İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlərin NƏZƏRİNƏ: Yeni qeydiyyat mərkəzləri yaradıldı

1396 30.04.2024 16:52 Təhsil A A

2024-2025-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 27 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərəcək.

Bu barədə Musavat.com-a idarədən məlumat verilib.

Qeyd olunub ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.

Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 88, 156, 234 nömrəli, Xətai rayonu üzrə 17, 165 nömrəli, Nizami rayonu üzrə 145, 10 nömrəli, Nərimanov rayonu üzrə 45 nömrəli, Binəqədi rayonu üzrə 83, 217, 297 nömrəli, Nəsimi rayonu üzrə 19 nömrəli, Suraxanı rayonu üzrə 279, 280, 154 nömrəli, Qaradağ rayonu üzrə 321, 253, 288, 110, 320, 180 nömrəli, Sabunçu rayonu üzrə 209, 108, 96 nömrəli, Səbail rayonu üzrə 163 nömrəli, Yasamal rayonu üzrə 18 nömrəli, Pirallahı rayonu üzrə isə 168 nömrəli tam orta məktəblərdə yaradılıb.

Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (050 996-76-63, 050 996-36-62, 050 996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən də zəruri köməklik göstəriləcək.

Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər. Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat mayın 1-dən başlayıb sentyabrın 13-nə qədər davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR