İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Yüksəliş Partiyası özünü buraxdı - Təşkilatın son BƏYANATI yayıldı

1512 23.06.2023 14:00 Siyasət A A

 

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. 

Musavat.com xəbər verir ki, bu, Azərbaycan Yüksəliş Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Musavat.com-a eksklüziv olaraq göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:

"Azərbaycan vətəndaşlarının milli birliyi və qüdrətli Ordumuzun misilsiz şücaəti nəticəsində uzun illər düşmən əsarətində olan vətən torpaqlarımızın azad edildiyi, böyük Zəfərin qazanıldığı bir zamanda təsis edilən Azərbaycan Yüksəliş Partiyası millətimizin gələcəyi, siyasi istiqrarı və müstəqilliyimizin əbədi olması naminə siyasi fəaliyyətə başlayıb. Ətrafında mütərəqqi ziyalıları, cəmiyyətin ictimai fəal kəsimini toplamağı bacaran Azərbaycan Yüksəliş Partiyası təsis edildikdən qısa müddət sonra – 2021-ci ildə dövlət qeydiyyatına alınıb.

Yüz minlərlə soydaşlarımızın doğma ocaqlarından didərgin düşməsinə, minlərlə oğul və qızlarımızın vaxtsız dünyadan köçməsinə, dərin sosial-iqtisadi problemlərə səbəb olan Qarabağ münaqişəsinin Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi və müzəffər Ordumuzun rəşadəti nəticəsində zəfərlə həllinə nail olduqdan sonrakı yeni mərhələdə insanlarımızın və dövlətimizin gələcəyi bizi də düşündürüb. Müasir dövrün tələblərindən irəli gələrək Azərbaycan Yüksəliş Partiyası ədalətli, açıq, qabaqcıl elmə və texnikaya sahib, müasir təhsilin və elmi düşüncənin dominant olduğu, siyasi dözüm və əməkdaşlıq müstəvisində rəqabət aparan rəfahı yüksək cəmiyyətin qurulmasına nail olmağı öz məqsədi hesab edib. Bu yolda dövlətimizin qorunması və möhkəmləndirilməsi mövqeyində israrlı və ardıcıl olmuşuq.

Bununla yanaşı, Qalib dövlət olaraq aparılan uğurlu siyasətin bizim məram və məqsədlərimizə birbaşa cavab verdiyini aydın şəkildə müşahidə etdik. Azərbaycan dövləti əldə etdiyi Qələbəyə layiq siyasət yürütməkdə israrlıdır. Ancaq bunun özü ilə bərabər müəyyən risklər gətirdiyini də anlayırıq. Dövlətimizə yaranmış təhlükələrin öhdəsindən gəlmək üçün əqidə birliyinə ehtiyac olduğu bizim üçün aşkardır. Biz dövlətimizin möhkəm təməllər üzərində əbədi müstəqilliyi üçün insanlarımızın dövlətin ətrafında daha sıx birləşməsinə tərəfdarıq.

Biz, Azərbaycan Yüksəliş Partiyasının üzvləri milli dövlətçiliyimizin təhlükəsizliyinə, insanlarımızın rifahının daha da yaxşılaşacağına, ölkədə siyasi dialoq mədəniyyətinin dərinləşəcəyinə inanaraq, ölkəmizə olan təhdidlərə qarşı vətəndaşlarımızı milli birliyə səsləyirik. Milli birliyə və vətəndaşlarımızın siyasi əqidə birliyinə töhfə vermək niyyətilə Partiya kimi fəaliyyətimizi sonlandırmağı daha məqbul hesab edir və bunu ictimaiyyətə bəyan edirik.  Bütün üzvlərimizə və Partiyanın rəhbərliyində təmsil olunan dəyərli məsləkdaşlarımıza fəaliyyətlərində uğurlar arzulayırıq".

Musavat.com                                                              

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR