29.06.2009 [18:14]
Fontu böyüt:        
TELMAN İSMAYILOVUN QARDAŞI İŞDƏN ÇIXARILDI
“Çerkizov” bazarı qalmaqalından sonra Fazil İsmayılov Moskvanın şimal dairəsi üzrə prefekti vəzifəsinə təsdiqlənməyib


Rusiyada Azərbaycan əsilli yəhudi iş adamı Telman İsmayılovun vurulmasına yönələn kampaniya onun yaxınlarından da yan keçmir. İş adamının sahibi olduğu “Çerkizov” bazarı ilə bağlı davam edən qalmaqal Telman İsmayılovun qardaşının vəzifəsini itirməsi ilə nəticələnib.
“Lenta.ru” xəbər verir ki, oliqarxın qardaşı Fazil İsmayılov Moskvanın Şimal inzibati dairəsinin prefekti vəzifəsinə təsdiqlənməyib. Moskva meri Yuri lujkov onun yerinə Rusiya Təbiəti Mühafizə Agentliyinin keçmiş rəhbəri Oleq Mitvolu təyin etməyi qərara alıb. Mitvol səlahiyyətlərinin icrasına bu gündən başlayacaq. Xatırladaq ki, F.İsmayılov indiyədək Rusiya paytaxtının ən iri inzibati vahidlərindən olan şimal dairəsinin prefekti vəzifəsini icra edib. T.İsmayılovla bağlı qalmaqalın başlamasından sonra onun həmin vəzifəyə təsdiqlənməsi şübhə altında qalıb. F.İsmayılovun familiyası hazırda “İzmailov” kimi gedir. O, familiyasını iki dəfə dəyişdirib və T.İsmayılovun qardaşı olduğunu büruzə verməməyə çalışıb. Bununla belə, Moskvada onun “AST Telman”ın qardaşı olduğunu bilənlər çox idi.
Bu arada “Çerkizov” bazarında 2 milyard dollarlıq qaçaqmalın aşkarlanması ilə bağlı aparılan cinayət işinin istintaqında daha bir həbs sanksiyası verilib. Həbs olunan Moskva vilayətinin Şelkovsk rayonunun 62 yaşlı sakini Nikolay Rıbkindir. Lakin Rıbkin sadə pensiyaçı deyil, Federal Təhlükəsizlik Xidmətinin istefada olan polkovniki və T.İsmayılovun dostudur. FTX polkovniki Kalininqrad vilayəti üzərindən Çin istehsalı olan malları qaçaqmal yoluyla keçirilməsini təşkil etməkdə və onu “Çerkizovsk” bazarında satmaqda ittiham olunur. Bildirilir ki, Rıbkin ona qarşı irəli sürülmüş ittihamları qəbul edib. Bu isə T.İsmayılova qarşı rəsmi ittiham irəli sürmək üçün istintaqa imkan yaradır. Xatırladaq ki, T.İsmayılov hazırda Rusiyada deyil və Türkiyədən vətəndaşlıq almaq üçün gözləyir. Onun ailə üzvləri də Rusiyanı vaxtında tərk ediblər. İş adamının qardaşı isə bu yaxınlarda şahid qismində istintaqa çağrılmışdı.

Ferhad Məmmədov

3708 dəfə baxılıb