İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı - Kommunistlərin SON BƏYANATI

2194 06.04.2023 17:00 Siyasət A A

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. 

Musavat.com xəbər verir ki, bu, 1993-cü ildən fəaliyyət göstərən, Musa Tukanovun sədri olduğu Azərbaycan Vahid Kommunist Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Musavat.com-a eksklüziv olaraq göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:

"Sovet Sosialist Respublikaları İttifaqı süqut etdikdən sonra Azərbaycan kommunistləri də öz siyasi əqidələrini davam etdirmək, hansı dövlət quruluşunda yaşamasından asılı olmayaraq fəhlə və kəndlilərin hüquqlarını müdafiə etmək məqsədi ilə yenidən təşkilatlanaraq Azərbaycan Vahid Kommunist Partiyasını yaratdılar. Azərbaycan öz müstəqilliyini əldə etdikdən dərhal sonra təşkilatlanan kommunist fəallar 1993-cü ildə Partiyanı təsis edərək aktiv siyasi fəaliyyətə başladılar.

Yarandığı gündən burjua təfəkkürünə qarşı olan və ölkənin inkişafını, xalqın rifahını fəhlə və kəndlilərin zəhmətinin nəticəsi hesab edən, buna görə də fəhlə və kəndlilərin hüquqlarını qorumağı, onların sosial müdafiəsini təmin etməyi əsas fəaliyyət istiqaməti seçən Azərbaycan Vahid Kommunist Partiyası 19.09.1995-ci il tarixində rəsmi dövlət qeydiyyatına alınmışdır. Rəsmi şəkildə fəaliyyətini davam etdirən Partiya qısa zamanda ölkənin bir sıra rayonlarında öz ilk təşkilatlarını yaratmış və davamlı şəkildə kommunist ideyaların təbliğinə xidmət etmişdir. Uzunmüddətli fəaliyyəti dövründə partiya daim burjua təfəkkürünə sol mövqedə dayanmış və burjua düşüncəsini təbliğ edən partiyalarla rəqabətdə olmuşdur.

Azərbaycan Vahid Kommunist Partiyasının rəhbər şəxsləri və üzvləri Azərbaycanda gedən dərin islahatlar prosesinə də biganə qalmamış, fəhlə və kəndlilərin rifahı üçün atılan mütərəqqi addımları daim dəstəkləmişdir. Azərbayan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi torpaq islahatı, ölkə iqtisadiyyatının gücləndirilməsi tədbirləri Partiya tərəfindən təqdir edilmişdir. Bu gün Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi dövlət proqramları, kəndlilərin yaşayış şəraitinin yaxşılaşdırılması, kəndlilərə təsərrüfatla məşğul olması üçün güzəştlər edilməsi, subsidiyalar verilməsi, həmçinin Azərbaycan kəndlərinin günün müasir tələblərinə uyğun inkişaf etdirilməsi, fəhlələrin əmək hüquqlarının müdafiəsi sahəsində atılan addımlar biz kommunistlər tərəfindən dəstəklənir. Dövlətin atdığı bu addımlar Azərbaycan Vahid Kommunist Partiyasının Nizamnaməsi ilə müəyyən edilmiş məqsədlərinin və hədəflərinin reallığa çevrildiyini göstərir.

Azərbaycan kommunistləri ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların xalqımızın rifah halının yaxşılaşmasına, ölkə Prezidentinin dəmir yumruğu, Ordumuzun yenilməz gücü və xalqımızın birliyi ilə işğaldan azad edilən ərazilərimizin inkişafına, məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasına xidmət etdiyini qəbul edir və Partiyanın məqsədlərinin reallaşdığını ictimaiyyətə bəyan edir. Bu səbəbdən hazırda Azərbaycan Vahid Kommunist Partiyasının öz fəaliyyətini siyasi partiya kimi davam etdirilməsini məqbul hesab etməyən üzvlərin yekdil qərarı ilə Partiyanın buraxıldığını bildiririk. Üzvlərimizə bundan sonrakı ictimai və siyasi fəaliyyətlərində uğurlar arzulayırıq

İmza: Tukanov Akif Musa oğlu".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR