İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə son terrorçu qalana qədər mübarizəni davam etdirəcək- İraqda hərbi bazaların sayı artır

418 01.05.2024 15:39 Siyasət A A

 

İraq Türkiyə ilə sərhəddə iki hərbi baza yaradıb. Türkiyə mətbuatı yazır ki, hərbi bazalar Zaho bölgəsində yaradılıb.

Türkiyəli ekspertlər hesab edir ki, İraqın məqsədi öz ərazisində suverenliyi bərpa etməkdir. Hərbi bazanın yaradılması bölgəyə nəzarət etmək baxımından önəmlidir. PKK-nın fəaliyyətinin qarşısını almaq üçün təsiredici güc yaratmaq əsas hədəfdir. İlk belə baza isə fevral ayında yaradılıb.  Türkiyənin istəyi belə bazaların sayının daha da artırılmasıdır.

Ehtiyatda olan türkiyəli general Yücel Karauz Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri zamanı müdafiə, təhlükəsizlik, iqtisadiyyat sahələrində əməkdaşlığa dair 26 razılaşma imzalandı.  Yücel Karauz qeyd edib ki, bu səfərin iki önəmli nəticəsi var: “Birinci nəticə təhlükəsizliklə bağlıdır. Yəni məqsəd İraq sərhədində təxminən 30-40 kilometr uzunluğunda təhlükəsizlik dəhlizinin, o cümlədən  İraqla Türkiyə arasında terrorla mübarizədə ortaq mərkəzin yaradılmasıdır. İkincisi isə 4 il ərzində həyata keçiriləcək “İnkişaf yolu” layihəsi ilə bağlıdır ki, bununla sadəcə regional deyil, daha geniş miqyasda təsirləri olan nəticələr əldə ediləcək. Türkiyə daha öncə Şimali İraqda hərbi baza yaratsa da, istənilən nəticə əldə edilməmişdi. Şimali İraqdan Türkiyəyə qarşı terror fəaliyyəti davam edirdi. Türkiyə dəfələrlə İraqın mərkəzi və yerli idarəçilərinin bərabər əməliyyat keçirmək barədə təkliflərinə cavab ala bilmirdi. Terrordan və terrorçulardan sadəcə Türkiyə deyil, başda İraq olmaqla bölgə ölkələri də əziyyət çəkir. Buna görə Türkiyə və İraq birgə hərəkət etmək qərarına gəldi. Bu qərar terrorçuların dağlıq əraziləri tərk etməsinə səbəb olacaq. Terrorçular ya cənuba doğru hərəkət edəcəklər, ya da İraqı tərk edib Suriyaya gedəcəklər.
15952446445677026922_1200x630.jpg (236 KB)


Təbii ki, İraqın terrordan tamamilə təmizlənməsi, Türkiyə və digər ölkələrə verdiyi zərərin qarşısının alınması, bölgədəki proksi qüvvələrin, başda İran olmaqla digər Qərb kəşfiyyat orqanlarından təmizlənməsi önəmlidir. Türkiyənin İraqda terrorla mübarizə mövzusunda gördüyü tədbirlər nəticəsində əldə etdiyi nəticələr Türkiyənin Suriyada PKK ilə mübarizəyə daha çox diqqət ayırmasına səbəb olacaq. Yaxın günlərdə bunun şahidi olacağıq. İraqın PKK-nı terror təşkilatı kimi tanıması, ortaq hərəkat mərkəzinin yaradılması, təhlükəsiz olan bölgənin yenidən iqtisadi cəhətdən inkişaf etməsi, 13 illik fasilədən sonra Türkiyə prezidentinin İraqa, ilk dəfə Ərbilə səfəri həm bölgədəki, həm də qlobal aktorlara önəmli mesajlar ilə yadda qaldı.  Türkiyə istər əməkdaşlıq etdiyi, istərsə də əməkdaşlıq etmədiyi ölkələrə qarşı son terrorçu qalana qədər terrorla mübarizəni davam etdirəcək. Çünki 40 ildir Türkiyəyə qarşı terror fəaliyyəti həyata keçirilir. Məqsəd bölgədəki güc kimi müəyyən hadisələrə təsirinin qarşısını almaqdır. Buna nail ola bilməyəcəklər”.

Yücel Karauz vurğulayıb ki, Türkiyənin hədəfi terror fəaliyyətini azaltmaq, bölgədə terroru dəstəkləyən dövlətlərin təsirini sonlandırmaqdır: “Türkiyənin məqsədi bölgədə sülhü bərqərar etmək, İraq və Suriya daxil olmaqla, ərazi bütövlüyünün bərpa olunması, yad qüvvələrin tamamilə bölgədən çıxarılması, qaçqınların və çətin vəziyyətdə evini tərk etmək məcburiyyətində qalan insanların təhlükəsiz bölgəyə qayıdışını təmin etmək, başda İran olmaqla digər dövlətlərin İraq və Suriyada proksi güclər vasitəsilə mövcudiyyətini davam etdirən, həm dini, həm də məzhəb baxımından çətin vəziyyət yaradan təşkilatmanın qarşısını almaqdır. Bununla yanaşı, iqtisadi və inkişaf modelləri yaradaraq bərabərliyi təmin etmək də hədəflər sırasındadır. Növbəti mərhələdə Rusiya, ABŞ və digər Qərb güclərinin ortaq fəaliyyətini aradan qaldıracaq, lazım gəldikdə qarşılıqlı koordinasiya edərək fəaliyyətini davam etdirəcək”. 

maxresdefault.jpg (152 KB)

Hərbi ekspert Səxavət Məmməd isə Musavat.com-a açıqlamasında qeyd etdi ki, bu gözlənilən addım idi: “Türkiyənin sərhədlərinin ən problemli olduğu istiqamət Suriya və İraq idi. Hər iki istiqamətdə PKK fəaliyyət göstərirdi. Rəcəb Tayyib Ərdoğanın İraqa son səfərindən sonra Türkiyənin İraq sərhədində müəyyən addımlar atması gözlənilən idi.   Əslində, sərhəddə məntəqələrin qurulması da bunu göstərir. Bununla Türkiyənin sərhədlərinin tam çəkiləcəyini gözləmirəm. Türkiyənin Mosul və Kərkük ilə bağlı planları var. Bunun həyata keçməsi üçün addımlar atılacaq. Türkiyə lazımi zamanı gözləyir. Hesab edirəm ki, bu, son deyil”. 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR