“Bakı Metropoliteni” bu gün günorta saatlarında bəzi stansiyalarda marşrut istiqamətlərinin dəyişməsi ilə bağlı yayılan narazılıqlara münasibət bildirib.
Qurumun Musavat.com-un sorğusuna cavab olaraq verdiyi açıqlamada qeyd olunur ki, metropolitendə istiqamət göstəricilərinin proqram təminatında yenilənmə aparılıb:
“Bakı Metropolitenində istiqamət göstəriciləri ilə bağlı proqram təminatının yenilənməsi zərurəti yaranıb. Həmin vaxt stansiyalarda qatarların marşrutu ilə bağlı əlavə səsli məlumatlar verilib. Qısa müddətdə yenilənmə başa çatdırılıb. Hazırda marşrut göstəriciləri tam tənzimlənib”.
O da qeyd edilib ki, proses sərnişinlərin təhlükəsizliyi və informasiya təminatının daha da təkmilləşdirilməsi məqsədi daşıyır.
***
Bu gün günorta saatlarında (13:26, 13:37) “Bakı Metropoliteni”ndə hərəkətdə gecikmələr və istiqamət dəyişiklikləri müşahidə olunub.
Musavat.com əməkdaşının verdiyi məlumata görə, “İçərişəhər” istiqamətinə getməli olan qatarlar bir müddət “Nizami” stansiyasına yönləndirilib. Bu səbəbdən metrostansiyalarda sıxlıq yaranıb və insanlar nə baş verdiyini dəqiqləşdirməyə çalışıblar.
“28 May” metrostansiyasında da hərəkətdə fasilələr yaşanıb. Qatar bir neçə dəqiqə gecikmə ilə hərəkət edib və bəzi məqamlarda dayanmağa məcbur qalıb.
Qeyd edək ki, metroda sıxlıq olduğundan sərnişinlər havasızlıqdan şikayətləniblər.
Mövzuyla bağlı Bakı Metropoliteni ilə əlaqə saxlanılıb. Rəsmi cavab təqdim olunduğu təqdirdə yayımlanacaq.
Afaq Mirayiq,
Musavat.com






