İnsanlara hürriyət, millətlərə istiqlal!

12 kilo ətlə doymayanlar, balasına qəsd edənlər - Zooloji Parkdan REPORTAJ - FOTOLAR, VİDEO

8822 19.12.2023 08:00 Reportaj A A

İcraçı direktor Nəzakət İsayeva: “Bizə sual verilir ki, nə vaxt gəlirik, şir yatır, əslində...”

Düzünü desəm, Bakı Zooloji Parkına ilk gedişimdə oradan məyus halda qayıtmışdım. Əlbəttə, açıq hava, geniş ərazi, yaşıllıq, bir sözlə, heyvanlar üçün bəlkə də bundan gözəl şərait ola bilməz. Amma bütün bu cah-calalın içində heyvanlar çox bədbəxt görünürdülər. Buraya toplaşan uşaqlar belə heyvanların halından mütəəssir olmuşdular. 

Yəni yırtıcı heyvanları belə halsız, yuxulu görmək təəccüb doğururdu. Pələng qarşısında qalaq-qalaq topalanmış ətə gözünün ucu ilə baxmır, elə uzanıb, sanki xəstəhaldır. Şir də onun kimi.  Sanki yuxuya gediblər, amma gözləri ilə sənə baxaraq nə isə demək istəyirlər. Bu yerdə məşhur yazıçı Hyu Loftinqin əsərinin qəhrəmanı Doktor Dulitl kimi heyvanların dilini bilib, onlarla dərdləşmək keçir könlündən. Hələ ceyranları, maralları demirəm... Boynu bükülü  elə durublar,  gözləri lap uzaqlara yol çəkirmiş kimi... 

Yolum ikinci dəfə də Bakı Zooloji Parkına düşdü, bu dəfə “Yeni Müsavat”ın jurnalisti olaraq. Zooparka yollanıb, həm ötən təəssüratlarımla, həm də yeniliklərlə bağlı suallara cavab almağa çalışdım.  

Parkın girişində bu dəfə adam xeyli az idi. Bizə yaxınlaşan bələdçi də təsdiqlədi ki, qış ayları olduğuna görə, həm də cümə günündə ziyarətçilər az olur. Onun dediyinə görə, əsasən şənbə-bazar günləri burada insan izdihamı yaşanır. Yeri gəlmişkən, zooparka giriş uşaqlar üçün 2 manat, böyüklər üçün 5 manat, tələbələr üçün 2 manat, xarici vətəndaşlar üçün 10 manatdır. Bələdçi ilə tur isə 20 manat təşkil edir.

Qeyd etmək yerinə düşər ki, vaxtilə Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılan zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə olub. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb. 

Beləliklə, zoopark ərazisini gəzməyə başlayırıq. İlk olaraq “Aquaterrarium”a nəzər salırıq. İçərisi tünd rəngə boyanmış olan bu bağlı məkanda dünyanın müxtəlif yerlərindən gətirilmiş müxtəlif növ balıqları görmək olur. İri akvariumlarda bərq vuran balıqlar əsasən uşaqların marağına səbəb oldu. Bir az qabaqda yarıyuxulu vəziyyətdə olan ilanlar da diqqətimizdən yayınmır, Pələng Pitonu adlanan bu ilan insanları görər-görməz başını qaldırıb, vahiməli şəkildə gözünü zilləyir. Uşaqlardan biri gözünü bərəldərək, “görəsən, bu zəhərlidir”, - deyə soruşur. Bələdçi “yox, qorxma zəhərli deyil”, - deyə gülümsəyərək cavab verir. 

Yeri gəlmişkən, zooparkı ziyarət edənlər içində əcnəbilərin çox olması da diqqət çəkir. Bir az sonra çöldə “skuter”lə şütüyən dubaylı azyaşlılarla söhbət zamanı öyrənəcəkdik ki, onlar buranın daimi ziyarətçiləridir. Ən çox da tutuquşulardan xoşları gəlir. 

Artıq günortaya az qalıb. Az-az olsa da, yerli vətəndaşların da gəldiyini görmək olur. Şagirdlərini sıra ilə düzən müəllimin, “düz durun, heç yerə getməyin, uzaqlaşmayın”, - deyə qışqırması bir ara yaranan sükutu pozur. Uşaqlardan biri əlimdə mikrofonu görüb maraqla baxır və sual verməkdən çəkinmir, aramızda kiçik söhbət də yaranır. Hüseyn deyir ki, bura ikinci dəfədir gəlir, ən çox xoşladığı heyvan isə maral və şirdir: “Amma hayıf, mən gələndə şir yatmış olur, onun ora-bura qaçmasını görmək çox istərdim”. 

Uşaqlardan  bir az aralıda, qəfəsdə cırmaqlaşan pələngləri də görürük.  Məktəblilər tez pələng olan çəpərə sarı qaçırlar. Bunlar aylar öncə dünyaya gələn və tez bir zamanda məşhurlaşan həmin üç pələng balasıdır, biri erkək, ikisi dişi. Bələdçi ana pələngi göstərir. "Baxın, ana üçəmlərin yanında sakitcə uzanıb, onları izləyir", deyir. “Bəs ata pələng haradadır”, - deyə uşaqlardan biri soruşur. Bələdçi “Ata pələng balacalara zərər verirdi, onlar hələ tam böyüməyiblər, atası onları zədələməsin deyə onu ayrıca məkanda saxlayırıq”, - deyə bildirdi. 

Qapalı bir otaqda saxlanılan daha bir heyvan da nəzərimizi çəkir. Öyrənirik ki, bu yeni gətirilən limurdur. Demə, limurlar soyuqda yaşaya bilmirlər. Ona görə zooparkda ən isti guşə onun üçün ayrılıb və kiçik otağın bir küncündə qısılıb, mışıl-mışıl yatır. Bəs görəsən, zooparka daha hansı yeni heyvanlar gətirilib, bunu da az sonra öyrənəcəyik. 

Onu da deyim ki, ilk dəfə gəldiyimdən fərqli olaraq bu dəfə heyvanları daha qıvraq gördüm. Yalnız ceyranlar və qartallardan başqa, onlar yenə sanki yuxulu, məzlum görünüş almışdılar... 

Zooparkı gəzdikcə cavabını almaq istədiyim bir sıra suallar da yaranır.

DİREKTOR.jpeg (151 KB)

Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva əvvəldən danışdığımız kimi, görüşə gəldi və Heyvanat Parkını gəzə-gəzə bir sıra suallarımı da cavabladı. Onunla söhbətdə öyrəndim ki, hazırda Heyvanat Parkında 125 növ heyvan var, onlardan 40 növü məməlilər, 33 növü qanadlılar, yerdə qalanı isə balıqlar, suda-  quruda yaşayanlar və sürünənlərdir: “Heyvanat Parkında qırmızı kitaba daxil olan 22 növ heyvan var. Onlardan bəbir, Qonur ayı, ceyran, Qamış pişiyi, Nəcib maral, Soltan toyuq, Qutan, Qızıl qaz, Ağbaş kərkəs, Keçəl Qarabaş kərkəs, Toğlugötürən, Leşcil ağqartal, Tirəndaz və başqaları vardır”. 

Heyvanların qidalanmasından da söz açan icraçı direktor əlavə etdi ki, Heyvanat Parkında məskunlaşan hər bir heyvan üçün xarici mütəxəssislər tərəfindən yem rasionu işlənilib hazırlanır: “Heyvanların yemləndirilməsi nə qədər yaxşı  və keyfiyyətli aparılarsa, xəstəliklər və hər hansısa problemlərin qarşısını bir o qədər də almış oluruq. Heyvanat Parkında birinci və əsas qaydamız odur ki, ən keyfiyyətli yemlərdən istifadə edək. Hər bir heyvanın xüsusi qida rasionu var. Qış və yay rasionu ayrıdır. Misal üçün, yırtıcılara yayda 8 kiloqram ət veririksə, qışda artıq 12 kiloqram ət verilir. Onu da əlavə edim ki, Afrika və Asiyanın isti ölkələrində olan heyvanlar və ekzotik quşlar da burada məskunlaşır. Bunun üçün də qış aylarında bu heyvanlara ayrıca qulluq və qayğı göstərilir”. 

Nəzakət İsayeva “Heyvanların, əsasən də yırtıcıların bir çox hallarda yuxulu, halsız görünmələri nə ilə bağlıdır. Onlara sakitləşridirici vurulduğuna görəmi belədir” sualına belə cavab verdi: “Bizə də sual verilir ki, nə vaxt gəlirik, şir yatır. Əslində təbiətdə də şirlər gün ərzində 20 saat yatırlar. Yalnız gecə dörd saat ova çıxarlar. Təbii ki, biz heç bir heyvana sakitləşdirici vurmuruq. Nə zaman sakitləşdirici vurulur? Yalnız baytarlıq proseduruna ehtiyac yarandığı və ya yırtıcı heyvanın bir volyerdən digərinə keçirildiyi zaman baytar həkimin iştirakı ilə  xüsusi preparat vasitəsilə yatızdırılır. Tibbi prosedurlar qurtardıqdan sonra eyni şəkildə xüsusi preparatlar vasitəsilə də oyandırılır. Yəni yalnız təhlükəsizlik baxımından istifadə olunur”. 

İcraçı direktor Heyvanat Parkına yeni heyvanların gətirilib-gətirilməyəcəyi ilə bağlı suala da cavab verdi: “Bakı Şəhər Heyvanat Parkı dünyanın ən öndə gedən heyvanat parkları ilə qarşılıqlı əməkdaşlıq qurur, hətta 2024-cü ildə Avropa Zooparklar və  Aqvariumlar Assosiasiyasına daxil olmaq üçün hazırlıqlar gedir. Yenidən qurulmuş Heyvanat Parkının yalnız quruluşu deyil, həm də yanaşma tərzi dəyişib. Bizdən soruşurlar ki, fil kimi böyük heyvan gətiriləcəkmi? Bu cür iri heyvanların saxlanması üçün bizim elə geniş ərazimiz yoxdur. Ümumiyyətlə isə məqsəd Heyvanat Parkına yeni heyvanlar gətirib ziyarətçilərin nümayişinə çıxartmaq deyil, Azərbaycanın faunasında qırmızı kitaba daxil olmuş nadir və nəsli kəsilməkdə olan heyvan növlərini artırıb çoxaltmaq, elmi-maarifçilik işləri ilə məşğul olmaq və insanlara, ən əsas da uşaqlara heyvan sevgisini aşılamaqdır.

Heyvanların rifahının və vəhşi təbiətin mühafizəsinin əhəmiyyətini nəzərə alaraq,  zooparka yeni heyvanların gətirilməməsi, bəzi hallarda zooparka yalnız qanunsuz olaraq saxlanılan və ya xilas edilən vəhşi heyvanların əlavə edilməsi nəzərdə tutulur. Bakı Zooloji Parkı,  İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə reintroduksiya layihəsi də həyata keçirir. Belə ki, Heyvanat Parkında məskunlaşmış, Azərbaycanda “Qırmızı Kitab”a düşən, nəsli kəsilməkdə olan heyvanları çoxaldaraq öz tarixi areallarına buraxılır. Bu layihə çərçivəsində Şahdağ Milli Parkına 5 baş Qafqaz Nəcib maralı, Acınohur çölünə 3 baş ceyran, Hirkan Milli Parkına 7 baş Hindistan tirəndazı,  Qarabağa isə 4  baş Dağıstan turu öz tarixi areallarına buraxılıb".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR