İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı xəstələr yenə İrana axışır? - cənub qonşumuzun təbabəti irəli necə gedib...

3162 02.09.2022 08:20 Ölkə A A

Zülfüqar Yusifov: “Xəstələrimizin İrana müalicəyə getməsinin 2 əsas səbəbi var”

“İslam Respublikası tibbi xidmətlər üçün regional mərkəz hesab olunur”. Bu sözləri İran prezidenti İbrahim Rəisi deyib. Rəisi Tehranda İran tibbi ilə bağlı konfransda çıxışı zamanı bildirib ki, İranın bir çox şəhərləri “sağlamlıq mərkəzi” hesab edilir və bu baxımdan ölkə regionda və dünyada ideal mövqedədir.

“Qonşu ölkələrin vətəndaşları deyirlər ki, əvvəllər müalicə üçün Avropaya gedirdilərsə, indi tibbi xidmət üçün İrana gəlməyə üstünlük verirlər”, - deyə o qeyd edib.

İran prezidentinin sözlərinə görə, İranda istifadə olunan dərmanların 90 faizindən çoxu yerli istehsaldır və İran hazırda əczaçılıq məhsullarının əsas ixracatçısıdır.

Xatırladaq ki, İrana gələn tibbi turistlərin sayı 2007-ci ildə 20 min idisə, 2019-cu ildə 300 min olub. Tibbi turizmindən əldə edilən ümumi gəlir isə 1,2 milyard dollara çatıb.

Rəisinin fikirləri nə dərəcədə reallığı əks etdirir? On illərlə Qərbin sərt sanksiyaları altında olan İranın təbabəti necə olub xeyli qabağa gedib, dərman preparatlarının 90%-ini özü istehsal edir, müasir tibb texnologiyalarına malikdir və qonşu ölkələrin əhalisi üçün ölkə “tibbi mərkəz”ə çevrilib? Cənub qonşumuz buna necə nail olub? Konkret olaraq Azərbaycandan müalicə almaq üçün İrana əvvəlki axın qalırmı? Nəzərə alsaq ki, arada pandemiyaya görə sərhədlər xeyli müddət bağlı olub. İran səhiyyəsi gerçəkdənmi Azərbaycan vətəndaşları üçün daha keyfiyyətli və əlçatandır?

Medicina.az - Xərçəng xəstələrində ağrıları azaldan yeni metodlar BAKIDA–  Alqoloq Zülfüqar Yusifov

Zülfüqar Yusifov

"Ankara" klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əslində İrana əvvəlki tək axın hiss olunmur. Çünki adətən İrandan gələnlər öz reseptləri ilə birgə gəlirdilər və son vaxtlarda bizim praktikamızda buna rast gəlmirik. Deyərdim ki, axır vaxtlar daha çox Almaniyaya axın müşahidə olunur. Yəni artıq bu ölkəyə doğru gedişlər artmaqdadır.

Ümumiyyətlə, səhiyyədə belə bir şey var, daha yaxşı müalicə üçün insanlar başqa ölkələrə getməyə çalışırlar. Necə ki, kənddə olanlar rayonlara, rayondakılar şəhərlərə üz tutur, şəhərdəkilər də başqa ölkələrə getmək arzusunda olur. Məsələn, bir sıra azərbaycanlılar əgər Türkiyəni seçirsə, Türkiyədəkilər də daha çox Avropanı seçirlər və sairə.

İran seçimində üstünlüyün əsas səbəblərindən biri bu ölkənin bizə yaxınlığıdır. Yəni pandemiyadan əvvəl əksəriyyət hətta öz maşınları ilə İrana müalicəyə gedirdi. İkinci çox vacib məsələ İranda səhiyyə xidmətinin, o cümlədən də dərman maddələrinin çox ucuz olmasıdır. Bəziləri hətta işlə müalicəni birləşdirib, ora gedirdi. Həm işini görür, həm də müalicəsini orada aparırdı. Lakin son aylarda, hətta illərdə bu azalmanın əsas səbəbi təbii ki, koronavirus pandemiyası oldu. Daha bir səbəb isə deyilənə görə, artıq İranda kənardan gələn xəstələr üçün müalicə və müayinənin qiyməti artırılıb".

Həkim qeyd etdi ki, bəzi xəstəliklərin müalicəsi üçün heç də digər ölkələrə getməyə gərək yoxdur: “Bir məsələni diqqətə çatdırmaq istəyirəm, bir sıra xroniki xəstəliklər var ki, onların müalicəsi standartlara uyğun aparılsa, heç fərqi yoxdur, müalicə Azərbaycanda, ya Avropada aparılır. Çünki həmin xəstəliklərdə tibb elminin gəldiyi müəyyən bir nöqtələr, diaqnostik, müalicə protokolları var ki, onlardan kənarda heç nə yoxdur. Yeni kəşflər, ixtiralar, protokollar olursa, onun üçün maraqlanan insanlar üçün anındaca əlçatan olur. Bu baxımdan qeyd olunan xəstəliklərin müalicəsi üçün başqa ölkəyə getməyin mənası yoxdur.

Lakin bəzi xəstəliklər də var ki, onların müalicəsi hansısa ölkədə daha çox mümkün olur. Səbəb isə odur ki, orada bir sıra xəstəliklər üçün xüsusi mərkəzlər yaradırlar. Lakin qeyd etdiyim kimi, sadə problemlərdən ötrü başqa ölkələrə getməyi mənalı saymırıq, amma əlbəttə ki, seçim insanlarındır".

“Azərbaycan da daha çox dərman istehsalına başlaya bilərmi, bunun üçün imkanlar varmı” sualına Zülfüqar Yusifov bu cür cavab verdi:

“Əczaçılıq sahəsi elə də sadə bir iş deyil ki, onu tez bir zamanda qurmaq olsun. Bəzi dərman preparatları var ki, onların Azərbaycanda istehsalı  iqtisadi baxımdan özünü doğrultmaya bilər. Çünki əhali sayı, müəyyən xəstəliklərin yaranma tezliyinə görə həmin preparatların istehsalı o qədər sərfəli deyil. Onu başqa ölkələrdən almaq, barter etmək daha sərfəlidir. Lakin gündəlik həyatımızda çox istifadə etdiyimiz dərman preparatları və ya tibbi ləvazimatlar var ki, onların istehsalına ehtiyac var. Bununla bağlı bəzi addımlar atılıb, amma ortada hələlik ciddi bir şey yoxdur. Görünür, daha sürətli və adekvat olmaq üçün ölkəmizə müəyyən təcrübələr gətirmək, tətbiq etmək lazımdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR