01.04.2009 [16:45]
Fontu böyüt:        
“ALLAHIN EVİNİ YIXANLAR ALLAHDAN QORXMURMU?”
Mirvaleh Mövsümov: “Hələ yanvarda mənə xəbər göndərmişdilər ki, nə qədər istəyirsən verək, məscidi ayrı yerdə tik”


Bakının Yasamal rayonunda “Məhəmməd Peyğəmbərin (s, məscidi” adlı məbədin söküldüyü barədə ötən sayımızda xəbər vermişik. Bir daha xatırladaq ki, ötən ilin oktyabrında Yasamal rayon İcra Hakimiyyətinin iddiası əsasında rayon məhkəməsi tikilinin qanunsuz olması haqda qərar çıxarıb. Qərarla razılaşmayan məscid rəhbəri Mirvaleh Mövsümov isə Apelyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib.
Dünən vəziyyətlə yerində tanış olmaq üçün əraziyə baş çəkdik. Məscidin gözətçisi Məmməd İsgəndərovla söhbətdən aydın oldu ki, martın 30-u, axşam saatlarında əraziyə öncə Bakı Şəhər İcra Hakimiyyətinin, ardınca isə rayon İcra Hakimiyyətinin nümayəndələri və 27-ci polis bölməsinin əməkdaşları gəlib: “Bölmənin işçiləri, polis rəisi və rayonun icra başçısı İbrahim Mehdiyev əvvəlcə Allahın adı yazılan lövhəni sındırdılar. Sonra hasarı sökdülər. Axşam saat 8-dən 10-nun yarısınadək işlədilər. Sonra da buranı belə qoyub getdilər”.
Gözətçinin dediyinə görə, rəsmi qurumların təmsilçiləri və polis əraziyə qəfil təşrif buyurublar: “Yerli camaat hasarın sökülməsinə mane olmağa çalışsa da, polis ərazini dövrəyə aldı və az sonra dağıntı işləri bütün məscidin ərazisini əhatə etdi. Ardınca müqəddəs Qurani-Kərimi, sonra isə dini ədəbiyyatları yerə tökdülər. Məhkəmə gedən dövrdə tikinti dayanmışdı. Amma inanmırdıq ki, belə özbaşınalıq edərlər. Heç kəsi, hətta Mirvaleh Mövsümovu əraziyə buraxmadılar”. 
Mirvaleh Mövsümovla da söhbət etdik. Müsahibimizin sözlərinə görə, əslində məhkəmənin qərarı söküntü haqda deyil: “İlkin instansiya məhkəməsində bildirilib ki, məscid qanunsuz tikilib. Amma deyilməyib ki, sökülməlidir. Bundan başqa, iş hələ apelyasiya instansiyasındadır. Biz işin sona qədər araşdırılmasında maraqlıyıq. Avropa Məhkəməsinə qədər öz hüquqlarımızı müdafiə edəcəyik”.
Məscidin gerçək sökülmə səbəblərinə gəlincə isə məlum olur ki, bəzi işbazların ənənəvi “göydələn sevgisi” bu dəfə məsciddən yan keçməyib: “9 kv. metrlik minarəyə görə qaldırılan iddia əslində çoxmərtəbəli ilə bağlıdır. Hələ yanvarda mənə ismarış göndərmişdilər ki, nə qədər istəsən, kompensasiya verək, amma get, məscidi başqa yerdə tik. Mən də cavab verdim ki, imanla alver etmirəm. Bu insanlar deyəsən, Allahdan qorxmurlar. Məscid sökülən zaman polisə müraciət edə bilmədim. Çünki onların özləri söküntüyə köməklik edirdilər”. M.Mövsümov məscidin qanunsuz tikili adlandırılmasını absurd sayır: “Bu həndəvərdə bar da var, maqazin də. Necə olur ki, ancaq məscid qanunsuzdur?”
Müsahibimiz qalmaqal yaranan gündən onunla bağlı çoxlu şayiələrin yayıldığını dedi: “Əvvəl deyirdilər ki, guya vəhabiyəm. Sonra adımı baptist qoydular. Ardınca  iranlıların, türklərin mənə himayədarlıq etdiyi barədə söhbət çıxardılar. Biləndən sonra ki, mən "Təzə Pir" məscidinə gedirəm, şayiələr dayandı. Elementar məntiq var. Arxamda hansısa qüvvə olsaydı, məscidi dağıda bilməzdilər. Amma mən yolumdan dönən deyiləm". 
M.Mövsümova həmçinin həbs təhlükəsi ilə bağlı sual ünvanladıq. Məscid rəhbəri “Mənə qarşı heç bir faktları yoxdur. Nə istəyirlər etsinlər. Özüm də qəzet redaktoruyam və hər dəfə də bu barədə yazıram” dedi.
Məsələyə qarşı tərəfin münasibətini öyrənmək üçün Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının köməkçisi Elçin Əhmədov problemin məhkəmə instansiyasında həll olunacağını dedi. Müsahibimizin sözlərinə görə, artıq iş Apelyasiya Məhkəməsindədir. Daha sonra isə İcra Hakimiyyətinin hüquq şöbəsinin hüquqşünası Səidə Qulubəyova işin artıq Ali Məhkəməyə çatdığını söylədi: “Apelyasiya Məhkəməsi onların iddiasını qəbul etməyib. Ali Məhkəmə qərar çıxarandan sonra rəyimizi bildirəcəyik”.
Mövzunu diqqətdə saxlayacağıq.
Nailə Rövşənqızı

1198 dəfə baxılıb