09.06.2008 [09:54]
Fontu böyüt:        
GƏNC BƏSTƏKAR RÜŞVƏTƏ QARŞI
Firudin Allahverdi “Rüşvətxor müəllim” mahnısından sonra “büdcə haqqında mahnı”nı da ictimaiyyətə təqdim etmək istəyir


Bir müddət əvvəl təhsildəki korrupsiya hallarına etiraz olaraq rok üslubunda “Rüşvətxor müəllim” mahnısını yazan gənc bəstəkar Firudin Allahverdi bu dəfə yeni bir lahiyəyə başlamaq istəyir. “Rüşvətxor müəllim” mahnısının qısa zaman ərzində gənclər arasında populyarlaşması Firudin Allahverdini bir qrup musiqiçiylə birlikdə yeni bir kampaniyaya start verməyə həvəsləndirib. Belə ki, gənc musiqiçilər bu dəfə büdcə oğrularını hədəfə götürüblər.
Azərbaycanın sərvətlərini, sadə xalqın haqqını talayanlar yazılacaq yeni mahnıda kəskin tənqid atəşinə tutulacaq. Mahnının sözləri də, musiqisi də artıq hazırdır.
Amma məsələ bununla bitmir. Bəstəkar Firudin Allahverdi “qaynar.info”-ya verdiyi açıqlamasında bildirib ki,  “Rüşvətxor-müəllim”də demək olar ki, canlı musiqi alətlərindən istifadə etmədikləri üçün mahnının studiya keyfiyyəti çox aşağı olub: “Amma ”Büdcə haqqında mahnı"nı ictimaiyyətə daha keyfiyyətli formada təqdim etmək arzusundayıq. İstəyirik ki, mahnının studiya xərclərini və ifaçıların qonorarını məhz sadə xalq ödəsin.
Aksiyanın əsas vurğusu da budur: bu mahnı yalnız 2-3 musiqiçinin deyil, xalqın etirazı olmalıdır".
SƏBUHİ

471 dəfə baxılıb