İnsanlara hürriyət, millətlərə istiqlal!

Mayda qış havası bizə nə vəd edir? - Ekspert açıqladı

5833 07.05.2024 19:33 Ölkə A A

Hazırda Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda qar yağıb. May ayında bu cür hava şəraitinin olması insanların narahatlığına səbəb olub.

Ekoloq Qorxmaz İbrahimli Publika.az-a qlobal iqlim dəyişikliyinin qeyri-sabit hava şəraitindəki rolunu izah edib:

“İllərin fəsilləri hər zaman olduğu kimi təkrarlanmır. Ötən il və ya ondan əvvəlki il eyni dövrdə olan orta aylıq hərarət, yağıntı bu il daha fərqli ola bilər. Bu, normal əlamətdir. Lakin indi xüsusən iqlim dəyişiklikləri ilə bağlı insanların beynində yaradılan qorxu fonunda daha da narahat olmağa başlayırıq. İqlim dəyişikliyinin yavaşlaması və ya ən azından müəyyən arealda normallaşması üçün hərəkətə keçmək əvəzinə həyəcanlanmaq bizə bir fayda verməz”.

Ekoloq qeyd edib ki, hazırda baş verən təbiət hadisələri əslində gözləniləndir:

“Aprel ayının həddən çox isti keçməsi bu cür yağmurlu, anomal hava şəraitinin yaranacağından xəbər verirdi. Bəzi ərazilərimizdə dolu yağması da Aprel ayının anomal istisinin sonucudur. Eyni zamanda, Avropa və Aralıq dənizi hövzəsinə daxil olmuş soyuq və yağıntılı hava kütlələri də ölkəmizə gəlib çatıb. Yerləşdiyimiz mülayim subtropik qurşaqda çox da ciddi bir təbii fəlakət halı baş vermir. Əlbəttə, baş verən təbiət hadisələrində qlobal iqlim dəyişikliklərinin də payı var. Bu, xüsusilə fəsillərin başlanğıcında və sonunda özünü göstərir”.

Qorxmaz İbrahimli tövsiyə edir ki, panikaya qapılmamaq, mövcud hava şəraitinə uyğun geyinmək və qidalanmaq, nikbin ruhda yaşamaq lazımdır. Ekspert yaxında havaların yenidən isinəcəyini bildirib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraiti mayın 9-dək davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR