İnsanlara hürriyət, millətlərə istiqlal!

Analara şad xəbər - sosial məzuniyyət müddəti artırılır

1477 20.01.2024 08:23 Sosial A A

Sosioloq: “Körpələrin ana südü ilə qidalanması strateji məsələdir”

Azərbaycanda hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin 14 gün artırılması təklif olunur. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin yanvarın 18-də keçirilən iclasında çıxış edib.

O xatırladıb ki, hazırda həmin məzuniyyət müddəti doğuşdan əvvəl və sonra ümumilikdə 126 gündür: “Əmək Məcəlləsinə ediləcək dəyişikliklə həmin müddətin 140 günə çatdırılması təmin edilə bilər. Bunun ilk növbədə büdcə yükü müəyyənləşdirilməlidir. Məsələnin həlli üçün müvafiq qurumlarla işləmək lazımdır”.

Xatırladaq ki, qanuna əsasən Azərbaycanda hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Əmək Məcəlləsinin 240-cı maddəsinə görə, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Məcəllənin tələblərinə görə, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Ümumiyyətlə, hamiləlik müddətində xanımlar daha yüngül işə keçirilməlidirlər. Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir.

Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır. Yəni, qanunda gələcək ananın dünyaya sağlam uşaq gətirməsi və özünü güvəndə hiss etməsi üçün hər məqam nəzərdə tutulub.

Dünyanın bir çox ölkələrində də analıq məzuniyyətinin müddəti ilə bağlı oxşar və fərqli qanunlar var. Məsələn, Gürcüstanda işçinin tələbi ilə hamiləliyə, doğuşa və uşağa qulluğa görə 730 təqvim günü müddətinə məzuniyyət verilir. 183 təqvim günü ödənişli məzuniyyət hesab olunur. Doğuş çətin olduqda və ya əkiz uşaq doğulduqda 200 təqvim günü işçiyə məzuniyyət verilir. İkinci hissədəki, ödənişli məzuniyyət müddəti doğuşdan əvvəl də, sonrada bölüşdürülə bilinər. Bölüşdürmə işçinin istəyindən asılıdır.

Belarusda analıq məzuniyyəti qanununa əsasən, qadınlara doğuşdan öncə 70 gün, doğuşdan sonra isə 56 gün boyunca maaşları ödənilir. Analıq məzuniyyəti üç ilədək davam edə bilər.

Britaniya və Rusiya kimi ölkələr anaları bir neçə ay və ya hətta il davam edən analıq məzuniyyəti ilə təmin edir. Birləşmiş Ştatlar isə dövlət səviyyəsində ödənişli analıq məzuniyyəti qanunu olmayan yeganə ölkədir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2016-cı ildə yaydığı hesabatda bildirilir ki, İƏİT ölkələrində analar ortalama 18 həftə analıq məzuniyyəti haqqına sahibdirlər .

Bəs Azərbaycanda hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin 14 gün artırılaraq, 140 günə çatdırılması təklifini ekspertlər necə şərh edir?

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib: “Azərbaycan qanunlarını beynəlxalq standartlara uyğunlaşdırmaq əsas vəzifələrdən biridir. Ölkənin həm iqtisadiyyat, həm də ictimai həyatının bütün sahələrini beynəlxalq standartlara uyğunlaşdırmaq lazımdır. Bu, bizim Qərb iqtisadiyyatına keçidimizin labüd elementlərindən sayılır. Biz həmin standartları mənimsəməliyik. Belə olan təqdirdə, hamiləliyə və doğuşa görə əmək məzuniyyətinin artırılması ilə bağlı təklifi müsbət hal kimi sayıram”.

Qadınların işə vaxtından əvvəl çıxmasına gəlincə isə Adil Qeybulla hesab edir ki, bu seçimi onların öz ixtiyarına vermək lazımdır: “Bu məsələyə fərdi yanaşılmalıdır, hansısa formada qadınların öz ixtiyarına verilə bilər. Digər tərəfdən isə qanunvericilikdə nəzərdə tutulmalıdır ki, qadınlar verilən imkandan istifadə edib yararlana bilsinlər”.

Ət festivalı - SOSium | TVPress

Lalə Mehralı 

Sosioloq Lalə Mehralı isə “Yeni Müsavat”a açıqlamasında deyib:

“Hesab edirəm ki, millət vəkili Musa Quliyev kifayət qədər yaxşı təkliflə çıxış edib. Bu məsələyə əslində ehtiyac var. Çünki südəmər körpəyə qulluq dövründə körpənin anaya çox ehtiyacı olur. Yaxşı olardı ki, ananın işə başlaması körpənin süddən kəsilmə ərəfəsinə düşsün. Bu həm də körpələrin ana südü ilə qidalanmasına təşviqdir. Bəzən maddi ehtiyacı olan analar analıq məzuniyyətindən imtina edir. Bu zaman körpəsindən ana südünü əsirgəmək məcburiyyətində qalır. Hesab edirəm ki, təklif olunan məsələ bu amilə də çox yaxşı təsir edər. Fikrimcə, məzuniyyət müddəti 14 gündən də çox artırıla bilər. 

Ümumilikdə həm ana və uşaq münasibətlərinin inkişafına, həm körpələrin psixoloji və fiziki baxımından sağlam yetişməsinə yönələn təklifdir. Körpələrin ana südü ilə qidalanması strateji məsələdir və bu məsələ birbaşa olaraq ölkənin gələcəyi üçün vacibdir. Məlum olduğu kimi ana südü ilə qidalanan uşaqlar daha sağlam böyüyür, mənəvi-psixoloji baxımdan öndə olur. Bu kifayət qədər araşdırmalarla sübut olunan məsələdir. 

Əvvəllər analar körpələrinə süd verən dövrdə güzəştlərlə işləyə bilirdilər. Yəni övladını ana südü ilə təmin etmək üçün müəyyən imtiyazları olurdu. Hesab edirəm ki, həmin imtiyazlar da bərpa edilə bilər".

Yazını hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR