İnsanlara hürriyət, millətlərə istiqlal!

Adamın təltifləri, təltiflərin adamı

2917 26.10.2023 09:00 Yazarlar A A

 

15 yaşlı uşaq olasan, cinayət törədəsən, amma cəza almayasan, əvəzində 3 respublikanın ordenini alasan.

Bu dünyada bir ilkdir və yeganə presedentdir. Və bu hadisə günümüzdə, qulağımızın dibində, müsəlman dünyasının bir adasında, Çeçenistanda baş verir.

Söz yox, Adam adlı bu uşaq Çeçenistanın rəhbəri Ramzan Kadırovun oğlu olmasaydı, təcridxanada və ya küçədə, bazarda kiməsə əl qaldırsaydı, onu dərhal ənsələyər, aparıb çətin tərbiyə olunan uşaqlara aid müəssisəyə yerləşdirərdilər, profilaktika üçün peysərinə 3-4 qapaz, onurğa sütununun qurtaran yerindəki qom ətli nahiyəyə ən azı bir təpik tutuzdurub deyərdilər, indən belə fas-farağat dur.

Amma Adam saray uşağıdır, ərköyün baladır, döydüyü də Quran kitabını yandırmış vələdü-zinadır, haqq edib, döyüb, igidddir, eşq olsun – onu təltif edənlərin düşüncəsi belədir.

Təltif edənlər də başqası deyil, biri öz atasıdır, oğlunu “Çeçenistan qəhrəmanı” elan edib. O biri qonşu Tatarıstanın böyüyü Minnexanovdur, Adama “Dostluq” ordeni verib. Belə çıxır ki, bala Kadırov öz şillə-təpikləri iki xalqın arasında dostluq körpüsü salıb.

Üçüncü təltif isə Qaraçay-Çərkəz respublikasının rəhbəri Rəşid Temrezovdan gəlib. O da hesab edir ki, Adam bu hərəkəti ilə qaraçaylar və çərkəzlər qarşısında böyük xidmət göstərib.

Ola bilər, Rusiya Federasiyasındakı digər müsəlman respublikalar da hərəkətə gələcəklər və 15 yaşlı cəngavərin fenomenal xidmətini təltifsiz, orden-medalsız qoymayacaqlar. Məsələn, Başqırdıstan, İnquşetiya, Dağıstan, Kabarda-Balkariyadan da eyni addımlar gözlənilir. Bütün müsəlman icmalar ümumi təltifetmə kampaniyasına qoşulmalıdırlar. Heç kəs qıraqda qalmamalıdır.

Çünki balaca Kadırovun etdiyi balaca iş deyil, hardan baxsan, zırıltı işdir.

Məgər bu, hər adamın işidirmi ki, təcridxanaya dalasan, özündən yaşca böyük adamı şillə-təpyin altına salasan.

Düzdür, bəzi humanistlər deyəcəklər ki, qolubağlı adamı döyməyə nə var. Amma videodan görünür ki, döyülən Juravelin qolu bağlı olmayıb, sadəcə, qapısı, bir də bayırdakı nəzarətçilərə görə dili bağlı olub. Əgər Adam Kadırov həmin gün Juraveli döymək yerinə zorlasaydı da, yazıq müqavimət göstərməyəcəkdi. Canını çöldən tapmayıb ki. Qapı dalındakı konvoy bu halda içəri girib onun qolunu, başını tutar, sonra da sınmamış sümüyünü buraxmazdı. Juravelin anası namaz üstə olub, yəni kilsədə şam yandıran vaxtına düşüb ki, 5-6 şillə-təpiklə canını qurtarıb. Kim bilir, onun başına daha nələr gəlib... Video yox, şahid ifadəsi yox.

Yeri gəlmişkən, 15 yaşı olduğuna baxmayaraq, Adam cantaraq uşaqdır, azı 75 kilo çəkisi var, özü də idmançıdır, bəlkə də Juraveli başqa yerdə də döyə bilərdi. İntəhası, 3-4 il qabaq onun rinqdəki döyüşünü əks etdirən bir videoda yayılmışdı, aydınca görünürdü ki, bir civələk oğlan həmin bu Adamı rinqdə çiləyir. Hərçənd hakimlər axırda qələbəni döyülmüş Ramzanoğluya verdilər, döyən uşaq da hirsindən az qala ağlayırdı.

Bax, o vaxtdan bəri, gör, o, nə qədər inkişaf edibsə, təkbaşına adam döyə bilir.

Bu yerdə adamın yadına İsveçdə hər ayın ortalarında bir rota polisin yardımıyla hansısa meydanda Quranı yandıran Selvan adlı iraqlı düşür. Ay, nə ola, onu da tutub gətirib verələr Adamın əlinə. Pah!!! İnanın ki, Adam onu “boks armudu”na döndərər, yoruluncaya qədər çırpar – həm məşq edər, həm qisas alar, həm də müsəlman respublikaların qəhrəmanına çevrilər. Atası məsələ qaldırar ki, onun “Çeçenistan qəhrəmanı” olması bəs etmir, qoy birdəfəlik “Rusiya qəhrəmanı” olsun.

Bildiyimiz kimi, Rusiya da hüquqi dövlətdir, öz federal subyektlərinin rəylərinə, təşəbbüslərinə hörmətlə yanaşır, yəqin ki, Dövlət Dumasında Ramzan Kadırovun, eləcə də müftilərin müvafiq sözünü yerə salmazlar.

Bircə şeydən qorxuram ki, biz dövlət olaraq, az yaşıyla “şücaət göstərmiş” Adamın silsiləvi şəkildə təltif olunması prosesində iştirak etməyək, indi də şimal qonşularımız bizə irad tutalar ki, nə təhər müsəlmansınız, gedib Qəzzada döyüşmürsünüz, Quran yandıranı döyəni də təltif etmirsiniz...

Çətin regiondayıq, həmvətənlər, burada hərə bir cürə rindü-şeydadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR