- Adnan bəy, Türkiyə ilə Azərbaycanın birləşməsi təşəbbüsünü irəli sürürsünüz. Bəs bu birliyin modelini necə görürsünüz, reallaşması üçün hansı addımları atmaq lazımdır?
- İndiyədək Azərbaycanla Türkiyənin birləşməməsi çox anormal haldır. Hələ qədimdən bununla bağlı ən uyğun şərtlər mövcuddur. Bu məsələdə mümkünmü, baş tutarmı demək, gecikmək ayıbdır. Azərbaycanla Türkiyənin birləşməsi insanlarımıza bir mənəvi rahatlıq gətirər, həyəcan doğurar. Bunun reallaşması üçün həm Azərbaycanda, həm də Türkiyədə insanlar hökumətə məktublar göndərməlidirlər. Həmin məktubda yazılmalıdır ki, biz sərhəd və viza rejimi istəmirik. Mən istəyirəm ki, insanlarımız Bakıya Kiprə, Adanaya getdikləri kimi getsinlər. Bu iki dövlətin birləşməsini ləngitməyin heç bir izahı yoxdur.
- Amma sərhədlərin aradan götürülməsi hələ bir dövlətdə birləşmək demək deyil...
- Hələ bu addımı ataq, sonrası yaxşı olacaq. Evdən küçəyə çıxanda əvvəlcə bir-iki addım atırıq, sonra baxırıq ki, xeyli yol getmişik.
- Bəs ortada hansı əngəllər var ki, heç olmasa ikitərəfli qaydada viza rejimi ortadan qaldırılmır?
- 1000 nəfər Türkiyədən, 1000 nəfər də Azərbaycandan hökumətə məktub yazsa, məsələ bitər. Türkiyədə biz bu prosesi başladacağıq.
- İki dövlətin bir bayraq altında birləşməsini bu qədər asan saymaq, nə dərəcədə doğrudur?
- Biz bunu mümkün hesab edirik və belə olacağına da inanırıq. Azərbaycan Türkiyə üçün Konya, Adana kimi bir yerdir. Hansı adla bizi ayırıblar? Bu ayrı yaşamağın heç bir məntiqi yoxdur. Dinimiz, dilimiz, mədəniyyətimiz, irqimiz, əxlaqımız birdir. Belə olan halda ayrı yaşamağa dözmək çox çətindir. Bu o deməkdir ki, ata ilə oğlu ayırıblar. Deyillər ki, ata ilə oğul ayrı yaşasın. Heç ata ilə oğul da ayrı yaşayarmı? Türkiyə ilə Azərbaycan indiki halda başı bədənindən ayrılmış adamdır. Bu həm günah, həm çox ayıb, həm də çox yanlışdır.
- Təşəbbüsünüzün reallaşması üçün rəsmi şəxslərlə hansısa iş aparırsınızmı?
- İndiki mərhələdə biz ictimai rəyi hazırlamaqla məşğuluq. Türkiyə ilə Azərbaycanın birləşəcəyi ilə bağlı artıq bəzi ölkələrin xüsusi xidmət orqanlarının məlumatlarında da məqamlar var. Artıq kəhfiyyat məlumatlarında deyilir ki, Balkanlardan Cənubi Afrikaya, Asiyaya, Avropanın içərilərinə, İtaliyanın yanına qədər gedib çıxacaq bir türk birliyi yaranacaq. Bu o deməkdir ki, mənim dediklərim reallaşmaq üzrədir. Türkiyə getdikcə güclənir və Fələstin məsələsi də göstərdi ki, Türkiyə bölgədə lider olur.
- Bu birliyin gələcəyini necə görürsünüz? Türkiyə ilə Azərbaycana hansı ünstünlüklər verir?
- Biz bir ailəyik. Bu ailənin üzvləri bir yerdə olmalıdır. Hazırda isə bu ailə parçalanmış durumdadır.
- Siz türk dövlətlərinin birliyindən danışırsınız. Amma bütün türk dövlətləri buna hazırdırlarmı?
- Məncə, bu məsələdə, xüsusən də Azərbaycanla Türkiyənin birləşməsində bir problem yoxdur. Sadəcə, tənbəllik var. Sən qapını aç, gerisini fikirləşmə. Təsəvvür edin, oğul ataya deyir ki, mən sənin yanına gəlmək istəyirəm, necə gəlim? Necə gələcəksən, açacam qapını gələcəksən. Bu məsələdə tərəddüd olmaz. Lazım gəlsə, bu ideyanın reallaşması uğrunda şəhid olarıq.
- Beynəlxalq güclər belə bir birliyin reallaşmasına razı olarlarmı?
- Gəlin biz bu addımı ataq, görək kim icazə verməyəcək. Belə qorxaqlıq olmaz. Müsəlman-türk əxlaqında belə şey yoxdur. Biz birləşək, onlar əllərindən gələni etsinlər. Kim mənə deyə bilər ki, evinin qapısını açma? Həm də görək bunlar kimlərdir. O zaman çoxları Türkiyənin Kiprə girməsinə də xəyal kimi baxırdı. Amma biz girdik və istədiymizi əldə etdik. Əgər o zaman girməsəydik, indi Kipr olmayacaqdı. Bu birlik insanları rahatsız etməz. Bu birlik sevgi üçündür. Türküstan birliyində Azərbaycan, Türkiyə, Ermənistan, Tacikistan, Litva, İsrail hətta Rusiya da təmsil olunacaq. Öncə bu xalqları türk, sonra islam bayrağı altında birləşdirəcəyik. Amma təbii ki, Türkiyənin öncüllüyü ilə. Böyük bir Türküstan quracağıq. Bu, sevgi, rahatlıq, barış, rifah, bayram, Avropa Birliyinə, Amerikaya, Çinə dəstək deməkdir. Bütün dünyada bir iqtisadi böhran hökm sürür. Bu böhran Nuhun tufanı kimi həmin ölkələrin hamısını udacaq. Onları qurtara biləcək tək şey türk birliyidir. Allahın izni ilə bu birlik baş tutacaq. Türk birliyi dünyanı xilas edəcək, hərbi və mənəvi gücü ilə terroru durduracaq. Türk-İslam birliyi olan yerdə terror, anarxiya olmaz. Çünki bunlara ehtiyac qalmayacaq. Hər kəs bu ideyanın reallaşmasına töhfə verməlidir.
- Sizin söylədikləriniz ilk baxışdan çox xoş bir niyyət kimi görünür. Amma sadaladığınız dövlətləri bir bayraq altında birləşdirmək barədə, ümumiyyətlə, düşünmək belə çox çətindir. Ən azından ortada on illərdir çözülə bilməyən İsrail-Fələstin problemi var.
- Əvvəllər biz o bölgəni 10 əsgər bir çavuşla yönəldirdik. Yenə eyni sevgi, ağılla, imanla o bölgəni bir bölük əsgərlə idarə edəcəyik. Nə İsrailə qarşı terrora imkan verəcəyik, nə də İsrailin hərbi müdaxiləsinə. Kimlər nəyi əsas gətirib terror aktları törədəcəklər, yaxud İsrail hansı əsasla Fələstinə hərbi müdaxilə edəcək? Türküstan birliyi ədaləti, hüququ qoruyacaq və heç kəsin şikayəti olmayacaq. Ortada yaxşı niyyət osa, bu birlik baş tutacaq. Yəhudiləri, xristianları, müsəlmanları sevmək, bütün dinlərə sayğı ilə yanaşmaq, İslam əxlaqı ilə yaşamaq yolu ilə getsək hər şeyə nail ola bilərik. Mənim nəzərdə tutduğum birlikdə bütün bunlar təmin olunacaq. Heç kəs buna qarşı çıxa bilməz. ABŞ da, Rusiya da bu modeldə birliyə razıdır. Mənim dediyim birlik uzağı 10 ilə yaranacaq.
- Bunu ehtimallara əsasən deyirsiniz, yoxsa arxasında hansısa bilgilər dayanır?
- Adını çəkdiyim dövlətlər bu birliyin reallaşması istiqamətində hətta heç bir iş görməsələr belə, 10 il içərisində Türküstan dövləti yaranacaq. Amma biz bunun tez olmasını istəyirik və ideyamız tarixdə qalsın deyə bunları söyləyirik. Çünki bu hamının xeyrinədir. Bu birlikdə yaşayan xristianlar kilsəsinə, yəhudilər sineqoqlarına, müsəlmanlar isə məscidlərinə gedəcəklər. Belə olan halda ortada terror, dava olmaz, bütün ölkələr inkişaf edər. Bu birlikdə irqi, dini, genetik üstünlük yoxdur, biz əxlaq üstünlüyünü önə çıxarırıq. Hətta Amerikanın strateji mərkəzlərinin, Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarında da 10 il ərzində belə birliyin yarana biləcəyindən bəhs olunur.
- Sizin adını çəkdiyiniz ölkələrin çoxunda demokratiya sahəsində vəziyyət o qədər də yaxşı deyil. Bəlkə öncə bu ölkələrin demokratikləşməsinə ehtiyac var...
- Türk-İslam birliyi demokratiyanın şahını gətirəcək. Bu birlik baş tutan kimi demokratiya məcburən yayılacaq. ABŞ-da bir demokratik ölkə kimi bunu istəyir. Türk-İslam birliyinin hədəfi demokratiyadır, Amerika demokratiyasından da yaxşı bir demokratiya qoymaq olar ortaya.
- Bəs bu dövlətin lideri kim olacaq?
- Bu dövlət Mehdi sahib əz-zamanın zühuru ilə reallaşacaq. Onun zühuru yaxınlaşır. Bunu kimsə durdura bilməz.
- Sizin Türkiyə ilə Azərbaycanın birləşməsindən danışdığınız bir vaxtda Türkiyə-Ermənistan münasibətlərində bir yaxınlaşma baş verir.
- Ermənistan Türkiyə ilə bir yerdə olmağa, Türk birliyində təmsilçiliyə can atır, yalvarır. Onlar yaxşı bilirlər ki, nələr baş verəcək.
- Ermənistanın Türkiyəyə qarşı son davranışlarında səmimi olduğunu zənn edirsiniz?
- Bu münasibətlərin yaxşılaşması üçün ortada yalan olmamalıdır, sevgi olmalıdır. Biz həm Azərbaycan, həm də Ermənistanı eyni vaxtda bu Türküstan dövlətinin tərkibinə qəbul etməyi məqbul sayırıq. O zaman problemlər həll olunacaq. Bəlalardan, qisasçılıqdan bu yolla qurtara bilərik. Prezident Gül İrəvana gedəndə ermənilər soyqırım abidəsinin işığını söndürdülər. Bu o deməkdir ki, onlar soyqırım iddiasından əl çəkə bilərlər.
- Türk-İslam birliyi bir ideya olaraq çox yaxşıdır. Amma sizin dediyiniz coğrafi ərazidə yaşayan insanların əksəriyyətinin dinc yanaşı yaşamaq, demokratiya haqda təsəvvürləri Qərb, Avropa modelləri ilə bağlıdır. Niyə insanlar Şərqə yox, Qərbə, Avropaya can atırlar?
- Uzun müddət kimlərsə türklüyü, İslamı irqçilik kimi təbliğ etdilər, cəzalandırıldılar. Türklüyü, İslamı belə təbliğ etmək çox yanlışdır. Avropaya gəldikdə isə Avropa yaşlanır, bu beynəlxalq iqtisadi böhrandan sonra isə Avropa qalmaz. Avropa və Amerikanın özünün də xilası Türk-İslam birliyindən keçir. Onlar buna çörək, hava və su kimi möhtacdırlar. Türküstan Qərb üçün Nuhun gəmisidir, minsələr, xilas olacaqlar. Minməkdən başqa yolları isə yoxdur.
Zabil MÜQABİLOĞLU, Bakı-İstanbul-Bakı