İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib

913 15.10.2023 22:39 Mədəniyyət A A

Oktyabrın 15-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Biz birlikdəyik” adlı qala konsert keçirildi.

Gecədə 15 oktyabr tarixinin əlamətdarlığı, xalqımızın tarixi zəfərinin davamı olaraq Xankəndində Azərbaycan bayrağının Ali Baş Komandan İlham Əliyev tərəfindən ucaldılması xüsusilə qeyd olundu. Prezident İlham Əliyevin 20 il öncə dövlət başçısı seçilərkən Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirdiyi və bu gün bütün Qarabağda Azərbaycan bayrağının dalğalanmasının qürurunu yaşadığımız vurğulandı.

Təntənəli tədbirin əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxudu.

TÜRKSOY-un Baş katibi Sultan Raev çıxış edərək təşkilatın keçdiyi yola qısa nəzər saldı və TÜRKSOY-un 30 illiyi münasibətilə növbəti təntənəli mərasimin Bakıda keçirilməsindən məmnunluğunu bildirdi. Gecədə türk dünyasının mədəniyyətinin təbliğində ki xidmətlərinə gör Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinə - Xalq artisti Nurəddin Mehdixanlı ( teatr), Xalq rəssamları Fərhad Xəlilov və Sakit Məmmədov ( təsviri incəsənət), Xalq yazıçısı Elçin (ədəbiyyat), Xalq artisti Faiq Sücəddinov (musiqi), Xalq artisti Şəfiqə Məmmədova (kino) və Xalq artisti, bəstəkar, TÜRKSOY-un ilk Baş katibi Polad Bülbüloğluna təşkilatın "Şərəf" medalı təqdim olundu.

Tədbir təşkilata üzv ölkə və diyarların incəsənət kollektivlərinin iştirakı ilə konsert proqramıyla davam etdi.

Proqramda "Birlikdə", "TÜRKSOY 30 il", " Şəki- İpək Yolunda Karvansaray Mərkəzi", C. Cahangirov " Qarabağ" vokal- xoreoqrafik kompozisiya, eləcə də "Türk dünyasının milli alətlərinin deyişməsi" kimi maraqlı ifa və kompozisiyalar təqdim olundu.

Bədii proqramda Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr və Xakasiyanın (RF) incəsənət kollektivləri çıxış etdilər.

Konsert proqramı bütün kollektivlər və solistlərin iştirak etdiyi "Azərbaycan - odlar yurdu" kompozisiyası ilə yekunlaşdı.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində TÜRKSOY-un 30 illiyi münasibətilə təşkil olunmuş sərgi ilə də tanış oldular.

Qeyd edək ki, bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR