İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıları bağrına basan Fransanın Bakıya növbəti şəri

3730 02.05.2024 09:02 Siyasət A A

Bir müddət öncə Bakını “məsləhətləşmələr” üçün tərk edib Parisə gedən Fransa səfiri Azərbaycana qayıdıb. APA xəbər verir ki, Fransa səfiri Ann Buayon diplomatik fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda aprelin 16-da məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa prezidenti Emmanuel Makron qəbul edib.

Mən də koronavirusdan sonra dünyanın dəyişəcəyini düşünürdüm…” – Elxan  Şahinoğlu – Yeni Çağ Media

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu hesab edir ki, Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransadakı səfirini geri çağıracaqdı: “Bu isə münasibətlərin daha da dibə vurması demək olacaqdı. Böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar. Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və Prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü. Beləliklə, Makronun anti-Azərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədib. Bu isə o deməkdir ki, əslində Makron ölkəsinin maraqlarına zidd siyasət yürüdüb. O, bu siyasətindən geri çəkiləcəkmi, bunu yaxın aylarda görəcəyik. Hələliksə Qarabağ separatçılarının nümayəndələrini əvvəlki illərdə olduğu kimi, Parisdə tədbirlərə dəvət edir və bir qisminə mükafatlar təqdim edirlər”.

Ehtimal olunurdu, rəylər də var idi ki, səfirin geri qayıdışından sonra münasibətlər normallaşmaya doğru gedər, yəni Paris yanlışlarını düzəldər. Ancaq elə səfir Azərbaycana dönən gün Fransanın daxili işlər naziri Jerar Darmanin ölkəmizə qarşı sərsəm iddialar səsləndirib. 

XİN buna dərhal reaksiya verib: “Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerar Darmaninin Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair cavabında deyib: “Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib. Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul etməklə yanaşı, keçmiş qondarma separatçı rejimlə dostluq qrupunun fəaliyyətinə imkan yaratdığı məlumdur.

Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə, ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır.

Bütün qeyd olunanların fonunda Fransa hökumət rəsmisinin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir.

Bir daha Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı Fransadan tələb edirik. Ölkəmizin öz milli maraqlarının qorunması üçün bundan sonra da bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edirik".

Görünən budur ki, Fransa faktiki olaraq xain davranışlarını davam etdirir. Təsəvvür edin, 30 il ərzində Qarabağdakı separatçı cinayətkar xuntanı dəstəkləyən, silahlandıran, deputatları, rəsmiləri qanunsuz olaraq Azərbaycan ərazilərinə soxulan Fransa indi Azərbaycanı “separatizmi” dəstəkləməkdə ittiham edir. Buna hansı adı vermək olar?

Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdür - Kamran Bayramov

Kamran Bayramov: “Makron özünü çox gülünc vəziyyətə saldı, amma bu ona yaraşır...”

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov Fransa rəhbərinin özünü çox gülünc bir vəziyyətə saldığını bildirdi: “Makronla görüşündə, görünür, prezident səfirə Bakı ilə münasibətlərdə gələcək addımlar barədə göstəriş verib. Fransa tərəfi öz addımını rəsmi Bakının hərəkətlərinin ikitərəfli münasibətlərə zərər vurması ilə əsaslandırıb.

Beləliklə, Fransa səfirinin Bakıya qayıtması kənardan Bakının hərəkətlərinin artıq ikitərəfli münasibətlərə xələl gətirmədiyinin təsdiqi kimi görünə bilərdi, halbuki təcrübədə son iki həftə ərzində ikitərəfli münasibətlərdə keyfiyyət dəyişikliyi baş vermədi. Aydındır ki, Parisin bu cür hərəkətinin səbəbi regionda böyük sürətlə dəyişən dinamikadadır. Belə ki, Ann Buayon vətənində olarkən Qazaxıstanın prezidenti Kasım Jomart Tokayev İrəvana səfər edərək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil etmək təklifini verib. İrəvan, demək olar ki, bu təklifi qəbul edib və hazırda tərəflər görüşə hazırlaşır. Bundan əlavə, delimitasiya və demarkasiya üzrə milli komissiyaları razılığa gələrək konkret və praktiki addımlar atıb, sərhəd dirəklərinin quraşdırılmasına artıq başlanılıb. Bu arada, Azərbaycan Prezidenti Moskvaya, daha sonra Berlinə səfər edib və burada, digər məsələlərlə yanaşı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edib. Bu mövzu eyni zamanda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan və Ermənistan liderləri arasında telefon danışıqları zamanı da ayrıca müzakirə olunub. Bütün bu müddət ərzində Fransanın Azərbaycandakı səfiri Parisdə olub. Yəni regionda xüsusi diqqət, dəyərləndirmə və təhlil tələb edən ciddi dəyişikliklərin baş verdiyi bir zamanda Fransa ermənipərəst mövqeyə görə özünü bu imkanlardan tamamilə məhrum edib. Fransa üçün daha acınacaqlı fakt odur ki, onun əbədi geosiyasi rəqibi və eyni zamanda müttəfiqi olan Almaniya iqlim gündəmindən məharətlə istifadə edərək, COP29 konfransına bu il ev sahibliyi edəcək Azərbaycanla dialoqun dərinləşməsinə nail olub. Sirr deyil ki, Almaniyanın siyasi rəhbərliyi özünü Avropa İttifaqında yaşıl gündəliyin əsas təbliğatçısı kimi göstərir və Azərbaycan Prezidentini dəvət etdiyi Petersberq İqlim Dialoqu Forumunu gələcək iqlim sammitlərinin əsas tezislərinin razılaşdırıldığı məkana çevirir. Fransadan fərqli olaraq, rəsmi Berlin belə bir dövrdə açıq şəkildə Bakıya daha yaxın olmaq fürsətini əldən vermək istəmir. Fransa isə bütün bu hadisələrdən kənarda qalır. Buna baxmayaraq, Parisin də öz iqlim ambisiyaları var və onların reallaşdırılması üçün Bakının COP29 konfransının ev sahibi kimi hazırkı rolu ilə hesablaşmaq məcburiyyətindədir. Səfirin Bakıya qaytarılması səbəblərindən biri də məhz budur. Buna görə də, siyasi istəklərinə rəğmən, Fransa Azərbaycanla işləməli olacaq və Bakıda səfirin olmadığı halda bu iş lazımi nəticə verməyəcək. Artıq hər kəs etiraf edər ki, Makron öz səfirini geri çağırmaqla tələskənliyə yol verdi, müttəfiqlərindən heç bir dəstək ala bilmədi, bununla da özünü çox gülünc vəziyyətə saldı. Amma bu ona yaraşır... Bu arada, əlacsızlıqdan öz daxili işlər nazirinin dili ilə özünü növbəti dəfə rüsvay etdi..."

Bəhruz Məhərrəmov: "Azərbaycan tarixin heç bir dövründə bu qədər güclü  olmayıb"

Bəhruz Məhərrəmov: “Fransa hər bir anti-Azərbaycan cəhdində batdıqca batmaqdadır və ...”

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, son dövrlər Fransa hakimiyyətinin nümayiş etdirdiyi isterik davranışlar göstərir ki, Paris artıq Cənubi Qafqaz siyasətinin iflasa uğradığının fərqindədir: “Əslində Makron rejimi bu qənaətə gəlməkdə haqlıdır, çünki Fransanın bütün istiqamətlərdə səy və cəhdləri Bakı tərəfindən nəinki dəf olunub, üstəlik, Parisin sonrakı mümkün anti-Azərbaycan addımları bloklanıb. Vətən müharibəsindən sonra Fransanın Azərbaycanın "məsələsini" 6 dəfə BMT Təhlükəsizlik Şurası olmaqla, bir çox platformalara daşıyaraq ölkəmiz əleyhinə koalisiya qurmaq cəhdlərinin qarşısı alınmaqla bərabər, Azərbaycan Fransanın Afrika, Asiya və Avropanın özündə çoxsaylı müharibə cinayətlərini ifşa etdi. Fransanın Qarabağda mövcud olmuş separatçı rejimi tanımaq və onları gücləndirmək cəhdləri fonunda Azərbaycan antiterror tədbirləri ilə öz ərazisində Fransa tərəfindən dəstəklənən separatçı qurumu ləğv etməklə bütövlükdə separatizmə son qoydu. Parisin Azərbaycan daxilində siyasi təlatümlər yaratmaq cəhdinə cavab olaraq isə Fransanın xüsusi xidmət orqanlarının yalnız Azərbaycanda yox, bütövlükdə Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Avropaya qədər kök salmış geniş şəbəkəyə malik təxribatçı agentura şəbəkəsi ifşa edildi, Fransada təhlükəsizlik sistemində faktiki böhran yaradıldı, aidiyyəti strukturun rəhbəri hökumətdən qovuldu. Beləliklə, Fransa faktiki olaraq bütün alətlərindən məhrum edildi. Ötən bir neçə ayda isə Fransa daha ucuz və ikrah doğuran addımlarla gündəmə gəldi, Azərbaycanın Fransadakı səfirliyinin binasına və Evian şəhərində Natəvanın heykəlinə qarşı vandalizm aktları törədildi. Lakin Azərbaycan Prezidenti bu prosesləri də Parisin əleyhinə çevirə bildi və bir neçə qlobal miqyaslı tədbirdə Fransanın vandal beynəlxalq subyekt olduğu tutarlı arqumentlərlə nümayiş olundu. Makron rejiminin hələ ki sonuncu cəhdi Fransanın Azərbaycandakı səfirinin “məsləhətləşmələr” adı ilə Parisə geri çağırılması və Fransa prezidentinin şəxsən onunla görüşməsi ilə prosesə beynəlxalq səviyyədə diqqət çəkmək cəhdi oldu. Lakin cənab İlham Əliyev bu prosesdə də böyük siyasi ustalıq nümayiş etdirdi və Parisin əzəli rəqibi Almaniyanın dövriyyəyə daxil olmasına imkan yaratmaqla Makronun nə qədər səbatsız olmasını göstərmiş oldu. Parisə çağırılmış Fransa səfiri Ann Buayonun suyu süzülə-süzülə təkrar Azərbaycana qayıdıb diplomatik fəaliyyətini davam etdirməsi Makronun bu dəfə də oxunun daşa dəydiyini göstərdi. Yəni faktiki olaraq Fransa hər bir anti-Azərbaycan cəhdində batdıqca batmaqdadır və Yeliseydə də bunun yaxşı fərqindədirlər. Lakin görünən odur ki, Paris hələ geri çəkilmək niyyətində deyil və Fransanın daxili işlər naziri Jerar Darmaninin Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycanla bağlı absurd bəyanatları da bu tezisi sübut edir. 30 il ərzində Qarabağda separatçı rejimi ayaqda tutan, Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığını görməzdən gələn Fransanın naziri indi Azərbaycanı Yeni Kaledoniyada separatizmə dəstək verməkdə günahlandırır. Azərbaycandan kökü qazınmış separatçıların sonuncu dəfə Parisdə aldıqları “təltiflərin” hələ möhürü qurumamış fransız nazirin Bakını separatçılığa dəstək verməkdə günahlandırması gülüncdür. Nazir unutmamalıdır ki, uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən Fransadan fərqli olaraq Azərbaycan heç bir dövlətin ərazi bütövlüyünə qəsdin tərəfdarı deyil, yəni Bakının Yeni Kaledoniyada siyasətinin mahiyyəti separatizmin dəstəklənməsi yox, müstəmləkəçiliklə mübarizəyə verilən dəstəkdir. Azərbaycan haqlı olaraq XXI əsrdə neokolonializmi bəşəri problem hesab edir və Fransanı da müstəmləkəçilikdən çəkinməyə, sərhədlərindən on min kilometrlərlə uzaqlıqda yerləşən dövlətlərə və xalqlara qarşı vəhşicəsinə istismarçılığa son qoymağa çağırır. Fransalı nazirin nə sayıqlamasından asılı olmayaraq biz müstəmləkəçiliyin əleyhinəyik və Fransanı da reallıqları qəbul etməyə, istismar etdiyi xalqlardan üzr istəyərək kompensasiya ödəməyə, habelə Cənubi Qafqazda özünü dalana dirəmə siyasətindən əl çəkib adekvat davranmağa çağırırıq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR