İnsanlara hürriyət, millətlərə istiqlal!

Hafiz Məmmədovun cinayət işinə Ziya Məmmədov da cəlb edilə bilər SENSASİON DETALLAR

2230 28.01.2022 18:30 Gündəm A A

Bakı Apelyasiya Məhkəməsində “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda vəsatətinə baxılıb. Hafiz Məmmədovun şikayəti təmin edilməyib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Hafiz Məcid oğlu Məmmədovun rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb. Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Hafiz Məmmədovun başına gələnlərin əsası 2013-2014-cü illərdə qoyulub. O zaman nəqliyyat naziri postunu tutan Ziya Məmmədovla münasibətləri pozulan Hafiz Məmmədova qarşı total hücumlar başlanmışdı. Həmin hücumlar Hafiz Məmmədova məxsus “Bahar” yatağının işlənilməsi ilə bağlı ən bahalı layihənin Ziya Məmmədovun sərəncamına keçməsi ilə nəticələnmişdi.

Hafiz Məmmədov çox sonralar bu hücumların bütün detallarını mətbuata açıqlamışdı. Məlum olmuşdu ki, Ziya Məmmədov nazir olduğu günlərdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının dəstəyi ilə Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun qarşısını kəsib.

Hafiz Məmmədovun o zaman bu olayla bağlı mətbuata dediklərindən sitat: “Bahar” yatağının işlənilməsi ilə bağlı ən bahalı layihəmi ələ keçirmək üçün qəti qərar vermişdilər. Günortaya Kənan zəng vurdu və açıq hiss olunan həyəcanlı səslə bildirdi ki, “əmisi” Ziya Məmmədovun başçılığı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı bölməsinın böyük bir dəstəsi məni axtarır. Oğlumun həyəcanının səbəbini sonra bildim. Onu bir neçə xüsusi avtomobillə “sıxaraq” saxladıblar. Qabaq maşından Ziya Məmmədov düşüb, gözləyib ki, qara maskalarda on yekəpər oğlanlar da düşüb onun arxasında döyüş vəziyyəti tutsunlar. Bundan sonra, onu müşayiət edən xüsusi təyinatlı dəstəyə işarə edərək, lovğa-lovğa, təkəbbürlə Kənana deyib ki, oyun başa çatdı. Yəni atana de ki, dərhal görüşə gəlsin. Onda nəqliyyat naziri olan Ziya Məmmədovun MTN-in Xüsusi Təyinatlı Dəstəsinə necə başçılıq etdiyi mənim üçün bu gün də müəmma olaraq qalır. Eləcə də məni, ümumiyyətlə, hansı səbəbdən xüsusi təyinatlı dəstənin axtarması... Amma o anda, vəziyyəti necəsə yumşaltmaq üçün, ona zəng vurdum. Ziya ciddi şəkildə şəhərdəki məşhur mehmanxanaların birinə getməyimi, orada “Bahar” Operating Company şirkəti rəhbərliyinin keçirdiyi toplantıya qatılmağımı və öz səlahiyyətlərimdən imtina etməyimi “tövsiyə etdi”. Bundan sonra ona qulaq asmağın mənası yox idi. O qədər “mehriban tövsiyədən” imtina etmək mümkün deyildi. Amma mehmanxanada nisbətən kiçik otağa daxil olanda mən daha çox təəccübləndim. Masanın baş tərəfində nazirin oğlu Anar Məmmədov oturmuşdu, masanın arxasındakı digər bütün yerlər də onun adamları tərəfindən tutulmuşdu. Və şirkətə rəsmən aidiyyəti olan yeganə şəxs, mənim amerikalı partnyorum Grenfeld şirkətinin başçısı… onların arasında kasıb qohum qismində vurnuxurdu. Ona, tək rəsmi şəxsə, stul çatmamışdı – bütün stullarda mənim tanımadığım insanlar oturmuşdular və hiss olunurdu ki, onlar yalnız mənim gəlişimi gözləyirlər... Və bu insanlar, qara maskalarda onları əhatə etmiş yekəpər oğlanların dəstəyini hiss edərək, kobud formada tələb etdilər ki, mən yazılı şəkildə “Bahar” Operating Company şirkətinin prezidenti vəzifəsindən imtina edim. Onlara izah etmək istədim ki, bütün bunlar qanunsuzdur, amma… əbəs yerə”.

O zaman Hafiz Məmmədov bildirmişdi ki, Eldar Mahmudov qudası, “Beynəlxalq Bank”ın rəhbəri Cahangir Hacıyevlə birgə ona almadığı kreditləri yükləməsini də açıqlamışdı. Onun sözlərindən belə anlaşılırdı ki, Cahangir Hacıyev öz şirkəti olan “Heaney Assets Corporation”a verdiyi 112 milyon dollar və 3.6 milyon avronu Hafiz Məmmədovun adına rəsmiləşdirib.

Sitat: “Mənə yüklədikləri ödənilməmiş kreditin daha 47 milyon dolları “Azərikart” sisteminə görə ayrılmışdı, hansı ki, həmin krediti hələ 2012-2013-cü illərdə ödəmişəm. 330 milyon dollar (285 milyon dollar əsas borc, 45 milyon dollar isə faiz) məsələsinə gəldikdə isə bunlar bizə qarşı qaldırılmış 9 məhkəmə iddiasına hesablanıb və onların əsasında indiyə qədər milyonlarla dollar ödəmişik. Bizə yüklənən 770 milyon dollar sübut edir ki, Beynəlxalq Bank bizim şirkətlərin hesablarından uydurma faizlər və təkrar kreditləşmə adı altında yüz milyonlarla dollar artıq pul çıxıb. Məhkəmələr isə Beynəlxalq Bankın sifarişlərini yerinə yetirmək vərdişlərindən hələ də əl çəkməyiblər. Nəticədə “Aqrarkredit”in rəhbəri Məmməd Musayev bu gün raport verir ki, “Hafka”nın Beynəlxalq Banka olan 772.5 milyon dollar borcu ödənilib. Bəli, “Canik” öz çirkin işini görüb qurtardı və getdi. O, törətdiyi əməllərinə görə cəzasını çəkir. Əvvəlcə belə düşünürdük ki, onun getməsi qalanları məsələnin nə yerdə olduğuna inandırmağa imkan verəcək. Lakin belə olmadı”.

Hafiz Məmmədovun həbsə alınandan sonra əvvəllər mətbuata dediyi bu fikirləri ifadə şəkilində istintaqa təqdim etsə, o zaman yaxınlarda onun işi üzrə istintaqa cəlb edilənlər sırasında sabiq nəqliyyat naziri Ziya Məmmədovu da görə bilərik.

İttihama və rəsmi açıqlamaya, hələlik, Hafiz Məmmədovdan, onun yaxınlarından münasibət almaq mümkün olmayıb. Amma Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını deyirdi.

“Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”, - o, yerli mediaya açıqlamalarının birində vurğulamışdı.

1964-cü il təvəllüdlü Hafiz Məmmədov vaxtilə ölkə Premyer Liqasında, indi isə Region Liqasında çıxış edən “Bakı” futbol klubuna rəhbərlik edib. Habelə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin üzvü olub.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR