İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Vaqif Xaçatryanın məhkəməsi başladı - 31 il əvvəl amansız cinayət törədən müttəhim iclasda ağladı- FOTOLAR

3762 13.10.2023 12:25 Ölkə A A

 

İlk yayınlanma vaxtı- 10:42

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən birinin – Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Musavat.com–un xəbərinə görə, hakim Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Vaqif Xaçatryan müdafiəçi və tərcüməçi ilə təmin edilib. Vaqif Xaçatryanın hüquqlarını vəkil Natiq Bəybalayev müdafiə edəcək.
İş üzrə dövlət ittihamının müdafiəsi xüsusi olaraq Baş prokurorun köməkçisi, ədliyyə generalı Müqəddəs Sultanova və ittiham idarəsinin prokuroru Cövdət Mehrəliyevə həvalə olunub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib. Məlumatları dəqiqləşdirilərkən Vaqif Xaçatryan məhkəmədə göz yaşları tökməsi ilə diqqət çəkib.
Hakim təqsirləndirilən şəxsə hüquqlarını izah edib.

Zərərçəkmiş qismində tanınan Xocalı rayon İcra Hakimiyyətini iclasda nümayəndə Murad Hüseynov təmsil edib.

Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi qismində Hüseyn Hümmətov prosesdə iştirak edib. O Meşəli hadisələrində qətlə yetirilən Kərim Hümmətovun oğludur.
Prosesdə tərəflərə hüquqları izah edilib.

Dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərək işin məhkəmə baxışına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.

Məhkəmə baxışı oktybarın 17-nə təyin edilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

 

Meşəli qatilinin ağladığı anların foto və videosunu təqdim edirik:

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR