İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA-nın şantaj siyasətinin ifşası – qətnamə müəllifi şok faktlar açıqladı

2108 25.01.2024 15:33 Siyasət A A

Elxan Süleymanov: "Təhdidlər fonunda Azərbaycan nümayəndə heyətinin bu qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırmaq barədə bəyanatı reallıqdan qaynaqlanır"

AVCİYA-nın prezidenti, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olmuş, AŞPA-nın qəbul etmək məcburiyyətində qaldığı 2085 saylı qətnamənin müəllifi Elxan Süleymanov bu qurumun Azərbaycana qarşı 20 il davam edən şantaj siyasəti və onun səbəbləri barədə şahidi olduğu faktlar əsasında maraqlı məqalə ilə çıxış edib.
Musavat.com onun məqaləsini təqdim edir:

-Almaniyalı deputat, uzun illərdir bu qurumda özünün qatı anti-Azərbaycan mövqeyi ilə seçilən Frank Şvabenin təklifi ilə AŞPA-nın 2024-cü il yanvar sessiyasının ilk günü Monitorinq komitəsində Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklifini irəli sürdü.

şvab.jpg (52 KB)

Frank Şvabe

Həmin təklifi Komitənin ən azı 30 üzvü dəstəkləyib. Beləliklə, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsi qurumun qış sessiyasında müzakirə obyektinə çevrilib və Monitorinq Komitəsi Assambleyaya Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə tövsiyyə qəbul edib. Qeyd edilməlidir ki, Komitənin bu qərarına qarşı çıxan və belə qərarın qəbul edilməsində çox ehtiyatlı olmaq lazım gəldiyini, habelə Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin tövsiyyə edilməsinin səhv olduğunu, bunun heç bir müsbət nəticəyə gətirməyəcəyini bildirən britaniyalı deputat İan Liddel-Granger azlıqda qalıb.

liddel.jpg (8 KB)

İan Liddel-Granger


Monitorinq Komitəsi Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin tövsiyyə edilməsinin əsas səbəbləri kimi “ölkədə azad və ədalətli seçkilər, hakimiyyət bölgüsü, qanunverici orqanın icra hakimiyyəti qarşısında zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqların olmasını, həmçinin Azərbaycanın Assambleyanın monitorinq proseduruna zidd olaraq əməkdaşlıq etməməsi hallarını, o cümlədən 7 fevralda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvətin göndərilməməsini”göstərib.

Azərbaycan nümayəndə heyəti isə öz növbəsində yanvarın 24-də Assambleyanın plenar iclasının qərarını gözləmədən etimadnamənin təsdiqlənməməsi kimi məkrli təklifin müzakirəyə çıxarılmasını ölkəmizə qarşı çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndirərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiyini bəyan edib.
Hadisələrin dərin təhlili göstərir ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvü qəbul edilməsindən sonrakı dövrlərdə Parlament Assambleyasında daim ayrıseçkiliklə və təzyiqlərlə üzləşmiş, daim bu neqativ, bir sıra hallarda isə açıq düşmənçilik hallarına qarşı mübarizə aparmışdır. Hər dəfə bu mübarizələrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər qarşı tərəfi daha da qıcıqlandırmış və onlar ölkəmizə qarşı daha da məkrli planlaşdırılmış strategiyaları hazırlayaraq həyata keçirməyə çalışmışlar.
Xüsusilə vurğulanmalıdır ki, AŞPA-da Azərbaycana qarşı ayrıseçkilik və təzyiqlər tək hər hansı bir problemlə bağlı olmayıb, bütün müzakirə olunan məsələlərdə Azərbaycan belə ayrıseçkilikhallarına qarşı mübarizə aparmaq məcburiyyətində qalıb. Belə ki, AŞPA çərçivəsində azərbaycanafob münasibət bütün məsələlərdə özünü açıq şəkildə göstərib və qurum çərçivəsində ölkəmizə qarşı belə bir münasibət sərgiləyən deputatlar müəyyən güc mərkəzləri tərəfindən təlimatlandırılıblar.

Nəhayət, Azərbaycan AŞPA-ya üzv olduğu gündən uzun illər ərzində anti-Azərbaycan və azərbaycanafob qüvvələrin birgə səyləri nəticəsində siyasi məhbus məsələsi ilə bağlı qərəzli münasibətlərə və ayrıseçkiliyə məruz qalıb. Belə ki, Avropa Şurasının siyasi məhbus anlayışının meyarlarının mövcud olmadığı bir vəziyyətdə 12 ildən artıq müddət ərzində bu qurumun üzvü olan dövlətlərdən yalnız Azərbaycanda siyasi məhbusların olması barədə iddialar irəli sürülmüş, sənədlər qəbul edilmişdi. Azərbaycanın apardığı mübarizə nəticəsində İnsan Haqları komitəsi məğlubiyyət qarşısında qalıb AŞPA-da siyasi məhbuslara dair meyarların olmamasını etiraf etdi. Lakin AŞPA öz etiraflarına baxmayaraq, yenə anti-Azərbaycan xarakterli qərar qəbul etdi: Hüquqi məsələlər Komitəsində Azərbaycana qarşı qəti düşmən mövqeyi sərgiləyən Kristof Ştrasser həm siyasi məbusların meyarlarının hazırlanması, həm də Azərbaycanda siyasi məhbusların izlənilməsi üzrə məruzəçi təyin edildi. Beləliklə, AŞPA-da siyasi məhbus məsələsi ətrafında paradoksal bir vəziyyət yarandı: “siyasi məhbus” anlayışının meyarlarının müəyyənləşdirilməsi və Azərbaycanda siyasi məhbusların izlənilməsi eyni bir deputata – Kristof Ştrasserə həvalə edildi.

67186.jpg (28 KB)

Ştrasser

Belə bir qərarın qəbul edilməsi Avropa Şurası strukturlarında Azərbaycana münasibətdə qərəzli mövqeyin və ikili standartların mövcudluğunu bir daha nümayiş etdirmiş oldu.

AŞPA-da ölkəmizə qarşı belə bir məkrli planlara rəvac verilməsinə baxmayaraq, apardığımız mübarizə nəticəsində Ştrasserin siyasi məhbusların müəyyənləşdirilməsi məruzəsi səs bərabərliyi ilə qəbul edilsə də, Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair sırf anti-Azərbaycan xarakteri daşıyan qərəzli məruzəsi 2013-cü ilin qış sessiyasında ciddi səs fərqi ilə rədd edildi – Assambeya üzvlərinin böyük əksəriyyəti bu qərəzli məruzənin əksinə səs verdi.
Ştrasserin məğlubiyyətini Avropa Şurasına üzv dövlətlərinin Almaniya, Fransa, Şimali Avropa ölkələrinin böyük əksəriyyəti təkcə məruzəçinin məğlubiyyəti yox, Avropanın məğlubiyyəti kimi qarşılayırdılar. Məhz bu məğlubiyyətdən sonra Azərbaycana qarşı geniş miqyaslı şər-böhtan kampaniyası başladı.


AŞPA-da “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”, “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” və “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsi” adlı qətnamə layihələri irəli sürdükdən sonra erməni deputatları, müxtəlif erməni lobbiçilərin və anti-Azərbaycan qrupları daha da aktivləşdilər, mən bu qətnamə layihələrinin müəllifi kimi onların güclü müqaviməti və təhdidləri ilə qarşılaşdım. “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” və “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçiləri Ermənistanın ali rəhbərliyi səviyyəsində təşkil olunmuş, Avropanın ermənipərəst qüvvələri tərəfindən həyata keçirilən təzyiqlərə məruz qaldılar.

serseng.jpg (9 KB)
Ştrasserin məruzəsinin qəbul edilməməsindən və Qarabağ problemində Azərbaycanın aktiv mübarizə aparmasından qəzəblənən anti-Azərbaycan qüvvələr müxtəlif bəhanələrlə və vasitələrlə Azərbaycanda siyasi məhbus olması iddialarını yenidən gündəmə gətirməyə çalışdılar. Azərbaycana qarşı məkrli planların həyata keçirilməsinə dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının qeyri-mümkünlüyünə əmin olan anti-Azərbaycan qüvvələr yeni strategiya seçdilər. Bu strategiyanın əsasında Azərbaycanla əməkdaşlıq edən, Azərbaycanla bağlı məsələlərin müzakirəsində müstəqil mövqe nümayiş etdirən AŞPA üzvlərinə sanksiyaların tədbiq edilməsi və cəzalandırılması dayanmalı idi. Bunun üçün həmin qüvvələr tərəfindən AŞPA katibliyinin dəstəyi ilə Ştrasserin məruzəsinin əlehinə səs vermiş üzvlərin Azərbaycanla korrupsiya xarakterli işbirliyində olmaları barədə iddialar irəli sürüldü, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılması məsələsi gündəliyə gətirildi və Avropa Şurasının Nizamnaməsinə zidd olaraq Müstəqil Kənar İstintaq Orqanının yaradılması barədə qərar qəbul edildi.
Ermənipərəst lobbi mərkəzləri 2016-cı ildə “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı 2085 saylı qətnamənin qəbul edilməsindən qəzəblənərək mənə, AŞPA-da bu qətnaməni dəstəkləyən bir sıra deputatlara qarşı qarayaxma kampaniyası apardılar, hətta AŞPA prezidentinin istefaya getməsinə nail oldular. Mənim və problemə obyektiv mövqe nümayiş etdirən AŞPA üzvlərinin günahı yalnız ondan ibarət idi ki, biz Ermənistanın işğalına son qoyulmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, Azərbaycan ərazilərinin Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilməsi müddəasının yer almasını, məcburi köçkünlərin öz yurdlarına qayıtmaq, təhlükəsiz, sərbəst və azad yaşamaq hüquqlarının təmin edilməsini AŞPA-nın gündəminə gətirmişdik...

Azərbaycanın 2020-ci ilin payızında cəmi 44 gün ərzində ərazilərini 30 ilə yaxın davam edən işğaldan azad etməsi, Cənubi Qafqazın ən qüdrətli ölkəsi kimi tanınması, 2023-cü ilin sentyabrında cəmi 24 saata yaxın müddət ərzində davam edən lokal antiterror tədbirləri nəticəsində dövlət suverenliyini tam təmin etməsi Avropada çirkli “demokratiya” oyunu ilə tanınan bir sıra ölkələri və siyasətçiləri rahat buraxmadı.

5159_1667884031.png (1.24 MB)

İkinci Qarabağ müharibəsinədək Azərbaycana qarşı gizli siyasət həyata keçirən bəzi Avropa dövlətləri ölkəmizin tarixi Zəfərindən sonra öz maskalarını atıb, açıq-aşkar düşmənçilik mövqeyi sərgiləməyə başladılar. Odur ki, biz AŞPA-da İkinci Qarabağ müharibəsindən sonra anti-Azərbaycan qüvvələrin təşəbbüsü ilə iftiralar dolu müzakirələrin keçirildiyinin, həqiqəti təhrif edən qərəzli qətnamələrin qəbul edilməsinin şahidi olduq. Belə qətnamələrdən biri cəmi bir neçə ay əvvəl, 2023-cü ilin oktyabr ayında qəbul edilmişdi. Əvvəldən axıracan riyakar, qərəzli və anti-Azərbaycan ritorikası müşaiyət olunan həmin 2517 (2023) saylı qətnamə “Dağlıq Qarabağda humanitar vəziyyət” adlanırdı. AŞPA bu qətnaməni belə adlandırmaqla, məqsədyönlü şəkildə Azərbaycan Respublikasına hörmətsizlik nümayiş etdirmişdi, belə ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati və coğrafi ərazi yoxdur.

AŞPA adıçəkilən qətnaməni qəbul etməklə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında, iki dövlət arasında danışıqların davam etdirilməsində və sülh müqaviləsinin imzalanmasında, nəhayət, Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmadığını nümayiş etdirdi. AŞPA bu qətnamədə hətta Azərbaycanı şantaj edərək öz öhdəliklərini yerinə yetirməməkdə suçladı və yaxın gələcəkdə “öz öhdəliklərinə riayət etməyəcəyi təqdirdə” “nizamnamə öhdəliklərinin ciddi şəkildə pozulması halına cavab olaraq Nazirlər Komitəsi və Parlament Assambleyası arasında əlavə birgə prosedura təşəbbüs çağırışı” etməkdən və “özünün 2024-cü ildə ilk sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatının sorğulamaqdan” başqa variantı olmayacağını bildirdi. Beləliklə, AŞPA-da qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi adı altında nümayiş etdirilən anti-Azərbaycan məzhəkəsi əvvəlcədən planlaşdırılmışdı və hər hansı faktlar və dəlillər gətirməklə bu məkrli “demokratiya” oyununun qarşısını almaq mümkün deyildi.

Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, 7 fevralda keçiriləcək prezident seçkilərinə AŞPA seçki müşahidə missiyası dəvət edilməyib və Azərbaycanın bu qərarı AŞPA-nı ciddi qıcıqlandırıb. Belə ki, növbəti dəfə Azərbaycanı əsassız olaraq tənqid və təhdid etmək fürsəti itirilib. Qeyd edilməlidir ki, bir qayda olaraq, Azərbaycanda keçirilən prezident və parlament seçkilərinə, Konstitusiyaya dəyişiklər və əlavələrə dair keçirilən referendumlara müxtəlif beynəlxalq müşahidə missiyaları, o cümlədən digər missiyalarla bərabər AŞPA seçki müşahidə missiyası da dəvət edilirdi. Lakin son seçkilər zamanı AŞPA missiyası açıq-aşkar və kobud şəkildə seçki prosesi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqe sərgiləməsi səbəbindən Azərbaycanın AŞPA seçki müşahidə missiyasını dəvət etməmək barədə qərarı obyektivdir və anlaşılandır. Bu Azərbaycanın suveren hüququdur.

Nəhayət, son dövrlər AŞPA-da Azərbaycana qarşı isteriya halını almış növbəti kampaniyaların daha da kəskinləşməsi, müxtəlif məsələlərlə bağlı qarşılıqlı müzakirələrin aparılmasının mümkünsüzlüyü, açıq-aşkar şantaj və təhdidlər fonunda Azərbaycan nümayəndə heyətinin bu qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırmaq barədə bəyanatı reallıqdan qaynaqlanır. İstənilən halda Azərbaycan əməkdaşlığa hazır olan və əməkdaşlığı təşviq edən dövlətdir və Avropa Şurası öz müvqeyinə yenidən baxacağı, öz Nizamnaməsində əks etdirdiyi dəyərlərə və əməkdaşlığa praktikada riayət edəcəksə, zənnimizcə, əməkdaşlığı bərpa etmək mümkündür.

9b62f7f84e55c18484c9b9fac2545912.jpg (39 KB)

Elxan Süleymanov,
AVCİYA-nın prezidenti

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR