İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron çarəsiz qaldı: fransız səfir Bakıya qayıtdı

1081 01.05.2024 08:25 Gündəm A A

Fransa ilə Azərbaycan arasında gərginləşən münasibətlər fonunda məsləhətləşmələr üçün geri çağırılmış Ann Buayon Azərbaycandadır; Parisin addımı guya diplomatik qisas idi, o da fiaskoya uğradı...

Fransa səfiri Azərbaycana qayıdıb. APA-nın əldə etdiyi məlumata görə, Ann Buayon Bakıda diplomatik fəaliyyətini davam etdirir. “Yeni Müsavat” xatırladır ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda aprelin 16-da məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa prezidenti Emmanuel Makron qəbul edib. Amma bu məlumatdan məlum olur ki, səfir geri qayıdıb və bu da Yelisey-Bakı münasibətlərində yaranmış gərginliyin azaldılmasına yönəlik addım kimi qiymətləndirilir. Görünür, Makron administrasiyası Cənubi Qafqazda yaranan yeni reallıqları qəbul etmək məcburiyyətində qalıb. Xüsusən də Ermənistanla Azərbaycanın ilk dəfə sərhədləri dəqiqləşdirməyə başlaması, dirəklər basdırılması, Qazağın anklav olmayan kəndlərinin bir güllə atılmadan qaytarılması rəsmi Parisdə diqqətlə təqib olunub.

Baxmayaraq ki, Aİ, ABŞ, AŞ bu anlaşmaları alqışladığı halda Fransa susdu, lakin yenə də səfirin geri dönməsi qərarını verməklə Makron bir addım atmış oldu. Hərçənd dünənə qədər Fransa Azərbaycanı Ermənistana hücuma hazırlaşmaqda ittiham edirdi, amma qansız-qadasız işğal edilmiş kəndlər təhvil verildi. Paris təkcə ittihamlar səsləndirmir, həm də Ermənistanı silahlandırır, amma bütün bunlarla yanaşı, Bakı-İrəvan arasında danışıqlar prosesi getdiyini də müşahidə etməkdədir. O baxımdan fransız səfirin geri çağırılması uğursuz təzyiq cəhdi idi. Eyni zamanda Fransa kəşfiyyatının (Martin Rayanın həbsi - E.S.) buradakı agenturasının ifşası sübut etdi ki, Makron yalnız Ermənistana hamilik etməklə əleyhimizə iş aparmır, həm də casus şəbəkəsini aktivləşdiribmiş. 

Ekspertlər isə bu qənaətdədir ki, səfirin Azərbaycana dönməsi ilə münasibətlər heç də birdəfəlik hamar olmayacaq. Onların təhlilinə görə, Paris-Bakı əlaqələri ziqzaqdan ibarətdir və nə qədər ki Makron Yeliseydədir, bu siyasətdə köklü dəyişiklik gözlənilmir. Təbii ki, Makronun ermənipərəst siyasətində Rusiya amili də az deyil. Afrikadakı mövqelərini Rusiyaya uduzan Fransa bunun heyfini Kremlin Cənubi Qafqazdakı vassalı olan Ermənistanı ondan qoparmaqla çıxmağa çalışır. Təəssüf ki, bu strateji rəqabətin bir tərəfi də Azərbaycanla münasibətlərə təsir edir. Geridə qalan müddətdə Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamələrin qəbuluna nail ola bilmədi, regionda agentura şəbəkəsinin ifşa dalğası ilə üzləşdi, ambisiyaları üçün Azərbaycanla əməkdaşlığa önəm verən NATO-dan dəstək ala bilmədi, Ermənistanı əhəmiyyətli dərəcədə silahlandıra da bilmədi və İrəvan postmüharibə reallıqlarında Bakının qarşısında getdikcə aciz duruma düşdü. Bunlardan sonra Fransa səfirinin geri çağırılması Parisin aləmində guya diplomatik qisas idi ki, o da fiaskoya uğradı...

Aydın Mirzəzadə: Ermənilər özlərinin uydurduqları və həyata keçirdikləri  Sumqayıt hadisələrini faciə kimi qələmə verməyə çalışırlar - AZƏRTAC

 Aydın Mirzəzadə 

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Fransanın səfirini geri çağırması kökündən səhv addım idi. Millət vəkili Azərbaycanla Fransanın düşmən olmadıqlarını qeyd etməklə söylədi ki, biz milli maraqlarımıza uyğun addımlar atırıq və rəsmi Paris də buna hörmət etməli, qəbullanmalıdır: “Onlar səfiri geri çağırmaqla düşünürdülər ki, Azərbaycana təzyiq göstərəcəklər və digər dövlətlər də analoji addımlar atacaq. Amma belə olmadı və yanıldılar. Bu gün Azərbaycan problemlərini beynəlxalq hüquq normaları çərçivəsində həll edir, bunu beynəlxalq ictimaiyyət də görür. Əfsus ki, Fransa Ermənistandan daha çox ermənipərəst olmağa çalışır”. 

A.Mirzəzadənin fikrincə, bütün bu səylərinə baxmayaraq, Fransa heç bir divident qazanmadı: “Hətta Fransanın qovulduğu Afrika qitəsindən olan ölkələr Azərbaycanla əməkdaşlığa can atırlar. Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə zəngi rəsmi Bakının atdığı addımların düzgünlüyünü göstərdi. Ona görə də Fransa səfirinin geri qayıtması zərərin yarısından geri qayıtmaqdır”. 

Deputat hesab edir ki, ikitərəfli əlaqələrdə problemli görünən məsələləri diplomatik yolla həll etmək mümkündür və Fransa kimi qədim tarixə malik olan dövlət Azərbaycanla münasibətləri normal qurmalıdır. A.Mirzəzadə həmçinin əlavə etdi ki, bu ölkə Azərbaycanın daxili işlərinə qarışmamalı, başqa dövlətləri də bizə qarşı aqressivliyə çağırmamalıdır: “Hesab edirəm ki, hər iki ölkə bu münasibətlərin normallaşması ilə bağlı danışıqlar nəticəsində dil tapa bilər. Sadəcə, Makron administrasiyası Fransa tarixində səhv addımlar atır”. 

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə qeyd etdi ki, Blinkenin zəngi, daha əvvəl Avropa İttifaqının və ABŞ-ın 4 kənd razılaşmasını təqdir etmələri Fransa üçün dərs oldu: “Makron Azərbaycana qarşı sanksiyalara nail ola bilmədi. O, çox çalışdı ki, BMT-də ağır bir sənəd qəbul olunsun. Hətta beynəlxalq ictimai rəydə təsəvvür formalaşdırırdı ki, guya Azərbaycan Ordusu Ermənistan ərazilərinə hücum edəcək, yaşayış məntəqələrinə artilleriyadan zərbələr endiriləcək. Bu planları suya düşdü və indi görür ki, tərəflər konstruktiv danışıqlar aparırlar. Ona görə də səfirin Bakıya dönüşü göstərdi ki, Fransa Azərbaycanla diplomatik əlaqələri kəsmək fikrində deyil”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR