İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbli yarmarkasında köhnə formalar da satılır - Əməkdaşımız səbəbini araşdırıb

1842 23.08.2023 08:00 Reportaj A A

Təhsil eksperti: “Ümumi forma yaxşıdır, amma tələb etmək ki, köhnəni at, yenisini geyin, bu, doğru deyil...”

Yeni dərs ilinin başlamasına 3 həftə qaldı. Valideynlər indidən məktəbli forması məsələsini həll etməyə çalışırlar. Məlum olduğu kimi, ötən illərlə müqayisədə bu il məktəbli formaları ilə bağlı dəyişikliklər var ki, bu da bəzi valideynlərdə çaşqınlıq yaradıb.

Qeyd edək ki, sentyabrın 15-dən orta məktəblərdə yeni məktəbli formasının tətbiqi gerçəkləşəcək. "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında" qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur və valideynlər övladlarının təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilər.

Bakıda məktəbli formasının istehsalı ilə məşğul olan Bakı Tikiş Evindən (BTE) “Yeni Müsavat”a açıqlamada bildirilirdi ki, yeni tədris ili üçün 300 min məktəbli forması istehsal olunacaq. Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.

Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.

Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.

Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.

Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.

Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.

Təhsilalanların geyimi qış və yay formalarından ibarətdir (rənglər dəyişə bilər).

Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb. Qiymətlərə gəldikdə, həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manat, şalvar və ətəklərin qiyməti isə 25 manatdır. Bununla belə, valideynlər bir sıra mağazalarda daha ucuz qiymətə məktəbli formalarının satıldığını deyir.

Bəs məktəbli forması bazarında canlanma varmı?

“Yeni Müsavat”ın əməkdaşı olaraq “Həzi Aslanov” metrostansiyasının yanında məktəbli formalarının satıldığı bir neçə mağazaya baş çəkdik. Mağazalarda çox az sayda alıcının olduğunun şahidi olduq. Satıcılar bildirdi ki, isti hava şəraiti ilə əlaqədar olaraq əksər ailələr hazırda istirahətdədir və buna görə də hələlik bazarda canlanma yoxdur: “Hələ bəzi məktəblər hansı geyimin olacağı ilə bağlı valideynlərə bildiriş göndərməyiblər, ona görə də bəzi valideynlər hələlik geyim almaqda tələsmir”.

Geyimlərin qiymətinə gəldikdə baş çəkdiyimiz mağazalarda tamamilə fərqli qiymətlərlə rastlaşdıq. Məsələn, mağazanın birində köynəklər 15 manat, şalvar və ətəklər 22 manat olduğu halda, digər qonşu mağazada köynəklər endirimlə 35 manata, ətək və şalvarlar isə 45 manata satılırdı. Qiymət fərqini soruşduqda, satıcı bunu parçanın keyfiyyətli materialdan olması ilə əlaqələndirdi: “İmkanlı valideynlər keyfiyyətli məhsul almağa çalışır, imkansızlar isə məcburiyyətdən keyfiyyətsiz də olsa ucuz məhsul alır. Seçim valideynlərindir, hər halda keyfiyyətli məhsulun ömrü uzun olur, bunu da valideynlər bilir”.

Alıcılara gəldikdə isə, valideynlər qiymətlərdən narazı olduqlarını bildirdilər. “Ötən il uşağa ağ köynəyi 12 manata almışdıq, amma indi köynək 15 manatdır. Üstəlik, Bakı Tikiş Evinin istehsal etdiyi məhsullar heç də keyfiyyətli deyil. Heç olmasa, baha qiymətə olduğu kimi, keyfiyyəti də bahalı olardı. Builki geyimlərin dizaynı da xoşuma gəlmir. Məncə, ağ köynək, qara şalvar, ətək daha estetik, gözəl idi, nəinki indiki formalar. Ümumilikdə həm keyfiyyətdən, həm də qiymətlərdən narazıyam”.

Digər alıcı da qeyd edir ki, yeni tədris ilində bir övladı birinci, digəri isə dördüncü sinfə gedəcək: “Təsəvvür edin, hər iki uşağa ayrıca iki köynək almalıyam, bu da ümumilikdə 60 manat edir. Ətək və şalvarların da qiyməti keyfiyyətinə görə bahadır. Oğluma ötən il yeni şalvar almışdım, əvvəl düşünürdüm ki, onu bu il də geyindirə biləcəm. Amma məlum oldu ki, qara rəngli şalvara icazə olmayacaq. Əvvəllər valideynlər imkan olmadıqda uşaqlarına köhnə paltarlarını geyindirib, onları dərsə yola sala bilirdi, amma bu il həmin imkansız valideynlər çətinlik çəkəcək”.

Qeyd edək ki, mağazalarda olduğumuz müddətdə çox sayda köhnə, ağ-qara rəngli məktəbli formalarının da satıldığına şahid olduq. Üstəlik, həmin formaların qiymətləri də qismən münasib idi. Ağ köynək 15 manat, qara ətək 22 manat. Daha keyfiyyətli ağ köynək 22 manat, şalvar və ya ətək 32 manat.

“Ağ-qara rəngli məktəbli formalarını da alan varmı” sualımıza satıcı bu cür cavab verdi: “Bəli, alan var. Ağ köynək, qara ətək və ya şalvar alan alıcılara endirim də edirik. Valideynlərin dediyinə görə, yuxarı siniflərə ağ-qara məktəbli formasını geyinməyə icazə veriləcək, amma aşağı siniflərə icazə yoxdur”.

Digər mağazada isə satıcı bildirdi ki, ağ-qara rəngli köhnə məktəbli formalarını Rusiyadan gələn və yaxud övladı rus bölümündə oxuyan valideynlər alır: “Kifayət qədər ağ-qara rəngli məktəbli formalarımız var. Doğrudur, valideynlər əsasən yeni formalar alır, amma ağ-qara rəngli formaları da alan az deyil. Bu alıcılar əsasən Rusiyadan gələn və yaxud övladı rus bölümündə təhsil alan valideynlərdir. Yəqin ki, məktəblə razılaşıblar ki, bu formalara üstünlük verirlər”.

Belə çıxır, şagirdlər üçün köhnə formalar da məqbuldur?

Yaxud evində köhnə, yararlı vəziyyətdə olan məktəbli formaları olan kasıb ailələr övladlarını təzədən həmin formada məktəbə göndərə biləcəklərmi?

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ötən gün artıq bununla bağlı məlumat açıqlayıb. Məlumatda bildirilir: “Məlum olduğu kimi, ”Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə vahid məktəbli geyimi formalarının tətbiqinə başlanılmışdır. Qərara əsasən, məktəbli geyimi formalarının tətbiqinə başlanıldığı 2022/2023-cü tədris ilində əvvəldən istifadədə olan geyim formalarının yalnız həmin tədris ilinin sonunadək tətbiqinə icazə verilirdi. 2023-2024-cü tədris ilində isə məktəblərdə yalnız vahid məktəbli formasının Qərarda əks olunan 4 nümunəsindən hər hansı birinin tətbiqi mümkündür".

İlham Əhmədov: "Azərbaycanda şagirdlərin çoxu nevrozdur"

İlham Əhmədov 

Məsələ ilə bağlı təhsil eksperti İlham Əhmədov “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, ümumi məktəbli formasının olması yaxşı haldır, uşaqlar ümumi standart forma geyinirlər. Amma tələb etmək ki, hər il yeni model çıxacaq, köhnəni at, yenisini geyin, bu, doğru deyil. Əvvəla, əhalinin maddi vəziyyəti yaxşı deyil, qiymətlər qalxır, insanlar kommunal xərclərini belə bəzən ödəyə bilmirlər, ilbəil vəziyyət pisləşir. Yəni əhalinin ümumi durumunu nəzərə almaq lazımdır.

Unutmaq olmaz ki, bir çox ailələrdə bir neçə uşaq məktəbə gedir. Tutaq ki, böyük qardaşın paltarını kiçik qardaş geyinə bilər. İmkansız ailədən tələb etmək ki, hər iki övladına yeni məktəbli formasını almalısan, bu, düzgün  deyil. Əgər Elm və Təhsil Nazirliyinə məktəbli forması bu qədər vacibdirsə, təhsil fondu yaradıb, imkansız ailələrə pulsuz məktəbli formaları paylaya bilər.

Sovet dövründə, həmçinin müstəqilliyin ilk on ilində təhsil fondu var idi. Həmin fondun sayəsində imkansız ailələrə məktəbli forması alınıb verilirdi. Yəni məktəb bilirdi ki, hansı ailələrin, valideynlərin maddi vəziyyəti çətindir, onlara dəstək olunurdu. Beləliklə, yaxşı olardı ki, hansı valideynin imkanı var yeni məktəbli forması alsın, imkanı olmayan da uşağını məktəbə köhnə geyimdə yola salsın".

Xalidə GƏRAY,
Fotolar müəllifindir
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR