İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT-in seçki qərəzi- Qərbin anti-Türkiyə mövqeyi davam edir...  

2448 17.05.2023 15:24 Yazarlar A A

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin tam demokratik formada baş tutması əksər qərəzsiz müşahidəçilər tərəfindən vurğulanıb, faktlarla göstərilib.

Lakin buna baxmayaraq, reallığın əksini deyənlər də var. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) beynəlxalq müşahidəçiləri Türkiyədə keçirilən parlament və prezident seçkilərində seçicilərin fəallığını və müxtəlif siyasi alternativlər arasında seçim imkanının olmasını müsbət qiymətləndirsə də, ümumi seçki mühitinin demokratik standartlara cavab vermədiyini bildiriblər.
Onlar  guya hazırkı prezidentin və hakim partiyanın imtiyazlardan bəhrələndiyini, həmçinin toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqların məhdudlaşdırılmasına görə bəzi müxalif siyasətçilərin, vətəndaş cəmiyyətinin və müstəqil medianın seçkidə fəal iştirakına mane olduğunu qeyd ediblər.

Qərəzsiz təhlilçilər bildirirlər ki, Türkiyə regionda və dünyada baş verən çox mürəkkəb hadisələr fonunda demokratik seçkilər keçirməklə bu dəyərlər sisteminə, Mustafa Kamal Atatürkün “Respublika rejimi dedikdə demokratik sistemə malik dövlət forması nəzərdə tutulur” deyiminə sadiqliyini bir daha ortaya qoydu.

Reallıq budur ki, 14 may seçkilərinin yekunları 21 ildir hakimiyyətdə olmasına baxmayaraq, xalqın böyük əksəriyyətinin Ərdoğana etimad göstərdiyini təsdiqlədi.

Seçkilərə 87 faiz seçici qatıldı. Belə olan təqdirdə, yuxarıdakı təşkilatlar nədən danışır? Necə maneə yaradılıb ki, bu qədər adam seçkiyə qatılıb. Bu təşkilatlar maneədən danışırlar, müxalifət partiyaları isə öz seçicilərinin sayını şişirdərək təqdim edirlər. Onlar hər hansı bir maneədən danışmadıqları halda, ATƏT bunu necə qərarlaşdırıb?

Deməli, bu hesabat seçkidən əvvəl hazırlanıb. Ekspertlər də hesab edirlər ki, Qərbin bu kimi təşkilatları  Türkiyəyə qarşı yalnız gözdənsalma kampaniyası aparırlar və bu da həmin kampaniyanın davamıdır.

Ümumilikdə, ATƏT-in adı və davranışları bizə təkcə Türkiyədəki seçkilərdən deyil, elə Azərbaycana münasibətlərindən də tanışdır. ATƏT kimi təşkilatların ədaləti, demokratiyası yalnız bəyanatda və dildədir.

Biz bunu 30 illik işğal dövründə yaxşı müşahidə etdik. Həmin illər ərzində ATƏT-in Minsk qrupunun nümayəndələri yalnız turist kimi Azərbaycana səfərlər edib, Azərbaycanın acı gününün üstündən milyonlar yeyib, işğalçı Ermənistana pərdəarxasından dəstək çıxmaqla məşğul olublar.

İndi seçkidən danışanlar, nə üçün 30 il ərzində bütün hüquqları, o cümlədən seçki hüququ pozulan, öz yurd-yuvasından erməni işğalçılarına görə didərgin düşmüş Azərbaycan vətəndaşlarının yanında olmadılar? Onlar bəyəm blokada şəraitində qalan Naxçıvanı da görmürlər?

İnsan haqlarından danışırlar, lakin Ermənistanda keçirilən aksiyalarda tətbiq edilən zorakılıq, siyasi oyunlarda həyata keçirilən həbslər barəsində bir kəlmə də demirlər.

İşğal dövründə ATƏT kimi təşkilatlar Azərbaycan vətəndaşlarının hüquqlarını müdafiə etmir, hər zaman ikilistandartlarla çıxışlar edir, hətta bəzi “humanizm” məsələlərini qabardaraq, üzərimizə də gəlirdilər.

İndi isə Türkiyədə demokratik formada keçirilən seçkiyə əvvəlcə hazırladıqları saxta bəyanat əsasında qiymət verirlər.

Müşahidə missiyasının rəhbəri Maykl Georg Link, AŞPA nümayəndə heyətinin rəhbəri Frank Şvabe və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasına rəhbərlik edən Yan Petersen “seçki prosesinə müdaxilə edildiyini”, “seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşdiyini”u vurğulayıblar.

Ancaq konkret olaraq bu adamlar faktla danışmayıblar. Seçici aktivliyi 90 faizə yaxındırsa, hansı çətinlikdən danışırlar. Biz yayılan videolardan gördük ki, hətta nəfəs almaqda çətinlik çəkən, xəstə olan insanların belə seçkidə iştirakı üçün şərait yaradılmışdı. Arzusunda olan bilavasitə sandığın yanına gəlir, öz səsini verirdi. Ona kiminsə təzyiq etməsini göstərən kadrlara da rast gəlmədik.

Müxalifət bütün şəhərlərdə çoxminlik aksiyalar keçirdiyi və iştirakçıların sayının hətta “yüz minlərlə” olduğunu iddia etdiyi halda, ATƏT-in müşahidəçiləri hansı “toplaşmaq azadlığına məhdudiyyətdən” danışır.

Çox qəribədir. Bu, sadəcə olaraq Qərbin anti-Türkiyə mövqeyinin qələmidir. Bəyanatdan yalnız bunu görmək olur. Hər hansı bir fakt və doğru yanaşmanın şahidi olmuruq. ATƏT 30 il ərzində necə susmuşdusa, işğaldan sonra Ermənistanın mina terroru qarşısında da eyni davranışı sərgiləyir. Yenə də ikilistandartlar davam edir- Türkiyəyə- Türkə qarşı...

  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR