İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalı arbitrlər, xaçpərəst həmrəyliyi

2873 15.03.2024 11:41 Yazarlar A A

 

Məsələ futbolda və ya başqa idman yarışında məğlubiyyətlə üzləşməkdə deyil. Bu, yarışdır, adam və ya komanda udar da, uduzar da, bərabərə qalar də.

Məsələ siyasətin, dini, milli, irqi mənsubiyyətin idman yarışına proyeksiya etməsində, nəticələrə təsir göstərməsindədir.

Nə yazıq ki, bu çox zaman belə olub, indi də belədir və insan subyektivliyi amili davam etdikcə, elə də olacaq.

Biz 30 il ərzində əzəli yurdumuz Qarabağı hansı səbəbdən qaytara bilmirdiksə, beynəlxalq miqyaslı siyasi yarışmada hansı amil üzündən uduzurduqsa, dünən “Qarabağ” da sırf həmin amil üzündən uğur qazana, növbəti mərhələyə keçə bilmədi.

Bu, avropalı arbitrlər amilidir. Onların açıq-gizli yeritdiyi xaçpərəst həmrəyliyi amilinə görə biz dümyaya, Avropanın özünə Qarabağ münaqişəsində haqlı və zərərçəkən tərəf olduğumuzu başa sala bilmirdik. Həmişə qırmızı kartı bizə göstərirdilər, qapımıza penalti təyin edir, 907 cür sanksiya tətbiq edirdilər, “oyunun nəticəsi bəllidir, barışmalısınız” deyirdilər.

Ən pisi də bu idi. Biz deyirdik, yox, birinci dəfə ədalətli mübarizə olmayıb, bizə yolverilməz fəndlər tətbiq ediblər, amma avropalı arbitrlər ağız-ağız verib deyirdilər, münaqişənin hərb yolu ilə həlli yoxdur, danışıqlar aparmaq lazımdır. Danışıq da beləydi ki, hücum edib torpağınızı tutmuşuq, məsələ bitib, sənədləşdirək, bizim olsun, ticarət edək, barışaq.

Avropa bizə matç-revanş haqqı tanımırdı. Avropalı arbitrlər tərəf tutduqlarını ildən-ilə daha açıq şəkildə göstərirdilər.

İndi həmin rəftarı idman yarışlarında, konkret olaraq futbolda da görürük.

Dünən “Qarabağ” klubunun Almaniyanın göbəyində tərifli “Bayer”in saldığı vəziyət yəqin ki, alman futbolunun qara səhifəsidir. Nə gündəydilər. Adı “centlmen məşqçi” kimi çıxmış Xabi Alonso özünü ülgücləyirdi, hər təkbətək mübarizədə sarı, qırmızı kart tələb edirdi, hücumçular simulyasiya ilə penalti qazanmaq istəyirdilər, yerli azarkeşlər şoka girmişdilər, gözləri alacalanmışdı, əlləri üzlərində qalmışdı, az qala ağlayırdılar, adamın yazığı gəlirdi.

Ancaq hakimlərin sehirli düdüyü “alman maşını”nı saplandığı lehmədən dartıb çıxardı.

Belə oyunlarda bir qırmızı kart çox şeyi həll edir və etdi. Adi oyun epizoduydu, rəqibindən bir addım geri qalan Elvin Cəfərquliyev instinktiv olaraq forvarda təmas etdi, dartmadı, yıxmadı, eləcə toxundu. Adam topun dalınca azı 20 metr qaçdı, sonra yıxıldı. O toxunuşla o yıxılışın arasında əlaqə yox idi. Hər belə epizoda görə qırmızı və ya sarı kart verilərsə, o zaman Mbappe və Holanda qarşı oynayan komandada qapıçıdan başqa bir oyunçu qalmamalıdır. Çünki hər oyunda onlara qarşı azı on dəfə belə hərəkət edilir. Başqa oyunlarda hakimlər belə epizodlara görə heç oyunu saxlamırlar.

Bəs yaxşı, eyni durumda “Qarabağ”ın oyunçusu olsaydı, 20 metr qaçdıqdan sonra yıxılsaydı, ona mane olana qırmızı və ya sarı kart göstərərdilərmi. Bu da heç, heç olmasa qayda pozuntusu kimi qeydə alardılarmı? Almazdılar. Necə ki, almırdılar. İndiyədək minlərlə futbol matçına baxan təcrübəli azarkeşlər şəhadət verə bilər ki, oyunlarda bundan qat-qat artıq kobudluqlar olur və onlar ya cəzalandırılmır, ya da yüngül cəzalandırılır.

Bu baxımdan hakim sublyektivliyi üzündən uduzmaq hər bir azarkeşə ağır gəlir.

1986-cı ildə Meksikada keçirilən mundialda SSRİ yığması sırf hakim qərəzi ilə (ofsayddan vurulan 2 qolla) Belçika millisinə 2:4 hesabıyla uduzdurulmuşdu, üstündən 38 il keçib, hələ də yaddaşlardadır.

Bu yaxınlarda referi Asim Xudiyev danışır ki, sovet dövründə Tbilisi “Dinamo”su ilə matçda hakim “Neftçi”yə penalti vurmaq hüququ verib, amma “Dinamo”nun kapitanı Çivadze yaxınlaşaraq hakimə nə deyibsə, o, penalti qərarını ləğv edib. 30 ildən sonra bir ziyafətdə Çivadze azərbaycanlı veteran futbolçulara etiraf edib ki, o vaxt hakimə yaxınlaşaraq deyib: “Bir-iki gündən sonra SSRİ Futbol Federasiyasında toplantı olacaq, bizi də dəvət ediblər, elə etmə ki, orada sənin məsələni qaldırım”.

Heç demə, məhz buna görə, hakim fitini itirəcəyi qorxusundan öz qərarını ləğv edib.

Bununla neçə dəfədir ki, “Qarabağ” bir yerlərə qədər gəlir, sonra nahaq qırmızı kartlarla, şübhəli penaltilərlə uduzdurulur.

Təkcə cəza kartları ilə istənilən komandanı uduzdurmaq olar. Çünki bu kartlar oyunçuların gözünü qırır, onları gözüqıpıq edir, təkə-tək mübarizələrdə qorxaq davranmalarına səbəb olur, ikinsi sarı kart və penalti almağın qorxusundan topa girmirlər və bir neçə belə epizoddan sonra mütləq qol yeyirlər.

2020-ci ildə isə biz avropalı arbitrlərin qırmızı kartından qorxmadıq və mübarizə meydanında cürətli, sonda isə uğurlu olduq. O, hərbi uğurun sarı və qırmızı kartlarını hələ də bizə göstərirlər. Bu gün-sabah Avropada birini də göstərəcəklər. Amma əsas odur ki, 44 günlük savaşın protokolu tərtib edilib, məsələ bitib.

Avropa İttifaqına daxil olan və olmayan ölkələrin çoxunun bir-birinə simpatiya bəsləməsi təbiidir. Çünki onlar “bir-qitə bir dövlət”dir: eyni pulu işlədirlər, eyni ortaq dəyərlərə malikdirlər, yaxın dillərdə danışırlar, eyni içkiləri içirlər və s. və i.a. Özümüzdən götürək, bir matça türk dövlətlərindən birinin komandası ilə Danimarka komandası çıxsa, biz də arbitr olsaq, hansına üzgörənlik edərik?

Doğru cavab budur ki, ədalətliyiksə, heç birinə. Bax, bizim əsas səhvimiz də budur ki, avropalılardan ədalət umuruq, bu da onlarda ya yoxdur, ya da zəifdir. Hər halda qismətimizə düşən arbitrlər heç də həmişə ədalətli olmurlar.

P.S. Görəsən dünyanın və bütün zamanların ən ədalətli hakimi Pyerluici Kollina doğma şəhəri Bolonyanın “Bolonya” komandası ilə “Qarabağ”ın və ya “Barselona”nın oyununu idarə etsəydi, necə davranardı?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR