İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici şirkətlər Qarabağda tikinti işlərinə başlayır - hansı ölkələr iştirak edəcək...

2721 14.09.2023 12:47 Ölkə A A

 

Qarabağın azadlığından sonra Azərbaycan elan etmişdi ki, dost ölkələr işğaldan azad edilən ərazilərin bərpasında, buradakı layihələrdə iştirak edəcəklər. Müharibə bitəndən dərhal sonra Türkiyə şirkətləri artıq Qarabağda çalışmağa başladı. Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Macarıstan da Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında tikinti-quruculuq işlərinə başlayacaq.

Bu haqda xəbəri Macarıstanın beynəlxalq əlaqələr üzrə dövlət katibi Zoltan Kovacs özünün sosial media hesabında paylaşıb. Z. Kovacs qeyd edib ki, 2024-cü ildə ölkəsi Qarabağ bölgəsinin yenidən qurulmasında iştirak edəcək. Bu iş üçün Macarıstanın tikinti şirkətlərindən ibarət konsorsium qurulacaq. O, qeyd edib ki, Macarıstan Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcək. Macar rəsmisi əlavə edib ki, Azərbaycan hökuməti bununla bağlı planları təsdiq edib və bəzi müqavilələr də artıq imzalanıb. O da qeyd edilir ki, sözügedən məsələ Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Macarıstana səfəri zamanı vurğulanıb.  Xarici şirkətlər quruculuq, abadlıq işində sərmayəçi kimi də iştirak edirmi? Bugünədək hansı ölkələrin şirkətləri Qarabağda çalışmağa başlayıb və onlar konkret hansı işləri həyata keçirirlər?

Azər Badamov: Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinin  tərəfdarı olub - AZƏRTAC

Azər Badamov: “Bu prosesdə iştirak edən dostların sayının artması məcburi köçkünlərin öz yurdlarına qayıtmasını tezləşdirəcək”

Mövzu ilə bağlı iqtisadçı millət vəkili Azər Badamov “Yeni Müsavat”a dedi ki, Macarıstan Azərbaycanın strateji və etibarlı tərəfdaşıdır: “Macarıstan ölkəmizin müstəqılliyini ilk tanıyan ölkələrdəndir. Ölkələrimiz beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. O cümlədən son illərdə ikitərəfli əməkdaşlıq çox yüksək səviyyəyə qalxıb. Biz Macarıstanı Avropa İttifaqına açılan qapımız hesab edirik. Ona görə də beynəlxalq tranzit və enerji layihələrimizdə əməkdaşlığımız günü-gündən dərinləşməkdədir. Azərbaycan həm də 30 il erməni işğalı ilə üzləşmiş və çətin günlərini yaşamış ölkədir. Təxminən üç il əvvəl Müzəffər Ordumuz ərazilərimizi işğaldan azad etdiyi zaman Macarıstan qələbəmizə sevinən ölkələrin arasında ilk yerlərdə dayanır. Macarlar özlərini türk kökənli hesab etdiyindən bir-birimizi daha yaxın hesab edirik və münasibətlərimiz qardaşlıq səviyyəsinə yüksəlib. Bu gün Azərbaycanın qarşısında dayanan ən mühüm vəzifə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasını həyata keçirərək keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına daha tez qaytarılmasıdır. Prezident İlham Əliyev torpaqlarımız işğaldan azad olunan ilk gündən azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesində bizə dost ölkələrin iştirak edəcəyini bəyan edib. Bu gün isə dost ölkələrin şirkətləri bu ərazilərin yenidən qurulması və bərpası işində yaxından iştirak edirlər. Bu prosesdə ilk yerdə Türkiyə dayanır. İtaliya, İsrail, Rusiya  şirkətləri də yenidənqurma və bərpa prosesinə qoşulub. Bununla yanaşı, digər dost hesab etdiyimiz  bir çox ölkələrin şirkətləri də işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası işində iştirak etmək niyyətlərini bildiriblər. O cümlədən Macarıstan  Cəbrayılın Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcəyini bildirib. Təbii ki, yenidənqurma və bərpa prosesində iştirak edən dostlarımızın sayının artması keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtma prosesini sürətləndirəcək”.

Deputat əlavə etdi ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesini Azərbaycan dövləti öz gücü hesabına həyata keçirir: “Bu günə qədər yalnız Özbəkistan və Qazaxıstan  öz maliyyəsi hesabına Füzuli şəhərində orta məktəb və uşaq yaradıcılıq mərkəzi hədiyyə etməklə əsl qardaşlığını nümayiş etdirib. Macarıstan şirkətləri isə  Soltanlı kəndinin yenidən qurulması və bərpası ilə bağlı plan layihələrini müvafiq dövlət qurumlarımızla razılaşdırılmaqla tikinti işlərinə 2024-cü ildən başlamağı nəzərdə tutur. Dostlarımızın işğaldan azad olunmuş ərazilərin yenidənqurma və bərpasında iştirakı ermənilərin viran qoyduğu ərazilərin bərpasını sürətləndirməklə yanaşı, həm də beynəlxalq platformalarda siyasi mövqelərimizi gücləndirir. Bu gün dünyada məhz ədaləti dəstəkləyən dostlarımızın sayının artması düşmənlərimizin ölkəmizə qarşı çirkin niyyətlərini həyata keçirmək istəklərinin  qarşısını alır”.

Eldəniz Əmirov: “Gömrük prosedurunun sadələşdirilməsi ölkə iqtisadiyyatına  effektiv təsir göstərəcək”

Eldəniz Əmirov: “Sülh müqaviləsi bağlandıqdan sonra investisiya yatırmaq istəyən şirkətlərin sayı hədsiz çox olacaq”

İqtisadçı Eldəniz Əmirov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, işğaldan azad olmuş torpaqlarda fəaliyyət göstərən xarici şirkətlərin böyük əksəriyyəti Azərbaycanın dövlət vəsaiti hesabına həyata keçirilən layihələrdə podratçı kimi iştirak edir: “Yəni Prezident də müşavirədə qeyd etdi ki, Azərbaycan işğaldan azad olmuş ərazilərdə bütün işləri öz vəsaiti hesabına görür. Yalnız Özbəkistan tərəfindən Füzulidə orta məktəb inşa edilib və istifadəyə verilib. Heç bir dövlət ora hazırda öz pulunu xərcləmir. Bir də BP şirkəti Cəbrayıl rayonunda, yəni Şərqi Zəngəzur iqtisadi rayonunda 240 Mvt gücündə "Şəfəq" günəş elektrik stansiyasının inşası ilə bağlı növbəti addımlarını atacaq. Konkret olaraq layihənin icrasına başlanacaq. Yerdə qalan digər ölkələrin bura pul yatırması ilə bağlı heç bir məlumat yoxdur. O ki qaldı Macarıstana, bu ölkə Azərbaycanda kifayət qədər-350 milyona yaxın investisiya yatıran ölkədir. Amma işğaldan azad olunmuş ərazilərdə Macarıstan şirkətlərinin fəaliyyət göstərməsi ilə bağlı verilmiş bu məsələdə detallar məlum deyil. Macarıstan gələn ildən başlayaraq Soltanlının bərpasında iştirak edəcək. Yəni bura investisiya yatırır, yoxsa dövlət investisiya layihələrində payçı kimi iştirak edəcək, bununla bağlı hər hansı məlumat olmadığından  birmənalı nə isə demək çətindir. Başqa ölkələrin burada iştirakı təbii ki, vacibdir. Bunlar yenidənqurma və bərpa işlərini sürətləndirirlər. Yeni təcrübələr gətirirlər. Sülhün bağlanmasında ciddi tərəf kimi iştirak edirlər, strateji tərəfdaşa çevrilirlər. Amma onlar pullarını xərcləmək istəmirlər. Onun da əsas səbəbi sülh müqaviləsidir. Düşünürəm, sülh müqaviləsi bağlandıqdan sonra investisiya yatırmaq istəyən xarici şirkətlərin sayı hədsiz çox olacaq".

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR