İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Qərb Ermənistanı niyə qoruma altına alır: İrəvanla gizli anlaşmanın müəmmalı detalları üzə çıxdı

3835 22.03.2024 15:43 Analitika A A

ABŞ və Avropa Birliyinin rəsmi İrəvanla imzalamağa hazırlaşdığı təhlükəsizlik təminatı barədə pakt Ermənistanı nə Rusiyadan, nə də Azərbaycandan qoruya bilməz... Paşinyan hakimiyyəti Ermənistana təhlükəsizlik təminatı verə biləcək yeganə ölkənin məhz Azərbaycan olduğunu əvvəl-axır qəbul etmək məcburiyyətində qalacaq...

Ermənistan beynəlxalq məkanda fəal şəkildə özünə yeni müttəfiqlər, daha doğrusu, himayədarlar axtarır. Üstəlik, rəsmi İrəvanın bu "axtarışları" Cənubi Qafqazla bağlı "geopolitik bazarlıq" üzərindən aparılır. Paşinyan hakimiyyəti Azərbaycan ilə müzakirə etməli olduğu mövzuları məhz Cənubi Qafqaza birbaşa aidiyyatı olmayan Qərb siyasi dairələri qarşısında gündəmə gətirir. Və əsas məqsəd açıq şəkildə nəzərə çarpır.

Məsələ ondadır ki, belə görüşlərdə Paşinyan hakimiyyətinin təmsilçiləri bir tərəfdən rəsmi Bakıdan şikayətlənib, Azərbaycana qarşı əks təbliğat aparır. Digər tərəfdən isə Ermənistanı məzlum və zərərçəkən tərəf kimi təqdim edərək, Azərbaycana qarşı geopolitik qarşıdurmada dəstək istəyir. Əvəzindəsə, Qərb siyasi dairələrinin Cənubi Qafqazdakı maraqlarına Ermənistanın qeyd-şərtsiz xidmətini təklif edir.

Bu baxımdan, Ermənistan baş naziri Nikol Paşinyanın növbəti dəfə Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda sülh prosesini Qərb siyasi dairələri ilə müzakirə etməsi o qədər də təəccüb doğurmur. Belə ki, erməni baş nazir Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel ilə görüşdə Azərbaycanla münasibətlərin normallaşdırılması mövzusunu gündəmə gətirib. Üstəlik baş nazir Nikol Paşinyan mövcud anlaşmaları davamlı olaraq, pozduğu halda, onların icra edilməsinin vacibliyini də vurğulayıb. Onun fikrincə, həmin anlaşmalar Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi məhz Alma-Ata Bəyannaməsinə əsasən aparılmalıdır.

Halbuki, delimitasiya və demarkasiya prosesinin hüquqi sənədləri ilə bağlı məsələ hələ müzakirə mərhələsindədir. İki tərəf arasında bu barədə prinsipial qərar və ya anlaşma hələlik mövcud deyil. Ancaq belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın maraqlarına uyğun sənədi artıq müəyyən edib və bunu Azərbaycan tərəfinə də qəbul etdirməyə cəhd göstərir. Və bu məsələdə Qərb siyasi dairələrinin dəstəyinə ümid bəsləyir.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Təbii ki, baş nazir Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında sülh prosesinin imzalanması ilə bağlı Fransa prezidenti Emmanuel Makrondan da müəyyən məsləhətlər alır. Onların Brüssel görüşündə bu məsələ əsas müzakirə mövzusu olub. Halbuki, Cənubi Qafqazdakı sülh prosesinin və regional situasiyanın Fransa prezidenti ilə müzakirə edilməsi tamamilə məntiqsiz və absurddur. Və belə müzakirələr Cənubi Qafqazda sülhə deyil, əksinə, hərbi-siyasi gərginliyin daha da yüksəlməsinə yol açır.

Məsələ ondadır ki, Fransa Ermənistanın əsas beynəlxalq himayədarı olsa da, Cənubi Qafqaza heç bir aidiyyatı olmayan dövlətdir. Rəsmi Paris tərəfsizlik prinsiplərini kobud şəkildə pozduğuna görə sülh prosesindən kənarda qalmaqdadır. Belə olduğu təqdirdə, rəsmi İrəvanın regional proseslərdən kənarlaşdırılmış Fransa ilə yalnız Ermənistanla əməkdaşlıq mövzusunu müzakirə etməsi daha məntiqli olardı. Və bu baxımdan, Paşinyan hakimiyyətinin Fransa da daxil olmaqla, Qərb siyasi dairələrinə "geopolitik bazarlıq" çərçivəsində Cənubi Qafqaza kobud müdaxilə imkanları açmağa cəhd göstərdiyi qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, Rusiya da Qərbin Cənubi Qafqazdakı davranışlarından ciddi şəkildə narahatdır. Kreml buna qarşı konkret addımlar atmasa da, hələlik kəskin bəyanatlar ilə reaksiya verir. Əsas tezislər isə Qərbin Ermənistanı Rusiyadan qoparmağa çalışması üzərində qurulub. Halbuki, Kremldə hesab edirlər ki, dünyada Rusiyadan başqa Ermənistanın maraqlarını təmin edə biləcək hər hansı başqa ölkə yoxdur. Hər halda, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin rəsmi İrəvanın "Rusiyadan daha ermənipərəst dövlət tapa bilməyəcəyini" iddia edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova isə vurğulayıb ki, ABŞ başda olmaqla, Qərb siyasi dairələri postsovet ölkələri ilə Kremlin tarixi münasibətlərini korlamağa çalışır, radikal təbliğat kampaniyasını Rusiya onun qonşularına qarşı yönəldir. Onun fikrincə, belə davranışlar ilk növbədə postsovet məkanı üçün faciəvi nəticələr vəd edir: "Qərbin postsovet məkanına müdaxilə cəhdləri dağıdıcı proseslərə yol aça bilər".

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Təbii ki, Rusiya siyasi dairələrindən verilən reaksiyalar ilk növbədə ABŞ və Qərbin Ermənistan üzərindən qurduğu geopolitik oyunlarla birbaşa bağlıdır. Kreml hesab edir ki, rəsmi İrəvan məqsədyönlü şəkildə Rusiya əleyhinə mövqe almağa sövq edilir. Əsas məqsəd isə Ermənistan üzərindən Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasına nail olmaqdır. Fransanın baş naziri Qabriel Attalın Rusiya və Azərbaycanı Ermənistana qarşı aqressivlikdə suçlaması da bunu təsdiqləyir. Kremldə qənaət belədir ki, ABŞ, Avropa Birliyi və NATO Ermənistana Rusiya əleyhinə təhlükəsizlik təminatı verməyə hazırlaşır.

Əslində, Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi ilə bağlı ehtimallar uzun müddətdən bəri mövcuddur. Baş nazir Nikol Paşinyan bir müddət öncə müəmmalı açıqlamalar verdikdən sonra bu mövzu daha da aktuallaşmışdı. Erməni baş nazir vurğulamışdı ki, mart və aprel ayları Ermənistanın gələcək taleyi baxımından, böyük əhəmiyyət daşıyır. Və məhz bu zaman intervalında Ermənistanın ümid bəslədiyi bəzi önəmli geopolitik proseslər intensivlik qazana bilər.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın böyük ümidlə gözlədiyi proseslərin məzmunu təxminən məlum olmağa başlayıb. Belə ki, bəzi diplomatik mənbələrdən sızan məlumatlara görə, ABŞ və Avropa Birliyi Ermənistana təhlükəsizlik təminatı verən paktın imzalanmasına hazırlaşır. Həm ABŞ, həm də Avropa Birliyi ölkələri NATO-nun üzvləri olduğundan imzalanacaq sənəd dolayısı ilə bu hərbi-siyasi alyansı da hüquqi cəhətdən özünə bağlaya bilər. Üstəlik, bu təhlükəsizlik təminatı ilə bağlı pakt məzmun etibarilə Ukrayna ilə imzalanmış analoji sənədləri təkrarlamış olacaq.

Onu da qeyd etmək lazımdır ki, əgər, belə bir sənəd imzalanarsa, burada elə ən önəmli məqam məhz onun məzmununun Ukraynaya verilmiş təhlükəsizlik təminatına uyğun ola biləcəyi ilə birbaşa bağlıdır. Belə ki, Qərbin rəsmi Kiyevə verdiyi təhlükəsizlik təminatının Ukraynaya necə baha başa gəldiyi artıq inkaredilməz reallıqdır. Üstəlik, Ukrayna bu təhlükəsizlik təminatını yalnız Rusiya ilə hərbi-siyasi qarşıdurma ilə bağlı ala bilmişdi. Və bu, Ukraynanın təhlükəsizliyində demək olar ki, heç bir pozitiv rol oynamır.

Ermənistana gəldikdə isə rəsmi İrəvan belə sənəddən yalnız Rusiyadan qorunmaq deyil, həm də Azərbaycanla qarşıdurmada üstünlük qazanmaq üçün də istifadə edə biləcəyinə ümid bəsləyir. Böyük ehtimalla Paşinyan hakimiyyətinin son dövrlərdə yekun sülh sazişinin imzalanmasından israrla yayınmasının əsas səbəbi də məhz bu məqamda gizlənir. Bu baxımdan, hesab etmək olar ki, ABŞ və Qərb yekun sülh sazişi imzalanmadan belə addımlar atmaqla, əslində, Cənubi Qafqazda sülh prosesinin iflasa uğramasına münbit şərait yaratmış olurlar.

b1b46a03bd1541a69135bd6de37c4c10.jpg (131 KB)

Məsələ ondadır ki, rəsmi İrəvanın Qərbin təhlükəsizlik təminatını Ermənistanın Azərbaycana qarşı revanşist planlarına dəstək kimi qəbul etdiyi qətiyyən şübhə doğurmur. Ona görə də, Paşinyan hakimiyyəti Ermənistanın ABŞ və Qərbin qoruması altında olduğunu qənaətinə gələrək, Azərbaycanın ərazilərini yenidən işğal etmək niyyətinə düşə bilər. Halbuki, Ermənistan siyasi dairələrində belə bir niyyətin mövcud olduğunu elə indidən biruzə verməyə başlayıblar.

Ancaq rəsmi İrəvanın nəzərdən qaçırdığı daha önəmli məqamlar da mövcuddur. Belə ki, ABŞ və Qərbin təhlükəsizlik təminatı hələ indiyə qədər heç bir dövləti qoruya bilməyib. Üstəlik, Azərbaycanın NATO ölkəsi olan Türkiyə ilə hərbi müttəfiqlik sazişi mövcuddur. Yəni, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına Qərb də öz dəstəyi ilə bulaşarsa, bu halda, Türkiyənin müdaxiləsi qaçılmaz olacaq.

Nəticədə Qərbin Ermənistan ucbatından olduqca ciddi hərbi-siyasi böhranla üzləşəcəyi qətiyyən şübhə doğurmur. Burada rəsmi Bakının Avropa Birliyinin enerji təhlükəsizliyi maraqlarında oynadığı əvəzedilməz rolu, eləcə də, Azərbaycanın strateji əhəmiyyətini də nəzərə almaq lazımdır.

Ona görə də, ordusu darmadağın edilmiş Ermənistan Qərbin təhlükəsizlik təminatına güvənərək, Azərbaycanla yeni hərbi revanşa cəsarət edərsə, bu, onun üçün böyük fəlakətlə nəticələnə bilər. Bu baxımdan, rəsmi İrəvan ilk növbədə Qərbin Ukraynaya verdiyi təhlükəsizlik təminatının və hərbi dəstəyin mövcud nəticələrini mütləq nəzərə alınmalıdır. Əks halda, Ermənistanın yerinə yetirilməsi inandırıcı olmayan vədlər ucbatından Ermənistan Ukraynanın və ya Suriyanın taleyini eynilə təkrarlaya bilər.

Yəni, Qərbin təhlükəsizlik təminatının Ermənistanı nə Rusiyadan, nə də Azərbaycandan qoruya bilməz. Ona görə də, rəsmi İrəvan Qərbə güvənib, "revanş xəyalları"na düşmək əvəzinə, Azərbaycanla yekun sülh sazişinin imzalanması barədə düşünsə, Ermənistanın gələcək taleyinə yönəlik daha pozitiv addım atmış olar. Hər halda, rəsmi İrəvan Ermənistana təhlükəsizlik təminatı verə biləcək yeganə ölkənin məhz Azərbaycan olduğunu əvvəl-axır qəbul etmək məcburiyyətində qalacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR