İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Trampa qarşı - yeni sülh planı hazırlanır

797 21.11.2025 14:44 Siyasət A A

ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı irəli sürdüyü sülh planı Avropanı hərəkətə gətirib. 28 bəndlik “Tramp planı” barədə dünyaca nüfuzlu “Wall Street Journal” nəşri yazır ki, Avropa İttifaqının bir sıra liderləri Kiyev üçün daha sərfəli və daha yumşaq şərtlərdən ibarət yeni plan üzərində işləyirlər. Bu da ABŞ-ın Ukrayna üzrə təklif etdiyi sülh planına cavab olaraq qiymətləndirilir.

Qəzetə görə, Avropa ölkələrinin məqsədi Ukraynanın maraqlarını daha yaxından nəzərə alan, həm təhlükəsizlik zəmanətlərini, həm də danışıqlar formatını Kiyevin istəyinə uyğunlaşdıran alternativ təqdim etməkdir.

Bununla belə, WSJ vurğulayır ki, Kiyev hələlik bu Avropa planında iştirak etməyə razılıq verməyib. Ukrayna rəhbərliyi həm Vaşinqtonun, həm də Brüsselin təkliflərini öyrənir və şərtlər üzərində öz düzəlişlərini tələb edir.

Müşahidəçilər qeyd edirlər ki, iki paralel sülh planı - ABŞ və Avropanın - Qərb blokunun Ukrayna məsələsində taktiki fərqliliyini göstərir. Brüssel daha yumşaq, Kiyevə münasibətdə daha elastik yanaşma təklif edir, Vaşinqton isə daha sərt və sürətli kompromis axtarır.

sona1.jpg (35 KB)

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Ukraynanın taleyini indi ABŞ və Rusiya həll etməyə çalışır:

“Kiyev üçün çox acınacaqlı ssenari cızmağa çalışırlar. Düşünürəm ki, Ukrayna xalqı Trampın bu planı və Rusiyanın istəkləri ilə razılaşmayacaq. Fikrimcə, ukraynalılar sona qədər mübarizə aparacaqlar. Hələ ki, bu savaşda yekun sülh görünmür. Nəticə etibarı ilə müharibə müvəqqəti atəşkəslə nəticələnə bilər. Bunun üçün Qərb Ukraynaya verilən silahların və maddi yardımların sayını artırmalıdır.

İş burasındadır ki, əgər Ukrayna Qərbin diktəsi ilə razılaşmasa, o zaman silahların verilməsi və maddi yardımlar da dayanacaq. Ukrayna ordusu isə yaz kampaniyası üçün genişmiqyaslı səfərbərliyə hazırlaşır. Çox güman ki, top-yekun savaş olacaq və bunun nəticəsində ukraynalılar itirdikləri ərazilərin bir qismini geri qaytararaq Rusiyanı müvəqqəti atəşkəsə məcbur edəcəklər.

Əgər Polşa və Baltikyanı ölkələr, eləcə də Finlandiya Ukraynaya indiki məqamda yardım etməsələr, onların da durumu ürəkaçan olmayacaq. Hətta milliyyətçi moldovalılar da Ukrayna tərəfindən döyüşmək istəyirlər. Bunun üçün Ukraynaya rəsmi müraciət də ünvanladıqlarını bildirirlər.

Görünən odur ki, qarşıdakı dövrdə Rusiyanı heç də asan dövr gözləmir. Əgər Zelenski hökuməti Rusiya və ABŞ-ın diktəsini qəbul etsə, bu, hazırkı Ukrayna hakimiyyətinin edamına, hətta Ukrayna adlı dövlətin yer üzündən silinməsinə gətirib çıxara bilər”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR