Türk dünyasının birliyinə xidmət edən daha bir platforma
29 iyun-3 iyul tarixlərində Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək. Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil ediləcək.
“Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyi birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçiriləcək.
Həftənin əsas tədbiri “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres olacaq. İyunun 29-da Heydər Əliyev Mərkəzində rəsmi açılış mərasimi keçiriləcək konqresdə türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələrin iştirakı nəzərdə tutulur.
Açılış mərasimində qurultaya həsr olunmuş interaktiv sərgi və qısametrajlı film təqdim ediləcək.
İyunun 29-da həmçinin Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
İyunun 30-da AMEA Rəyasət Heyətinin binasında “Türk tarixi hekayələri və ideoloji yanaşmalar” mövzusunda panel müzakirələri təşkil olunacaq. Həmin gün Dənizkənarı Milli Parkda konsert proqramı keçiriləcək.
İyulun 1-də konqres iştirakçıları üçün Qarabağ bölgəsinə səfər təşkil ediləcək. Ağdam, Şuşa və Xankəndi şəhərlərini əhatə edən səfər çərçivəsində iştirakçılar regionun tarixi-mədəni abidələri ilə tanış olacaqlar. Həmin gün Ağdam Muğam Mərkəzində dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin eyniadlı pyesi əsasında “İblis” tamaşası nümayiş etdiriləcək.
İyulun 2-də Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın mədəni və elmi mirası” mövzusunda panel müzakirəsi keçiriləcək. Müzakirələrin yekununda “Türk Dünyası Həftəsi” çərçivəsində gerçəkləşən plenar və panel sessiyaların nəticələrini əks etdirən, türkologiya sahəsində növbəti yüzillik üçün prioritet istiqamətləri, strateji çağırışları və ortaq əməkdaşlıq perspektivlərini müəyyənləşdirən yekun sənədin qəbul edilməsi nəzərdə tutulur.
Həmin gün eyni zamanda Bakıda Milli Azərbaycan Tarixi Muzeyində yubiley sərgisi, Azərbaycan Milli Kitabxanasında isə Türk Dünyası Milli Kitabxanaları Birliyinin konfransı və yeni nəşrlərin təqdimatı keçiriləcək.
“Türk Dünyası Həftəsi”nin sonuncu günü - iyulun 3-də Azərbaycan Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” mövzusunda elmi seminar və sərgi təşkil olunacaq. Nizami Kino Mərkəzində film nümayişi ilə həftənin bağlanışı olacaq.
“Türk Dünyası Həftəsi” “Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyasında qeyd edilən qlobal trendlər kontekstində türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi, qorunması və təbliği baxımından əhəmiyyətli platforma olacaq.
“Türk Dünyası Həftəsi” kimi tədbirlər Azərbaycanın Türk dövlətləri ilə daha da sıx inteqrasiyasında təkanverici rol oynayırmı? O cümlədən türkdilli ölkələr arasında bu cür mədəni tədbirlər Türk dünyasının birliyinə əlavə stimul verirmi?
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, “Türk Dünyası Həftəsi” Azərbaycanın türk inteqrasiyası prosesində aparıcı rolunu daha da möhkəmləndirən hadisədir. Məhz belə platformalar vasitəsilə ortaq tarix, dil və mədəniyyət üzərində qurulan əlaqələr gələcəkdə türk dövlətləri arasında daha sıx siyasi, iqtisadi və humanitar əməkdaşlığın əsasını formalaşdırır: “Türk Dünyası Həftəsi” və Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər yalnız elmi-mədəni xarakter daşımır, eyni zamanda türk dövlətləri arasında inteqrasiyanın ideoloji, humanitar və strateji əsaslarını gücləndirən mühüm platforma rolunu oynayır. Bu baxımdan belə tədbirlərin Azərbaycanın Türk dünyasındakı mövqeyinin möhkəmlənməsinə və ümumtürk əməkdaşlığının dərinləşməsinə ciddi töhfə verdiyini söyləmək olar.
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi və mədəni düşüncə tarixində dönüş nöqtələrindən biri hesab olunur. Həmin qurultayda dil, əlifba, tarix və mədəniyyət məsələləri üzrə qəbul edilən qərarlar sonrakı onilliklər ərzində Türk dünyasının intellektual inkişafına təsir göstərmişdi. Yüz il sonra həmin ənənənin yenidən gündəmə gətirilməsi Azərbaycanın özünü Türk dünyasının elmi-mədəni mərkəzlərindən biri kimi təqdim etməsinə xidmət edir".
M.Əsədullazadə qeyd etdi ki, son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Təhsil, elm, mədəniyyət, media və gənclər siyasəti istiqamətlərində də ortaq layihələrin sayı artır. Bu baxımdan “Türk Dünyası Həftəsi” kimi tədbirlər dövlətlərarası əməkdaşlığın ictimai və mədəni bazasını genişləndirir: “Azərbaycan son illərdə Türk dünyasının müxtəlif platformalarına ev sahibliyi etməklə özünü əlaqələndirici mərkəz kimi təqdim edir. Bakı, Şuşa, Ağdam və Xankəndidə keçiriləcək tədbirlər həm də Qarabağın beynəlxalq elmi və mədəni dövriyyəyə daxil edilməsinə xidmət edir. Xüsusilə konqres iştirakçılarının Qarabağa səfərinin təşkili Azərbaycanın regionun bərpası və inkişafı ilə bağlı mesajlarını Türk dünyasının elmi ictimaiyyətinə birbaşa çatdırmaq imkanı yaradır. Türk dünyasında inteqrasiyanın uğuru yalnız hökumətlərarası sazişlərdən deyil, xalqlar arasında əlaqələrin dərinliyindən də asılıdır. Bu mənada "Türk Dünyası Həftəsi" türk dövlətləri arasında əməkdaşlığa əlavə stimul verən, ortaq strateji baxışın formalaşmasına xidmət edən mühüm təşəbbüsdür".
Hazırladı: Etibar Seyidağa






