İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişeldən axır ki etiraf gəldi - Bakı bunu illərdir deyir...

1332 04.05.2024 09:48 Siyasət A A

Aİ lideri təsdiqlədi ki, Brüsseldə qərarların qəbulu zamanı ikili standartlar özünü göstərir; Azərbaycanda bunu çox yaxşı bilirlər, çünki...

“Bəzən Brüsseldə üzv dövlətlər arasında qərarların qəbulu zamanı ikili standartlar özünü göstərir”. “Yeni Müsavat”ın xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib. 

“Mən həmişə buna görə tənqid olunmuşam, çalışmışam ki, hamı bərabər olsun. Ancaq bəzən Brüssel köpüyündə laqeydliklər və ikili standartlar özünü göstərir”, - siyasətçi qeyd edib. Mişelin fikrincə, Avropa Komissiyası siyasiləşmiş qurum ola bilməz, o, neytrallığa və obyektivliyə hörmət etməlidir. Şarl Mişel detallara, faktlara varmasa da, nəyə işarə vurduğu əslində sirr deyil. Avropa Birliyinin, özəlliklə Avropa Parlamentinin (AP) belə “ikili standart” siyasətini kim bilməsə də, Azərbaycanda çox yaxşı bilirlər. Söhbət ən əvvəl AP-nin son illər ölkəmizlə bağlı qəbul etdiyi olduqca qərəzli, ermənipərəst qətnamələrindən gedir. Hətta heç Ermənistan parlamenti Azərbaycana qarşı bu səviyyədə radikal, absurd sənədlər qəbul etməyib. 

Yaxud belə bir fakt ki, Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutan, ona hər cür dəstək verən, Rusiya işğalına qarşı çıxan AP Azərbaycana gələndə dərhal “valı” dəyişir və erməni separatizminin sponsoruna çevrilir. Azərbaycanın həbs etdiyi cani-separatçıları, xuntaçıları utanmazcasına “siyasi xadim” elan edir. Görəsən niyə? Bu nədir, primitiv xristian təəssübkeşliyi, yoxsa türkofobiya, islamofobiya? Bu yay Avropa Parlamentinə yeni seçkilər keçiriləcək. Bəs təzə tərkib də Azərbaycana qarşı “ikili standart” siyasətini davam etdirəcəkmi? 

Və təkcə AP deyil, AŞ PA, Fransa Senatı, ABŞ Konqresi tutuquşu kimi eyni sözləri təkrarlayırlar. Sanki bir şantaj kampaniyasıdır. İllərlə Qərbin dəyərlərinə hörmət etdiyini gözləyən Azərbaycan, şimal və cənubdan təhlükə gəldiyini, konfliktin həllində bu qüvvələrin maraqlı olmadığını zənn etdiyi halda, indi Avropa onlardan qabağa düşüb bizə ləkə yaxırlar. Guya Azərbaycan Qarabağa “hücum” edib, guya erməni əhalisi oradan qovulub, sanksiya çağırışları səslənir, başdan-ayağa böhtan dolu qətnamələr qəbul edilir. Bütün bu təşəbbüslər qələbənin həzm edilməməsidir. Görünür ki, Qərb təsisatları Qarabağda “boz zona”nın mövcudluğunda maraqlı olublar. Onlar ermənilərə status verilməsini istəyirdilər. Bu da Qarabağın yuxarı hissəsində separatçıların idarəetmə sisteminin qalmasına səbəb olacaqdı. Amma Paşinyan bu statusu müəyyən etdi, təsdiqlədi ki, Qarabağ Azərbaycandır. O zaman Avropa təşkilatlarının sancısı nədir, niyə belə dəridən-qabıqdan çıxırlar? 

Bundan əlavə, torpağı işğal edilən və ərazilərində daşı daş üstə qalmayan Azərbaycandır, amma Avropa İttifaqı Sülh Fondu vasitəsilə Ermənistana yardım qərarı qəbul edib. Adı Sülh Fondu olsa da, yardım silahlı qüvvələrə ayrılır. Amma Aİ bunu praktiki olaraq icra edə bilmir. Ermənistana yardım layihəsinin ittifaq üzvü Macarıstan tərəfindən bloklanması əngəl yaradır. Rəsmi Budapeştin şərti var: Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilsin. Aprel ayında Aİ Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım paketinin ayrılması ilə bağlı qərar verib. 10 milyon avro bir batalyon üçün modul tipli düşərgənin yaradılmasına sərf olunmalıdır. Aİ Ermənistana hərbi yardım vermədiyində israr etsə də, maliyyənin məhz erməni ordusuna sərf edilməsi qərarı rəsmi Bakının narahatlığını və iradlarını haqlı çıxarır. Azərbaycan Brüssel görüşündən öncə bununla bağlı həm Aİ-yə, həm ABŞ-a narazılığını bildirsə də, Ermənistana yardım qərarı dəyişmədi. İndi Aİ bu qərarla bağlı öz daxilində müxalifətlə üzləşib. Türk Dövlətləri Təşkilatında təmsil olunan Macarıstan artıq bir neçə həftədir Aİ-nin Ermənistana yardım layihəsinin təsdiq edilməsinə veto qoyur. Yəni Mişelin rəhbəri olduğu qurum işğalçının ordusunu, Qarabağda barbarlıq etmiş qüvvələri dəstəkləyir.

Elman Nəsirov: “Şarl de Qoll dirilib görsəydi ki…” Pravda.az

 Elman Nəsirov 

Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, bu ilin iyununda Avropa Parlamentinə seçkilər keçiriləcək. Onun sözlərinə görə, bəri başdan məlumdur ki, Mişel Avropa İttifaqında prezident olmayacaq. “Ona görə yüksək rütbəli avropalı məmurlar vəzifədən gedənə yaxın obyektiv mövqe sərgiləməyə başlayırlar. Nə qədər ki vəzifədən getmək gözləntisi yoxdur, onda subyektiv bəyanatlar səsləndirirlər. Mişel də məhz hazırkı vəzifəsindən gedişi ərəfəsində həqiqəti dilə gətirir. Amma bunun özü də faydalı və əhəmiyyətlidir”, - deyə Elman Nəsirov vurğuladı. Deputat qeyd etdi ki, Azərbaycan dəfələrlə Avropa Parlamentinin, Avropa Şurasının necə qərəzli olduğunu görüb: “Bizə yalvarıb-yaxarırlar ki, sizin enerji məhsullarınıza ehtiyacımız var, bizə kömək edin, Avropanın qaz tələbatını ödəmək lazımdır... Biz də qazın ixrac həcmini artırırıq, amma bütün bu reallıqlar bəlli olduğu halda, paralel olaraq həqiqətdən uzaq qətnamələr qəbul edirlər, cırtdan bir dövlət olan Ermənistanı belə müdafiə edirlər. Deməli, həmin avropalı deputatlar ölkələrinin milli maraqları yox, mədələrinin gözü ilə məsələlərə baxırlar”. 

Deputatın fikrincə, Mişel gedişi ərəfəsində axır ki reallığı danışmağa başlayıb: “Ümid edirəm ki, Avropa İttifaqının yeni rəhbəri bu səhvləri təkrarlamaz. Lakin seçkilərdən sonra Avropa Parlamentində Azərbaycana münasibətin sürətli dəyişəcəyini də gözləmirəm. Əslində, Mişel mövqeyi avropalı deputatlara bir nümunə olmalıdır. Onlar bilməlidirlər ki, tutduqları mövqe Avropa İttifaqının imicinə xələl gətirir. Ona görə də o qədər nikbin deyiləm ki, yeni seçilərdə möcüzə olacaq, tərkibin heç də hamısı obyektiv olacaq, yaxud erməni maraqlarını üstün tutmayacaq... Hər halda, Mişelin son bəyanatları ona işarədir ki, baxışlarımızda dəyişiklik edək. Əks halda, qurumun nüfuzu aşağı düşəcək”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR