İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam kimi Baxmut...

2115 05.03.2023 15:10 Yazarlar A A

Ukraynada hesab edirlər ki, şəhərin işğal altına düşməsinin strateji deyil, psixoloji təsiri olacaq; hərbi ekspertlər niyə buranı “Baxmut ətçəkəni” adlandırır?

Ukrayna müharibəsində daha bir həlledici mərhələ yaxınlışır. Ruslar çoxdan Kiyev iddiasında deyillər, “denasifikasiya” adı altında Zelenski hakimiyyəti dəyişikliyi haqda da çox danışmırlar, ancaq yaxın planı gerçəkləşdirməyə - Donbası tam nəzarətə almağa çalışırlar. Mümkündür ki, məhz bu işğal planı gerçəkləşərsə, Qərb və Rusiya bir daha masa araxasında oturmağa cəhd edə bilər...  

Son bir neçə həftə ərzində ən aktiv döyüşlər Donetskdən 70 km məsafədə yerləşən Baxmut (ruslar köhnə adı Artyomovsk deyirlər) uğrunda həlledici döyüşlər gedir. Şəhər neçə müddətdir ki, intensiv top və raket atəşi altında olduğu üçün yerlə-yeksan edilib, bəzi fotolara baxanda hətta Ağdam xarabalıqlarını xatırladır. Ağdamın Əsgəran, Ağdərə və Xankəndidəki erməni mövqelərinə yaxınlığını, şəhərin mühüm nəqliyyat qovşağında yerləşməsini nəzərə alsaq, Ağdam bənzətməsi yersiz görünmür...  

2023-01-05T164003Z_1127832842_RC2BKY98Q3VR_RTRMADP_3_UKRAINE-CRISIS-BAKHMUT-EVACUATION.JPG.jpg (74 KB) 

Baxmut da mühüm nəqliyyat qovşağıdır, buradan avtomobil və dəmir yolları “Donetsk Xalq Respublikasının” ən iri şəhərlərinə - Kramatorsk, Qorlovka və Slavyanska, həmçinin qondatrma “Luqansk  Xalq Respublikası”nda  yerləşən Luqansk, Lisiçansk və Severodonetskə uzanır. Təsadüfi deyil ki, şəhər uğrunda döyüşlərdə hər iki tərəfdən çoxsaylı itkilər səbəbindən “Baxmut ətçəkəni” adlanır... 

64227734_605.jpg (104 KB)

Rus ordusu Baxmutu mühasirəyə almaq üçün bir neçə yaxın şəhəri ələ keçirib  və əsas döyüşləri keçmiş “sülhməramlı” Rüstəm Muradovun rəhbərlik etdiyi “Şərq” Qüvvələri  və “Vaqner”in muzdlu döyüşçüləri aparırlar.    

Kiyev təmsilçiləri Baxmutdan geri çəkilməyin mümkünlüyü haqda danışırlar. Şoyqunun dünən bölgədə əməliyyata rəhbərlik edən generallarla görüşündən sonra Rusiya hərbçilərinin hətta yaxın bir neçə gündə şəhərə nəzarəti tam ələ keçirə biləcəyindən danışmağa başlayıblar. Qərb kəşfiyyatının hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələrinin 30-40 minə qədər hərbçisi mühasirəyə düşmək təhlükəsi ilə üzləşib...  

Hərbi əməliyyatlar başlayana qədər Baxmutda 72 minə yaxın əhali yaşayırdı ki, əksəriyyəti etnik ukraynalılar idi. Bəzi rusiyalı hərbi ekspertlər hesab edir ki, Baxmutun ələ keçirilməsi rus ordusunun Slavyanskı asanlıqla ələ keçirməsinə kömək etməyəcək, çünki uzun illərdir ki, bu istiqamətdə də Ukrayna ciddi müdafiə mərkəzləri yaradıb. Ukraynada da belə iddia edirlər ki, Baxmutun strateji yox, psixoloji əhəmiyyəti var. Yəni şəhər təslim edilsə belə,  vəziyyət hərbi baxımdan dəyişməyəcək.    

“Vaqner” muzdlularının  rəhbəri Yevgeni Priqojin də deyir ki, ordunun vəzifəsi Baxmutu tam nəzarətə götürmək deyil, Ukrayna ordusunun döyüş potensialını azaltmaqdır. Priqojin  deyib ki, Ukrayna Silahlı Qüvvələri bəlkə də son yüz ildə Baxmutdakı kimi müqavimət göstərməyib.  

Donetsk (ərazisi 26.517 kvadrat. km) və Luqanskdan (ərazisi 26.683 kvadrat.km) ibarət Donbasda (Mərkəzi Donbas, Şimali Donbas və Şərqi Donbasa bölünür) müharibənin ilk günündən aktiv döyüşlər gedir. Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadratkilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadratkilometrinə nəzarət edirdi. 2014-cü ildən işğal edilən  Krım (ərazisi 26 min 861 kvadratkilometr) və  Sevastopulu da (1079 kvadratkilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadratkilometr idi. Ukraynanın 603 min 548 kvadratkilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi Kiyevin nəzarətində deyildi. 

22b4d6b4eb1ff3a8ea02f420db8aab0e_760x0_1920.1082.0.0.jpg (146 KB)

52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4%-ni təşkil edir ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir. Mərkəzi Donbasa Donetsk, Makiyevka, Qorlovka, Yenakiyevo, Xartsizsk, Pokrovsk, Amvrosiyevka, Şaxtyorsk şəhərləri daxildir. Kramatorsk, Baxmut, Slavyansk, Svyatoqorsk, Liman, Konstantinovka, Soledar Şimali Donbas hesab olunur. Şərqi Donbasa isə Luqansk, Lisiçansk, Alçevsk, Krasnodon, Severodonetsk, Krasnı Luç, Staxanov, Antrasit şəhərləri daxildir.  

Belə görünür ki, Amerikanın və Qərb müttəfiqlərinin ciddi dəstəyinə baxmayaraq, Ukraynanın şərqdə vəziyyəti əsaslı şəkildə dəyişmək çətinləşir. ABŞ və NATO-ya lazımdır ki, Rusiya Ukraynada mümkün qədər daha çox müharibə aparsın. Ukraynanı bu ağır oyuna çəkənlər üçün ukraynalının taleyi maraqlı deyil. Əgər Ukrayna Donbası tam itirsə, bu, Qərbin də ayağına yazılacaq, aydındır ki, Zelenski bu boyda məsuliyyəti təkbaşına üzərinə götürəsi deyil...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR