İnsanlara hürriyət, millətlərə istiqlal!

TAIEX aləti çərçivəsində İKTA əməkdaşları üçün təlim keçirilir  

270 07.09.2023 16:26 Ölkə A A

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə Avropa İttifaqının (Aİ) TAIEX texniki yardım aləti çərçivəsində Bakıda üç günlük təlim başlayıb.

Məqsəd mütəxəssislərə qurumun institusional çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində Aİ-yə üzv dövlətlərin ekspertlərinin texniki və sahəvi biliklər aşılamasıdır.

Təlimin əsas mövzuları telekommunikasiya xidmətləri bazarının təhlili, infrastruktura giriş və infrastrukturun paylaşılması modelləri, tənzimləyici öhdəliklərin icrası, internet provayderlərin bazara girişi üçün icazələrin verilməsi mexanizmi, istehlakçı hüquqlarının qorunması və müştəri məmnuniyyətidir. 

Təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İKTA ilə yanaşı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri də iştirak edirlər.

Əvvəlcə İKTA-nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Günel Əhmədova qurumun qısa müddət ərzində gördüyü işlər, layihə və gələcək planları barədə təqdimatla çıxış edib. 

Daha sonra Rumıniyanın İKT üzrə milli tənzimləyici qurumu olan ANCOM-un İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Katalina Draqomir uğurlu tənzimləyici qurum modeli, onun rolunun müəyyən edilməsi, məsuliyyət və hesabatlılığı, iş axınının planlaşdırılması, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, eləcə də ictimaiyyətlə məsləhətləşmə prosesi barədə çıxış edib. Təşkilatın  İnformasiya və müraciətlər şöbəsinin eksperti Katalina Stan isə telekommunikasiya istehlakçılarının hüquqlarının qorunması və məlumatlandırılması ilə bağlı təcrübəsini videokonfrans vasitəsilə təlim iştirakçıları ilə bölüşüb.

Macarıstanın Milli Media və İnformasiya Kommunikasiyaları Qurumunun Beynəlxalq əlaqələr və strategiya üzrə direktoru Ervin Kajzinger telekommunikasiya bazarında fəaliyyətə başlamaq üçün ümumi icazənin tətbiqi və elektron kommunikasiya üzrə Avropa tənzimləyicilərinin vahid qurumu sayılan BEREC-in məlumat bazası haqqında məlumat verib. Macarıstanın tənzimləyici orqanının baş eksperti Balaş Sekeli isə Azərbaycanda aydın və hərtərəfli 5G Strategiyasının işlənib hazırlanması üçün faydalı olan qabaqcıl Avropa təcrübəsini bölüşüb.

Növbəti günlərdə Estoniyanın İstehlakçı Hüquqları və Texniki Tənzimləmə Qurumunun nümayəndəsi Oliver Qailan müştəri təcrübəsi, ümumi icazələr və 5G Strategiyası, Sloveniyanın Kommunikasiya Şəbəkələri və Xidmətləri Agentliyinin (AKOS) eksperti Stanko Tasko infrastruktura giriş və infrastrukturun paylaşılması üzrə modellər, Rumıniyanın tənzimləyici qurumunun ekspertləri isə genişzolaqlı şəbəkə üzrə xəritələnmə və mobil əhatə dairəsi üzrə monitorinq sistemi ilə bağlı təqdimatlarla çıxış edəcəklər. Onlar ən yaxşı təcrübə nümunələrinin Azərbaycanın müvafiq sahədə hazırki və gələcəkdə qəbul ediləcək qanunverciliyə uyğunlaşdırılmasına dair tövsiyələr verəcək, Aİ-nin tənzimləyici çərçivəsinin tətbiqi sahəsində Azərbaycan üçün perspektivdə olan addımlar haqqında müzakirələr aparacaqlar.

TAIEX Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsidir. TAIEX Aİ qanunvericiliyinin yerli qanunverciliyə uyğunlaşdırılması, tətbiqi və icrası, həmçinin Aİ-nin ən yaxşı təcrübələrinin paylaşılmasını asanlaşdırmaq məqsədilə dövlət qurumlarını dəstəkləyir. TAIEX çərçivəsində təşkil edilən təlimlərin keçirilməsi üçün Aİ-yə üzv dövlətlərin tənzimləyici qurumlarının ekspertləri cəlb olunur.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR