, təlimat oradan gəlməlidir. Ruhanilərin bu “sxodkası” yəqin ki, masaya sülhü qoyub, Ermənistanın “azadlığı” üçün bir də içəcək. Əgər eyni şey tutaq ki, Almaniyada yaşansaydı, onlar çoxdan həbs düşərgəsinə göndərilərdilər. Orada dövləti laxlatmağa imkan verməzdilər, elə deyilmi?”

Erməni siyasətçi daha sonra xatırladır ki, kilsənin bir çox funksiyası var, lakin onların arasında siyasətlə məşğul olmaq yoxdur: “Bu adamların kim olduğu aydındır. O da aydındır ki, rus xüsusi xidmət orqanları bizim kilsəni işğal edib. Paşinyan hakimiyyətdən tələbim var: kilsə xalqımıza qayıtmalıdır. Onlar öz agentləri şəbəkəsi ilə xalqla kilsə arasında bağları qırırlar. Bu, erməni toplumunun bizə heç bir aidiyyəti olmayan əbədi ruhi xəstə hissəsidir”.

Necə deyərlər, əlavə şərhə ehtiyac qalmır...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR