İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ "erməni faktoru"ndan imtina edəcək, Paşinyan Putinə cavab verəcək: İrəvan yenidən Kremllə yaxınlaşmağa çalışır

2136 21.01.2024 16:17 Analitika A A

Paşinyan hakimiyyəti Bayden adminstrasiyasının timsalında, özünün əsas beynəlxalq himayədarını itirmək təhlükəsi qarşısında qalıb... Son illərdə rəsmi İrəvan o qədər "sürüşkən xarici siyasət" yürüdüb ki, Ermənistan Rusiyaya xəyanətin hesabını ödəmək məcburiyyətində qala bilər...

Ermənistan "geopolitik labirint"də çabalamaqda davam edir. Üstəlik, zaman keçdikcə, Paşinyan hakimiyyəti bu "geopolitik labirintə" paralel olaraq, seytnot vəziyyətinin pressinqini də daha sərt şəkildə hiss edirlər. Ona görə də, rəsmi İrəvan son vaxtlar ciddi tərəddüdlər içərisində olduğunu qətiyyən gizlədə bilmir. Və bu, Paşinyan hakimiyyətinin davranışlarında da öz əksini tapmağa başlayıb.

Məsələ ondadır ki, bir müddət öncəyə qədər Paşinyan hakimiyyəti Rusiyaya qarşı aqressiv diplomatiya mövqeyindən çıxış edirdi. Rəsmi İrəvan hər imkanda Rusiyanı Ermənistanın bütün hərbi-siyasi uğursuzluqlarda əsas günahkar kimi təqdim edirdi. Hətta beynəlxalq platformalarda Rusiyaya qarşı açıq "qara piar" kampaniyası aparırdı. Və bütün bunlarla Qərbdəki himayədarlarını mümkün qədər daha çox məmnun etməyə çalışırdı.

Ancaq son vaxtlar rəsmi İrəvanın Rusiyaya yönəlik davranışlarında müəyyən dəyişikliklər müşahidə olunmağa başlayıb. Paşinyan hakimiyyəti Kremlə münasibətdə qəliz situasiya yaratdığını anlayır, artıq mümkün qədər ehtiyatlı davranmağa üstünlük verir. Hətta rəsmi İrəvan Rusiya xarici işlər naziri Sergey Lavrovun Paşinyan hakimiyyətinin öhdəliklərini ifşa edən ittihamlarına da hələlik sükutla cavab verir. Halbuki, buna qədər Kremldən gələn analoji açıqlamalar dərhal Rusiyanın əleyhinə ittihamlarla cavablandırılırdı.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ermənistan üçün bəzi məsələlərin tərsinə çevrilə biləcəyindən duyuq düşməyə başlayıb. Xüsusilə də, ABŞ və Qərbin son vaxtlara qədər ciddi şəkildə dəstəklədiyi Ukraynanı Rusiyanın qarşısında təkbaşına buraxması Ermənistanın siyasi dairələrini narahat edir. Çünki Rusiyanın Ukrayna savaşında qələbə şansının ortaya çıxması Ermənistan üçün yaxınlaşan fəlakətdən xəbər verir. Hər halda, rəsmi İrəvan Kremlin Ermənistan tərəfindən Rusiyaya xəyanət edilməsini heç bir halda, bağışlamayacağını nəzərə almaq məcburiyyətində qalıb.

Digər tərəfdən, Paşinyan hakimiyyəti Rusiyanın son vaxtlar Ermənistana hərbi yardım göndərməsini də hesaba qatır. Belə ki, Kreml Ermənistana hücum silahları göndərib. Üstəlik Rusiyadan Ermənistana silah daşınması hələ də davam edir. Düzdür, rəsmi İrəvan ABŞ və Qərb qarşısında özünə haqq qazandırmaq bunu Rusiya ilə əvvəllər imzalanmış müqavilələr üzərindən izah etməyə çalışır. Halbuki, Ukrayna savaşı ucbatından silah-sursat defisiti ilə üzləşmiş Rusiyanın məhz belə situasiyada Ermənistanla sazişləri icra etməsi qətiyyən təsadüfi deyil.

Ermənistanın siyasi elitasında Rusiyanın Ukrayna savaşından sonrakı dövrə indidən hazırlaşmağa başlamış ola biləcəyindən narahatdır. Belə ehtimal olunur ki, Ukrayna savaşından sonra Rusiya Ermənistanda mütləq hakimiyyət dəyişikliyi edəcək. İndi göndərilən silah-sursat da məhz Ermənistanın yeni hakimiyyətinin istifadəsi üçün nəzərdə tutulub. Üstəlik Kremlin bu davranışı Ermənistan cəmiyyətində Rusiyanın pozitiv rəylər qazanmasına da hesablanıb. Yəni, ABŞ və Qərb yalnız vədlər verir, "növbətçi bəyanatlar" səsləndirir, ancaq Rusiya isə hətta çətin vəziyyətdə olsa da, Ermənistana hərbi yardım göstərir.

Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin Ermənistana artıq hərbi yardımlar göstərməyə başlamış Rusiyadan qorxması üçün kifayət qədər ciddi əsasları mövcuddur. Rəsmi İrəvan anlamağa başlayıb ki, Ermənistana çoxsaylı vədlər verən ABŞ və Qərb nə vaxtsa, hətta çox yaxın vaxtlarda Ermənistanın arxasından çəkilə bilər. Çünki Ermənistan Cənubi Qafqazda ABŞ və Qərbə yalnız Rusiyaya qarşı "geopolitik alət" kimi istifadə etmək üçün lazımdır. Və Ermənistanın bundan artıq heç bir strateji-siyasi, iqtisadi-ticari əhəmiyyəti yoxdur.

9b58bdb4982b6d86e0c984cff2f87cd2.jpg (101 KB)

Ona görə də, ABŞ və Qərbin geopolitik maraqlarında ən kiçik dəyişiklik baş verəcəyi təqdirdə, Ermənistan heç kimə lazım olmayacaq. Belə vəziyyətdə hətta erməni diasporu da Ermənistana kömək etməyəcək. Ermənistan politoloqları hətta hesab edirlər ki, Ermənistanın istifadə müddəti sona çatmaq üzrədir. Və bu zaman ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən dərhal sonra qapanmağa başlaya bilər.

Erməni politoloq Vaqe Aqadjanyan konkret olaraq, bu ilin noyabr ayında Paşinyan hakimiyyəti üçün "qaranlıq dövr" başlayacaq: "Ancaq noyabr ayına hələ çox zaman var. Ermənistan cəmiyyəti ABŞ demokratlarının Ağ Evdən qovulmasına qədər səbr etməli olacaq. Halbuki, Bayden adminstrasiyası yoluna davam edərsə, bu, Paşinyan hakimiyyətinə deyil, məhz Ermənistan üçün fəlakət gətirəcək".

Məsələ ondadır ki, erməni politoloq hesab edir ki, ABŞ və Qərb tərəfindən "qaranlıq tunelə" sürüklənən Ermənistanın Paşinyan hakimiyyətindən xilas olması üçün məhz Bayden adminstrasiyasının dəyişməsi çox vacibdir. Çünki məhz keçmiş prezident Donald Tramp Ağ Evə qayıdrsa, ABŞ Ermənistanı Rusiya ilə qarşıdurmaya düçar etmiş Paşinyan hakimiyyətinə dəstəyini dayandıracaq: "Ona görə də, ən sərfəli variant Paşinyan hakimiyyətinin elə həmin vaxta qədər istefaya göndərilməsi olardı. Çünki bu halda, Ermənistanın yeni hakimiyyəti bir tərəfdən Rusiya ilə münasibətləri qaydasına salardı. Digər tərəfdən isə Tramp adminstrasiyası ilə normal əməkdaşlıq metodlarını hazırlayırdı".

1fd5784624185cfe42d583a67be17464.jpg (243 KB)

Əsas qənaət ondan ibarətdir ki, baş nazir Nikol Paşinyan öz məhdud ağıl imkanları ucbatından Tramp adminstrasiyası ilə dil tapa bilməz. ABŞ respublikaçılarının baş nazir Nikol Paşinyan kimi liderlərlə danışmaq belə, istəməyəcəklərinə Ermənistan cəmiyyətində şübhə etmirlər. Yəni, ehtimal olunur ki, əgər, Donald Tramp prezident seçilərsə, Paşinyan hakimiyyətini nə ABŞ, nə Rusiya, nə də hər hansı Qərb siyasi iradə mərkəzi ciddiyə almayacaq.

Əslində, Ermənistan cəmiyyətində belə qənaətlərin mövcud olması o qədər də təəccüblü deyil. Çünki vaxtilə Donald Tramp hakimiyyətdə olarkən, ABŞ nəinki Paşiyan hökumətinə, ümumiyyətlə, Ermənistana elə bir ciddi əhəmiyyət vermirdi. Ağ Evin strateji planlarında "erməni faktoru"na hər hansı yer ayrılmırdı. Tramp adminstrasiyası ABŞ-ın erməni diasporunun hay-küyünə qətiyyən əhəmiyyət vermirdi. Və II Qarabağ savaşı dövründə ABŞ-ın Ermənistanın məğlubiyyətinə hər hansı ciddi reaksiya verməməsi də bunu təsdiqləyir.

İndi respublikaçıların prezidentliyə namizədi Donald Trampın Bayden adminstrasiyası üzərində qələbə şansları kifayət qədər yüksəkdir. Ona görə də, Paşinyan hakimiyyəti Bayden adminstrasiyasının timsalında özünün əsas beynəlxalq himayədarını itirmək təhlükəsi qarşısında qalıb. Son illərdə Paşinyan hakimiyyəti o qədər "sürüşkən xarici siyasət" yürüdüb ki, Ermənistan Ağ Evin dəstəyi olmadığı təqdirdə, Rusiyaya xəyanətin hesabını mütləq ödəmək məcburiyyətində qala bilər. Və bu, Ermənistan üçün əsl fəlakət ssenarisi deməkdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR