Keçmiş rəqibləri eks-prezident haqda nələr dedilər?
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov martın 27-də 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir.
1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləyib. 1974-cü ildən “Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru olub. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ilin oktyabrında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini - Dövlət Plan Komitəsinin sədri vəzifələrini tutub.

1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra-1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.

1991-ci ilin avqustunda Moskvada SSRİ prezidenti Mixail Qorbaçova qarşı baş verən qiyamı dəstəkləyən az sayda respublika rəhbərlərindən biri də Ayaz Mütəllibov idi. Lakin 2016-cı ildə verdiyi müsahibədə Mütəllibov bunu inkar edərək çevrilişi dəstəkləmədiyini deyib.
1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Mütəllibov Azərbaycanın prezidenti seçilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədib, azərbaycanlıları soyqırıma məruz qoydular. Bu faciədən sonra Milli Məclisdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olub və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib.
Faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edib və buna görə də mayın 14-də Mütəllibov prezident vəzifəsinə qayıtmağa cəhd edib. Lakin müxalif cəbhədə duran Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov bir gün sonra yenidən istefası barədə sənədi imzalamalı olub. Bundan sonra A.Mütəllibov Rusiyaya mühacirətə gedib. O, 1992-ci ilin mayından 2012-ci ilin iyul ayına kimi Moskvada məcburi mühacirət həyatı yaşayıb. Yalnız 2011-ci ilin avqustunda - 19 ildən sonra oğlu vəfat edərkən Bakıya gəlib övladının dəfnində və yas mərasimində iştirak edib. Sonra da yenidən Rusiya paytaxtına dönüb. Bundan 1 il sonra - 2012-ci ilin iyulunda A.Mütəllibov həmişəlik Azərbaycana qayıda bilib.

2012-ci ilin iyun ayında Azərbaycanda yeni qanun - sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan "Eks-prezidentlər haqqında" Qanun qəbul edildikdən sonra Ayaz Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə etmişdi. 2012-ci ildən eks-prezident kimi xüsusi imtiyazlardan istifadə edirdi.
Ayaz Mütəllibovun vəfat etməsinin səbəbinə gəlincə, oğlu Zaur Mütəllibov bildirib ki, atası bir aya yaxın idi Mərkəzi Kliniki Xəstəxanada müalicə alırdı: “Beyin təzyiqi var idi. Atamı əvvəlcə operativ müalicə etdilər. Özünü yaxşı hiss edirdi. Amma sonradan müalicəsi uğurlu olmadı. Ardınca yeriməyində də problemlər yarandı. Həmçinin yaşına görə də xəstəlikləri var idi. Bu xəstəliklər də onu narahat edirdi. Kiçik beyin insultu və mikro infarkt keçirmişdi”.
Eks prezident Ayaz Mütəllibovun dəfni ilə bağlı ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi tapşırıq verib. Ayaz Mütəllibovla vida mərasimi Şəhriyar adına Mədəniyyət Mərkəzində təşkil olunub. Mərhum eks-prezident birinci Fəxri Xiyabanda dəfn edilib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adından mərasimə əklil göndərilib.

“Mənim üçün danışmaq çox çətindir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Bu çətin gündə bizə köməklik göstərdilər. Yanımızda olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Musavat.com bildirir ki, bu sözləri Ayaz Mütəllibovun vida mərasimində oğlu Zaur Mütəllibov bildirib.
***
Ayaz Mütəllibov haqda siyasətçilər, vaxtilə ona qarşı sərt müxalifətdə olmuş tanınmış müxalifətçilər nə deyir? Onu necə xatırlayır? Məsələn, Mütəllibov prezident olanda Azərbaycandakı demokratik şəraiti necə qiymətləndirirlər?

Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, Ayaz Mütəllibovu 1987-88-ci illərdən tanıyırdı və onunla bağlı xatirələri var: “Ayaz Mütəllibovu hələ Dövlət Plan Komitəsinin sədri işlədiyi dövrdən tanıyırdım. Sonra Nazirlər Sovetinin sədri işləyəndə və sonra prezident olduğu zamanda tez-tez görüşlərimiz olurdu, rastlaşırdıq. Onun Nazirlər Sovetinin sədri və Prezident işlədiyi dövrlər çox ağır illər idi. Çox çətin sınaqlarda onun atdığı addımlar hamısı gözümüzün qabağındadır. Mənim üçün ən çox yadımda qalan odur ki, Ayaz Mütəllibov prezident işlədiyi zaman 1991-ci ilin oktyabrında məni dəvət etdi. Getdim onunla görüşdüm. Mənə dedi ki, istəyirəm səni Mətbuat Komitəsinin sədri təyin edim. Mən o zaman Yazıçı Nəşriyyatının baş redaktoru idim və ”Azərbaycan" qəzetinin baş redaktoruydum. “Azərbaycan” qəzeti 500 min nüsxə ilə çıxırdı və çox sərt yazıları olurdu. Ayaz Mütəllibovu da sərt tənqid edirdik. Belə bir reallıq ortada olduğu bir vaxtda Ayaz Mütəllibovun mənə hökumət vəzifəsi təklif etməsi məni çox təəccübləndirdi. Mən Ayaz Mütəllibova nə üçün məni vəzifəyə dəvət etdiyini soruşdum. Dedi ki, Mətbuat Komitəsinin sədri yaşa görə vəzifədən gedir, müavinini isə təyin etmək istəmirəm, Xalq Cəbhəsindən bəzi şəxsləri müxtəlif vəzifələrə təyin etmək istəyirəm, o cümlədən sizi. Mən dedim ki, siz məni vəzifəyə təyin etməklə rəhbərlik etdiyim qəzetin səsini batırmaq istəyirsiniz. O isə qəti şəkildə bildirdi ki, qəzetin mövqeyinə heç bir təsir göstərmək fikrində deyil. Ayaz Mütəllibov açıq şəkildə dedi ki, istəyirəm Xalq Cəbhəsi ilə xalq hərəkatı arasında bir körpü salım, orada tanıdığım ziyalılar var, onların bəzilərini vəzifəyə gətirmək istəyirəm, kommunistlərin bəziləri artıq köhnəlib getməlidirlər. Hətta Xalq Cəbhəsindən mənimlə yanaşı Tamerlan Qarayevin və bir neçə nəfərin adını çəkdi. Dedi ki, bu adamlara vəzifə vermək istəyirəm. Mən təkliflə bağlı fikirləşmək və qərar vermək üçün bir həftə vaxt istədim. Getdim Xalq Cəbhəsinin sədri rəhmətlik Əbülfəz Elçibəyə dedim ki, Ayaz Mütəllibov mənə filan vəzifəni təklif edir. Əbülfəz Elçibəy dedi ki, təklifi qəbul et, çünki bu lazımlı bir işdir. Beləliklə, Ayaz Mütəllibovun təklifinə razılıq verdim və Mətbuat Komitəsinin sədri təyin edildim, faktiki olaraq Nazirlər Sovetinin üzvü oldum. Mütəllibov bu cür addımlarla Xalq Hərəkatı ilə münasibətlərin yaxınlaşması tərəfdarı olduğunu rəsmi şəkildə ortaya qoyurdu".
S.Rüstəmxanlı onu da qeyd etdi ki, Ayaz Mütəllibov eyni zamanda yaxşı iqtisadçı idi, iqtisadiyyatı yaxşı bilirdi: “İqtisadiyyatda orta sahibkarlığın inkişafının tərəfdarı idi. Xaraktercə sakit adam idi, camaata hörmətlə yanaşan şəxs idi. Onun ən böyük səhvi o oldu ki, bir dəfə istefa verib getdikdən sonra prezident vəzifəsinə qayıtmaq istədi. Məncə, bu addımı atması üçün onu başdan çıxarmışdılar. Müsbət işlərindən biri isə onun pasport rejimini yoxlamaq adı altında Çaykəndi və bir sıra kəndləri separatçılardan təmizləməsi idi. Xocalı qətliamının onun hakimiyyəti dövründə baş verməsi isə ona qarşı böyük təzyiqlərə rəvac vermişdi və o, müxalifətin təzyiqi ilə vəzifədən getdi. Ancaq Mütəllibov hakimiyyətdən gedəndə sonra düşmən mövqe tutmadı. Ölkənin yaxşı vəziyyətinə yaxşı dedi, pis vəziyyətində pis dedi. Mən onu bu cür xatırlayıram. Allah rəhmət eləsin. Azərbaycan hakimiyyətinin eks-prezident kimi Ayaz Mütəllibova imtiyazlar verməsi, Fəxri Xiyabanda dəfninə şərait yaratması dövlətçilik baxımından ciddi addımdır”.

Pənah Hüseyn
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə Ayaz Mütəllibov barədə ona rəhmət diləməkdən başqa fikir söyləmək istəmədiyini bildirdi: “Azərbaycan xalqının milli mənəvi keyfiyyətlərindən biri də dünyasını dəyişən insana Allahdan rəhmət diləməkdir. Mən də Ayaz Mütəllibova Allahdan rəhmət diləyirəm. Başqa şərhim yoxdur”.

Rauf Qurbanov
Ayaz Mütəllibovun bir zamanlar üzvü olduğu Kommunist Partiyasının adını daşıyan Azərbaycan Kommunist Partiyasının birinci katibi Rauf Qurbanov isə bildirdi ki, onlara düşən Ayaz müəllimə Allahdan rəhmət diləmək, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verməkdir: “Ayaz müəllimin hakimiyyətdə olduğu dövrü isə mən yox, tarix özü xarakterizə edəcəkdir. Bizlərdən dünyasını dəyişənlərə yalnız rəhmət demək düşür”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






