İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ramazanda bahalı iftar süfrələri açmaqdansa...” - Hacı İlqar İbrahimoğludan çağırış!

6870 19.04.2022 18:12 Mənəviyyat A A

Müqəddəs Ramazan ayında inanclılar oruc tutur, Allahın onlara mənəvi paklıq və ibadət üçün verdiyi bu fürsətdən yararlanmağa çalışırlar. Təcrübəli inanclılarla yanaşı, hər il oruc tutanların sırasına yeni-yeni vətəndaşlar da qatılırlar. Onların bir çoxu dindar deyil. Hətta oruc tutarkən namaz belə qılmırlar. Lakin dinimiz namaz qılmadan da oruc tutanlara, hətta oruc tutmadan da iftar süfrələrinə qatılanlara xoşgörü ilə baxır, onları haqq yoluna ilk addım atan gələcək və gerçək inanclılar kimi qəbul edir.

Azərbaycan inkişaf etdikcə və Türkiyə ilə inteqrasiya gücləndikcə, oradakı adət-ənənələr, yeni formalaşan davranışlar ölkəmizə də daxil olur. Bunlardan biri də sahur və iftarı toplu halda, restoranlarda həyata keçirtməkdir. Artıq Bakıda bu məsələni iş və sistem halına salan restoranlar da var. Əksər restoranlarda iftar menyuları olduqca bahalıdır. Lakin orta və ucuz menyulu restoranlar da var. Allahın yaratdığı fürsətlərdən istifadə edərək, bərabərləşmə, sadələşmə, aclar-yoxsullarla empati içində olma addımları atmalı olan soydaşlarımız özləri də bilmədən təbəqələşmə prosesində iştirak etməkdədirlər. Artıq şəhərdə “imkanlı oruclular”la “kasıb oruclular” arasında sinfiləşmə baş verməkdədir. “İmkanlı oruclular” iftarı 80-100 manat olan elit restoranlarda açırlarsa, “kasıb oruclular” bəsit süfrələrlə iftarlarını evlərində, yaxud toplu halda birləşərək, məhəllələrdəki “xeyir-şər” evlərində açmaqdadırlar. Tamamilə eyni vəziyyət Türkiyədə də mövcuddur.

Bu və digər məqamlarda bağlı ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu ilə söhbətləşdik.

-Türkiyə ilə əlaqələr gücləndikcə, oradakı adət-ənənələr ölkəmizə də daxil olur. Bunlardan biri də sahur və iftarı toplu halda restoranlarda həyata keçirtməkdir. Türkiyədən bizə daha hansı ənənələr gəlib?

 -Əziz və mehriban Allahın adı ilə! İlk olaraq uca Allahdan diləyirəm ki, bizlərə bu ayda həqiqi oruc tutmağı nəsib etsin. Belə ki, oruc təkcə fiziki mahiyyətə malik deyil. Fiziki oruc minimumdur. Bu, başlanğıcdır. Dilin, gözün, qulağın, təfəkkürün, qəlbin orucuna doğru təkamül etmək lazımdır. Yəni, Allahın razılığını axtarmaq, ilahi rəngə boyanmaq. Orucun fəlsəfəsi bundan ibarətdir. Biz ilahı ziyafətə dəvət olunmuşuq və bu ilahi ziyafətin hədəfi təqvaya çatmaqdır - ilahi rəngə büsbütün boyanmaqdır. Allah hamımıza nəsib etsin.

Sualınıza gəldikdə, xalqımız hətta Sovet dövründə də orucla bağlı ənənələrini yaşadıb. Obaşdan, iftar, dualar, Quran oxumalar, ziyarətlər - bütün bunlar bizim xalqımızın ruhiyəsində həmişə yaşanıb. Şəhərləşmə, urbanizasiya və buradan irəli gələn yeni qidalanma mədəniyyətinin formalaşması təbii haldır. Bütün dünyada, xüsusiilə də müsəlman ölkələrində, o cümlədən də əziz Türkiyədə bu sahədə özəl bir sürəc yaşanmaqdadır. Azərbaycan xalqı da öz islamı kimliyininin intibah dövrünü yaşamaqdadır. Vətənimizdə də bu tələbatı qarşılamaq üçün kafe və restoranlarda bu istiqamətdə yeni təqdimat meydana gəlməkdədir.

-Bakı restoranlarında baha qiymətə (80-100 manat) iftar açmaq tutulan orucu batil edirmi? Oruc tutan bunca izafi məsrəfə yol verməklə günaha girirmi?

-Bu cür nümunələrlə tanış deyiləm. Adəti üzrə hər kafe və restoran öz qiymət siyasətinə uyğun davranır. Müşahidələrim göstərir ki, bu sahədə xüsusi bir qlammurlaşma trendə daxil olmayıb. Qeyd etdiyim kimi, oruc yalnız yeməmək və içməmək deyil. Təbii ki, israf Allah tərəfindən bəyənilmir. İstər mübarək Ramazan ayında, istərsə də başqa aylarda olsun. Qlammurlaşmaya meyl, bəhsə-bəhsə düşüb nə isə etmək, bu, təbii ki, ara-sıra bütün zamanlarda və bütün istiqamətlərdə müşahidə olunur. Bunu maarifçilik və şəxsi nümunə göstərməklə önləmək olar. Bütün hallarda insanlarımızın mənəvi intibah dövrünü yaşaması çox gözəldir. İllərlə bu daha da təkmilləşir.

 -Şərti olaraq “yoxsul oruclu” adlandırdığımız gerçək inanclı birisi bu cür baha iftar süfrəsinə dəvət alırsa, oraya getmək və orucunu açmaqla günaha girirmi?İftar süfrələrindən qazanc əldə edən restoran sahiblərinin əməllərinə münasibətiniz?

 -“Yoxsul oruclu” anlayışı çox da uğurlu görünmür. Hamımız Allah qatında başdan ayağa yoxsuluq və vücudu fəqirlik içindəyik. Ümumilikdə isə, bu ayda qeyd etdiyiniz qlammurlaşma və israf aparıcı xətt deyil, dominant deyil, varsa da epizodikdir. Ona görə bunun üzərində bütün baxış bucağını formalaşdırmağı səmərəli görmürəm. Bu ayda çoxlu obaşdan və iftarlarda ehsan süfrələri açılır. Aparıcı xətt budur. Dominant və üstələyən ab-hava budur.

Yetərincə kafe və restoranlar var ki, obaşdan və iftarlarda işləyirlər. Təbii ki, bu zaman həm də öz qazanclarını götürürlər. Bununla da işçiləri ailələrinə ruzi aparır. Bu, tam normal və yaxşı haldır. Təbii ki, bununla yanaşı, ehsan da verirlər. Bu da onların Allah qatında mənəvi əməlləridir.

Uca Allahdan hamımız üçün bu gözəl mənəvi aydan bəhrələnmək diləyirəm.

 Nigar Həsənli,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR