İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikasayağı insest: kötücələrin nikahı – Bir dön, bizim ölkəyə gəl!

1929 12.01.2024 11:00 Yazarlar A A

 

Amerikadan bir xəbər var, bunu uşaqlığı və gəncliyi hər toyda 7-8 dəfə çalınan “Məhləmizdə bir quyu var, əmiqızı” və “Oyna, ay xalamqızı” mahnılarını dinləməklə keçmiş adamlar oxusa, deyəcəklər, o amerikalıların başı xarabdır.

Hərçənd amerikalılar da xəbər tutsalar ki, uzaq Azərbaycanda toylarda belə mahnılar oxunur və bu iş təkcə mahnı oxumaqla bitmir, əmiqızı və xalaqızını alıb arvad edirlər, onlar da deyər ki, o azərbaycanlılar sapıqdır.

Amerikadan gələn xəbər belədir ki, 12 ildən bəri evli olan cütlük yeni doğulacaq körpələrinə ad qoymaq istəyərkən düşünüblər ki, nənələrdən birinin adını götürsünlər. Müzakirə əsnasında məlum olub ki, onların ulu baba-nənələri eyni adamdır. Bir az da araşdırıblar, ortaya çıxıb ki, birinin babası ilə o birinin nənəsi əmioğlu-əmiqızıdır və bir məhlədə böyüyüblər. Yəni aydın olub ki, bu cütlük eyni kişi və qadının kötücələridir.

Amerikalı cütlük əvvəlcə bu “insest” (yaxın qohumla cinsi əlaqə) hadisəsindən şoka düşüblər, sonra belə bir təskinlik tapıblar ki, uzaq qohumdurlar, əmiuşağı deyillər, əminəvəsi deyillər, əminəticəsi deyillər, kötücədirlər.

İndi siz o amerikalılar gətirin, gəlib bizdəki örf-adətlərə baxsınlar.

“Əmoğluyla əmiqızının kəbini göydə kəsilib” – ilahi istinad. “O qədər gözəl bibinqızı var, gərək gedib yad oğluna qismət olsun? Özün götür”! – direktiv. “Xalanoğlundan yaxşısına gedəcəksən? Ha yana dönsə, özümüzünküdür!” – arqument. “Dayımoğluyla məni uşaq vaxtı göbəkkəsdi ediblər, variant yoxdur!” – variant.

Üstəlik, məhlədə qiyu var, içməyə sərin suyu var, gədə içib, ayıq olub, əmisiqızına da layiq olub, ta nə olsun? Hələ o mahnının mabədi də var:

“Əmimqızı, bizə gəl,
qırmızı gey, təzə gəl.
Bir əlində şiş-kabab,
bir əlində məzə, gəl”.

İndi bunu amerikalılara, avropalılara necə başa salasan. Onlar azı 150 ildir ki, kuzenlərinə o gözlə baxmağı yığışdırıblar. Ötən əsrlərdə nə olub, olub, amma son əsrlərdə “sən ki məni almadın, qoy aparsın yad oğlu” sitəmi etmirlər, əksinə, həvəslə yad oğluna gedirlər və yad qızı alırlar.

Namxuda, bizdə də irəliləyiş var, ölkə gənclərinin yarısı, bəlkə də çoxu qohum evliliyinə qarşıdır, əmi, dayı, bibi, xala qızlarına da bacı gözüylə baxırlar. Amma o biri yarısı bir neçə min kilometr uzaqlıqları hərlənib-fırlanıb kəndə qayıdır və deyir, oyna, ay xalamqızı və ya “Səkinə dayıqızı, lay-lay”.

Tibb elmi çoxdan sübut edib ki, qohum evliliyi zərərlidir, bizim camaata yerimir, deyirlər, nə olacaq ki, ikisi də sağlam gəncdir, inşallah, övladları da sağlam olar. Ancaq elə olmur. İki sağlan gəncdən şikəst, əqli qüsurlu, talassemiyalı övladların doğulmasına dair minlərlə fakt var.

Əvvəllər bir inam da vardı ki, qohum evlilikləri hələm-hələm sarsılmır, yəni boşanma ilə bitmir. Bu da ona görə elə olurdu ki, ailə qurub bədbəxt olmuş əmioğlu, xaloqlu qara gününü qablayıb otururdu, eyni cür bədbəxt olan əmiqızı-xalaqızı ilə boşanmırdı. Amma indi elə deyil, gənclər bir az, türkün sözü, mutsuz olan kimi deyirlər, ayrılıq dəmi gəldi. Və iş bitir. Nəticədə əziz qardaşlar, bacılar ömürlük düşmən olur, nəsil şəcərəsində çat əmələ gəlir.

Amma bizdə heç vaxt Amerikadakı kimi olmazdı, yəni cütlük qohum olduğunu 12 ildən sonra, təsadüf nəticəsində bilməzdi, daha tez, tanış olduqları gün bilərdi. Məsələn bu cür: “Xanım, mən gəncəliyəm, siz haralısnız?” “Mən mingəçevirliyəm, amma əslimiz Qalayurddandır”. “Bay, bizim də əslimiz Qalayurddandır, babamın qardaşı isə Mingəçevridə yaşayıb”. “Mənim də babamın qardaşı o vaxt Gəncəyə köçüb”. “Deyəsən, qohum çıxacağıq, babanın və qardaşının adı nə olub?” “Babamın adı Həsən, qardaşının adı isə Hüseyn olub”. “Ooo, mənim də babamın adı Hüseyn, qardaşının adı Həsən olub”. “Deyəsən, biz əmiuşağıyıq”. “100 faiz. Bilirsən də, xanım, əmoğluyla əmiqızının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı harada aparılır?” Vəssalam. Söhbət bağlandı. Gənclər şad xəbəri dərhal öz ailələrinə çatdırırlar və bütün nəsil bir-birindən uzaq düşmüş qohumların yenidən yaxınlaşmasına görə sevinir.

Toy başlayır və nəslin yüngülbeyinlisi sazəndələrə sifariş verir: “Oradan bir “Əmiqızı” çalın”. Və şəstlə gedib gəncləri rəqsə dəvət edir.

Amerikalı və avropalılar da deyir, gedək DNT analizi verək, yeddi arxa dönənimizdə qohumluq ola bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR