İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtobus sürücülərinin öhdəsindən gəlmək olmur - səbəb...

1698 30.12.2023 08:00 Reportaj A A

Ekspert: “Paytaxt marşrutlarında vəziyyət çox bərbaddır”

Rəsmi qurumlar adətən, təşviq edirlər ki, insanlar ictimai nəqliyyatdan istifadə etməklə paytaxtdakı sıxlığın aradan qaldırılmasına yardımçı olsunlar. Əslində bu təbliğat təqdirəlayiqdir. Onsuz da yüklənən Bakıda insanların saatlarla tıxacda qalmaması, əsəblərinin gərginləşməməsi üçün bu addım alqışlanmalıdır. 

Paytaxtda artıq əksər yerlərdə xüsusi avtobus zolaqları da yaradılıb. Bu da ictimai nəqliyyatın maneəsiz hərəkətinə, sərnişinlərin vaxtında mənzil başına çatdırılması üçün gözəl addımdır. Amma problem bununla bitmir. Bu gün avtobuslarda sərnişinlərin rahatlığı təmin edilirmi? Avtobuslarda ən vacib məsələlərdən olan sərnişin təhlükəsizliyinə əməl olunmur. Sürücülərin avtobus idarə etməsinə nəzarət həddindən artıq zəif olduğundan bəzi sürücülər özbaşınalıqlar edir, sərnişinlər üçün real təhlükələr yaradır.  Aidiyyəti qurumlar, daşıyıcı şirkətlər demək olar ki, sərnişin avtobusunun sürücülərini lazımi qaydada təlimatlandırmır. Nəticədə ictimai nəqliyyatda sürücü-sərnişin mübahisələri yaranır. 

Siqaret çəkən avtobus sürücüsü, sərnişinə qarşı özbaşınalıq

“Yeni Müsavat”ın əməkdaşı dekabrın 29-da marşrut avtobuslarından birində bu cür problemlə rastlaşıb. Paytaxtda fəaliyyət göstərən 40 saylı marşrut xətti üzrə hərəkət edən 99-JZ-248 dövlət nömrə nişanlı avtobusun sürücüsü sərnişin daşıyarkən əsl özbaşınalıq edib. “Köhnə Günəşli”-"Sabunçu" xətti üzrə hərəkət edən avtobus sürücüsü salonda dalbadal siqaret yandıraraq sərnişinlərə əməli başlı əsəb yaradıb. Bir neçə sərnişinin etirazına məhəl qoymayan sürücü özbaşınalıqlarına davam edib. Hələ bu azmış kimi, sürücü etiraz edən sərnişinlərin acığına avtobusu idarə edə-edə telefonla danışmağa başlayıb. Etiraz edən sərnişinlərə isə acıqla “get işinlə məşğul ol” deyərək hərəkətinə davam etməyə başlayıb. Nəticədə sərnişinlərin bəziləri bu özbaşınalığa dözməyib avtobusu vaxtından əvvəl tərk edib . 

Qeyd edək ki, avtobusda olan sərnişinlər məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verib, sürücü barədə tədbir görülməsini istəyiblər. 

Daşıyıcı şirkətlər sürücülərə irad tuta bilmir

Elməddin Muradlı - Turkic World

 Elməddin Muradlı

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı ictimai nəqliyyatda bu cür özbaşınalığın adi hala çevrildiyini  bildirib. Ekspert deyir ki, bunun müxtəlif səbəbləri var: “Avtobus sürücüləri ilə bağlı paytaxt marşrutlarında vəziyyət çox bərbaddır. İlk öncə onu deyim ki, peşəkar sürücülərin sayı get-gedə azalır. Çünki sürücülər yüksək maaş üçün xarici ölkələrə gedir. Çünki xarici ölkələrdə sürücülərə aylıq 3 min dollar əmək haqqı verilir. Ona görə də, daşıyıcı şirkətlər sürücülərini cəzalandır bilmir. Avtobus sürücüləri də bu prosesdən istifadə edərək kobud qayda pozur, özbaşınalıq edir, sərnişin təhlükəsizliyinə məhəl qoymur. Düşünürəm ki, bununla bağlı təcili addımlar atılmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bununla bağlı plan hazırlandığını açıqlayır. Amma hələlik bu problem həllini tapmayıb”.

Muradlı deyir ki, ictimai nəqliyyata təcrübəli sürücülər cəlb edilməlidir: “Bunun üçün isə sürücülərə normal təminat verilməlidir. Əvvəllər sürücü sahibkarda avtobusu aylıq və ya günlük icarəyə götürürdü. Sahibkarın gündəlik pulunu verəndən sonra özü üçün də qazanc əldə edirdi. İndi isə belə deyil. İctimai nəqliyyat nağdsız ödənişlərə keçəndən sonra sürücülər aylıq 700-800 manat maaşa işləyir.   Əvvəlki vaxtlarda əgər sürücü ayda 1500-2000 manat qazanırdısa, indi aylıq 800 manata işləyir. Bu da sürücüyə sərf etmir, sürücülükdən çıxır. Ona görə də, daşıyıcı şirkətlər sürücülərdən nəyisə tələb edə bilmir”.

Samir ƏLİ,
“Yeni Musavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR