İnsanlara hürriyət, millətlərə istiqlal!

Kilsələrin siyasətdə rolu -II Qareginin təxribat ssenarisi...

1191 09.05.2024 10:07 Gündəm A A

Erməni kilsəsi tarixən oynadığı iblis rolunu yenə davam etdirir və bununla göstərir ki, onların gözü qandan doymur; Paşinyan açıq şəkildə katolikosu ittiham etdi - təhlil

Xristian dünyasında kilsələrin siyasətdə rolu danılmazdır. Əslində bütün dünyada belə bir yazılmış və yazılmamış qaydalar var ki, din siyasətdən, dövlətdən ayrı olmalıdır. Buna görə bəzi güc mərkəzləri müsəlman dünyasına müəyyən tənqidlər də səsləndirirlər. 

Ancaq fakt bundan ibarətdir ki, xristian dünyasında kilsələr siyasətdə, dövləti proseslərdə ciddi rol alır, müdaxilə edir və hətta təxribatlar da yaradırlar. Vatikan burada xüsusi rol oynayır. Biz hazırda belə bir prosesin Ermənistanda getdiyini görürük. Özü də bu müdaxilə bütövlükdə Cənubi Qafqazda sabitliyi pozmağa yönəlib. Ermənistanın baş naziri Nikol Paşinyan özü etiraf edib ki, bütün Ermənilərin Katolikosu II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Köçəryandır: “Erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır. Hələ 2021-ci ildə Robert Köçəryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib".

II Qareginin xaricdən idarə edildiyi ehtimalı da var. Bu fitnəkarlığa dünyanın nüfuzlu din mərkəzləri niyə susur? Kilsənin təxribatçı müdaxiləsini necə dayandırmaq olar? Ümumiyyətlə, erməni kilsəsi tarixən oynadığı iblis rolunu davam etdirir. Qarabağdan qaçmış “Qarabağ yeparxiyasının rəhbəri”, yepiskop Vrtanes Abramyan Qazağın işğal altındakı kəndləri ətrafında keçirilən aksiyalara qoşulub. Göründüyü kimi, erməni kilsəsinin gözü qandan doymur və öz çirkin niyyətləri naminə yenə minlərlə ermənini qırğına verməyə hazırdır. Kilsə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsindən az sonra - 1875-1880-ci illərdən başlayaraq, haylar arasında türklərə və azərbaycanlılara qarşı nifrət hissi aşılamağa, etnik və dini zəmində ədavət salmağa, düşmənçilik toxumu səpməyə başlayıb. Din xadimi adlanan həmin şəxslərin fəaliyyəti tezliklə öz “bəhrəsi”ni verib. Aparılan kütləvi təbliğat, erməni xalqının “beyin yuma əməliyyatına” məruz qoyulması, onlarda psixoz vəziyyətinin yaradılması “Daşnaksütyun”, “Hnçak” kimi partiyaların təşkilinə gətirib çıxarıb.

Erməni kilsəsi yenə iş başındadır. 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında delimitasiya sahəsində uğurlu nəticənin əldə olunması, ardınca demarkasiya prosesinin başlanması kilsənin iqamətgahında - Eçmiədzində əyləşənlərin, o cümlədən bütün ermənilərin katolikosu II Qareginin, necə deyərlər, “kürkünə birə salıb”. Ümumiyyətlə, kilsənin xüsusi konstitusion statusu ləğv edilməlidir. Hayastan konstitusiyasının 18.1-ci maddəsində erməni apostol kilsəsinin milli kilsə kimi “erməni xalqının mənəvi həyatında, onun milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunub saxlanılmasında müstəsna missiyası” təsbit edilib. Halbuki konstitusiyaya görə, Ermənistan dünyəvi dövlətdir. Həmin maddə isə demokratiklik və dünyəvilik prinsiplərinə ziddir.

Fərhad Məmmədov: “Bu gün çox vacib məsələlərin nöqtəsi qoyulacaq”

Fərhad Məmmədov

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədovun sözlərinə görə, Rusiya və Erməni Apostol Kilsəsinin yeparxiyasının başçısı Mkrtiç Qriqoryeviç Nersisyanla (adı Yezras Nersisyan kimi də qeyd olunur - red.) ermənilərin katolikosu II Qaregin qardaşdır: “Etiraz aksiyalarında əsasən Rusiyada yaşayan ermənilər və Ermənistanda yaşayan rusmeyilli qüvvələr fəallıq göstərir. Onlar hansısa formada prosesin dayandırılmasını istəyirlər. 9 mayda yürüş İrəvana çatmalı və orada yekun mitinq keçirilməlidir. Yalnız oradakı aksiyanın yekununu gördükdən sonra etirazların davamlılığı və erməni cəmiyyətində Paşinyana qarşı güclü müqavimətin olub-olmadığı haqqında müəyyən fikir söyləmək mümkündür. Əgər bu baş verməsə, Paşinyan indiyədək göstərdiyi siyasi iradəni davam etdirəcək”.

Elxan Şahinoğlu: "Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab  verməlidir"

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlu hesab edir ki, sülh sazişinə qədər Nikol Paşinyan erməni radikalları və kilsə ilə mübarizəsini davam etdirməlidir: “Aydındır ki, Nikol Paşinyan iki qonşusu ilə sülhə nail olarsa belə, daşnaklar, Qarabağ klanının üzvləri, separatçılar və keşişlər Azərbaycana və Türk dünyasına qarşı düşmənçilikdən əl çəkməyəcəklər. Önəmli olan erməni cəmiyyətinin əksər hissəsinin Nikol Paşinyanın siyasətini dəstəyi davam etdirməsidir. Sülhdən sonra Ermənistanın Azərbaycanın və Türkiyənin iştirakçısı olduğu regional layihələrə qatılması bu ölkəni antitürk mərkəzlərdən daha da uzaqlaşmasına şərait yaradacaq”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanda kilsənin Paşinyana qarşı sərhədlərin delimitasiya və demarkasiyasından istifadə edərək etiraz aksiyalarını davam etdirməsinə baxmayaraq, xalqın dəstəyini ala bilmir: “Azərbaycana geri verilən dörd kəndlə bağlı bu kimi etirazlara Qərb etirazları dəstəkləmir. Revanşist keşiş Baqrat Qalstyanın Tavuşdan başlatdığı etiraz yürüşü İrəvanda hakimiyyət əleyhinə ümummilli mitinq elan etməsinə hesablanıb. Ermənistan müxalifəti xalqın dəstəyini ala bilmədiyindən kilsəyə dəstək verir. Kilsənin bu etirazına xalqın dəstək verməsi gözlənilmir. Çünki xalq növbəti müharibədə maraqlı deyil”. 

Ekspertin fikrincə, bir qrup keşiş revanşistlərin ortaya çıxması Paşinyanın əlini gücləndirir: “Hakimiyyət kilsənin etirazına ona görə ciddi müdaxilə etmir ki, xalqın kilsəyə dəstək vermədiyi ortaya çıxsın. Hesab edilirdi ki, müxalifətə dəstək verməyən xalq kilsənin siyasi etirazlarına dəstək verəcək. Amma belə bir kütləvilik yoxdur. Bundan sonra Paşinyan kilsənin xalq dəstəyinə malik olmadığını nümayiş etdirərək onlara qarşı ciddi təzyiqləri artıracaq. Mayın 9-na təyin edilən mitinq kilsə və revanşistlərin fiasko mitinqi olacaq. Qeyd edim ki, Ermənistanın katalikosu 2-ci Qaregin prosesləri idarə edir və Paşinyanı devirməyi hədəfləyib. Baş verənlər Azərbaycanla delimitasiya və demarkasiya prosesinə təsir etməyəcək. Ermənistanda müəyyən nüfuza malik kilsədə öz təsir gücünü itirəcək. Bundan sonra Paşinyanın islahatlarının qarşısında güc olmayacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR