İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Avropa üçün danlaq obyekti olmayacaq – Prezidentdən alman siyasilərə açıq mesaj

1376 29.02.2024 16:35 Analitika A A

Azərbaycan mediasında Almaniya ilə münasibətlərlə bağlı bir yayğın zarafat var. Həmkarlarımız bunu dövlət televiziyasının süjetlərindən götürüblər, illərdir dillərdə gəzir.

Ancaq Almaniya və Azərbaycanın münasibətləri Fransa ilə münasibətlərindən fərqlənir və bu ölkədə hamı istəyir ki, o fərq aradan qalxmasın. Birincisi, Almaniya ilə Fransa bir-birindən çox fərqli ölkələrdir. İkincisi, Fransanın Azərbaycana münasibəti ilə Almaniyanın yanaşması eyni deyil.

Bu, əsasən ondan irəli gəlir ki, Fransadan fərqli olaraq Almaniya dövləti obyektivliyə daha yaxındır və tarixən, ən azı son 70 ildə dünya siyasətində daha ədalətli mövqe tutmağa çalışır.

ecececr.jpg (149 KB)

Dövlət müstəqilliyimiz bərpa etdikdən bəri Azərbaycanla Almaniyanın münasibətlərinin müsbət inkişaf dinamikası müşahidə olunur, Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb.

Azərbaycan dövlətinin başçısı İlham Əliyevin dünən Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu aspektlərin vurğunlanması boşuna deyil.

Bəzən bu ölkənin ayrı-ayrı parlamentarlarının fransızların fitvasına gedərək ölkəmizə qarşı müəyyən haqsız tənqidlər səsləndirmələri isə, əslində, normal münasibətlərə kölgə salır. Düzdür, dünyanın hər yerindəki demokratik ölkələrin parlamentlərində rəy plüralizmi hökm sürür, deputatlar istədikləri mövzuda istədikləri cür danışırlar və heç kəs onların ağzını bağlaya bilməz, ancaq federal kansler Olaf Şoltsun partiyasının üzvünün təşəbbüsü ilə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi faktının üstündən sükutla keçmək mümkün deyil. Prezident İlham Əliyev Mixael Harmsla görüşdə bu detala xüsusi diqqət ayırıb.

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi məsələsində Almaniya dövlət olaraq neytral mövqe tutsa da, belə məsələlər Fransa kimi “erməni məsələsi” ilə yatıb-duran, onun ordusunu gücləndirərək revanşa başlamaları üçün dəstək verən ölkələrlə onun mövqeyini yaxınlaşdırır.

Həmin görüşdə dövlət başçısı İlham Əliyev ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdlərini tamamilə əsassız və qərəzli olduğunu bildirərək deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. “Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib”, - Prezident deyib.

ücüec.jpg (29 KB)

Məsələn, bir neçə il öncə İspaniya öz suverenliyini təmin etmək üçün Kataloniya bölgəsində müstəqillik elan etmiş separatçıları həbs etdi, katalon separatizminə zərbə vurdu, ancaq bu dövləti Avropa Birliyində təmsil edən Jozep Borrel neçə vaxtdır erməni separatizminə havadarlıq edir, onların xeyrinə açıqlamalar verir. Elə alman siyasətçilərlə görüşdə Prezident İlham Əliyev bu mövzuya da toxunub və Borrelin Azərbaycanı təhdid etməsindən danışıb. Bu günlərdə Borrel deyib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. “Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır”.

Maraqlısı budur ki, Avropa İttifaqındakı bu həyəcanlanmalar Azərbaycanın ərazisinin 20 faizinin 30 il boyunca Ermənistanın işğalı altında olduğu müddətdə bir dəfə də olmayıb. Həmin vaxt 1 miyona yaxın vətəndaşımız ən ağır şərtlərlə qaçqınlıq, köçkünlük həyatı yaşayırdılar, amma onları öz ev-eşiyindən didərgin salan Ermənistan dövlətini tənqid edən yox idi. Üstəlik, bəzən erməni siyasilər rəsmi Bakını təhdid edərək “yeni əraziləri tutmaq” haqqında hədə biçirdilər, amma yenə də Avropanın üstqurum təşkilatlarından səs çıxmırdı.

Bunun “ikili standartlar” siyasətinin təzahürü olduğu elə o vaxtdan da bəlliydi, amma kiminsə boynuna qoymaq mümkün olmurdu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra Avropada qopan vay-nöfsə isə artıq sübuta ehtiyacı olmayan tərəfkeşlikdir. 3-4 il öncə özünü neytral vasitəçi kimi təqdim edən Fransa, eləcə də Avropanın bəzi başqa ölkələri artıq maskalarını bir tərəfə ataraq açıq şəkildə Ermənistanın səngərinə giriblər və ermənilərə dayaq olduqlarını göstərirlər.

Prezident onu da vurğulayıb ki, Azərbaycan haqqında bilərəkdən mənfi təəssürat yaradılır. “Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir”, - dövlət başçısı İlham Əliyev bu məsələdən narazı qaldığını yüksək mənsəbli qonağın diqqətinə çatdırıb.

Düzdür, Azərbaycan geosiyasi mövqeyinə görə Avropa dövləti olsa da, sürəkli olaraq qitənin üstqurum təşkilatlarında və aparıcı dövlətlərinin siyasi dairələrində xor görülərsə, bu platformalarda onun doğal haqlarına mürtəce yanaşmalar olarsa, ölkənin başqa yolu qalmır.

ececeeccevvvvv.jpg (245 KB)

Yəni Azərbaycan nə vaxta qədər Avropanın siyasi motivli məhkəmələrində cavabdeh tərəf olacaq? Məgər biz Avropa təşkilatlarına ona görə üzv olmuşuq ki, xroniki şəkildə məzəmmət obyekti olaq?
Əslində əksinəydi, Azərbaycan AŞPA-ya ona görə üzv olmuş, ATƏT-in Minsk qrupunun yaradılmasına ona görə razılıq vermişdi ki, bu təşkilatlarda ədalət axtarırdı, onların ölkəmizin halal haqqını təmin edəcəyini gözləyirdi. Bu olmadı. 30 ildən sonra isə əksinə oldu. İndi o təşkilatlar özlərinə Azərbaycanın üzərində məhkəmə qurmaq funksiyası götürüblər və elə bilirlər ki, bu ölkənin başqa variantı yoxdur.
Çıxış yolu isə Prezidentin dediyi kimidir, bir ilə Azərbaycana qarşı haqq-ədalət bərpa olunmasa, ölkə Avropa qurumlarından çıxdığını elan edəcək.

Bir sözlə, Avropa Şurasının aparıcı ölkələrindən biri olan Almaniyadan gələn qonaqlar Bakıdan öz ölkələrinə lazımi mesajlarla qayıtdılar və fikirləşməyə getdilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR