İnsanlara hürriyət, millətlərə istiqlal!

Banklara 6 ay vaxt verildi: Bu müddətdə...

2617 03.10.2023 19:15 İqtisadiyyat A A

Ekspert: “Bu məsələdə ən sərt nəzarət təmin olunmalıdır”

Azərbaycanda bankların korporativ idarəetmə sisteminə nəzarət gücləndirilir. Belə ki, gələn il martın sonuna qədər Azərbaycan bankları Mərkəzi Bankın (AMB) təsdiqlədiyi “Banklarda Korporativ İdarəetmə Standartları”na uyğun olaraq yeni strateji planını hazırlamalı və onu tənzimləyici quruma təqdim etməlidirər.

AMB-dən verilən məlumata görə, bundan başqa, banklar hər üç aydan bir standartların tətbiq səviyyəsini qiymətləndirərək, nəticələrini quruma kommunikasiya etməlidirlər: "Bank nəzarəti üzrə Bazel Komitəsinin tələbələrində qeyd edildiyi kimi, effektiv korporativ idarəetmə tələblərinin tətbiqi bankların risk əsaslı fəaliyyətini təmin etməklə, bütövlükdə maliyyə sabitliyi üçün zəruridir. Bu çərçivədə, "Banklarda Korporativ İdarəetmə Standartları” AMB-nin İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli qərarı ilə qəbul edilib və senyabrın 8-dən qüvvəyə minib. Standartların qəbulunda əsas məqsəd bankların idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini dəqiq müəyyən etməklə, onların işinin etibarlılıq, şəffaflıq, hesabatllılıq, məsuliyyətlilik prinsiplərinə uyğun təşkilinə nail olunmasıdır".

Qeyd edək ki, yeni standartların qəbulunadək banklarda korporativ idarəetmə standartlarına dair normativ tələblər “Banklarda korporativ idarəetmə Standartları”, “Banklarda risklərin idarə olunması haqqında Qaydalar” və “Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar” ilə tənzimlənirdi. Sözügedən hüquqi aktlardan ilk ikisi 2013-cü ildə qəbul edilib, 2019-cu ildə isə ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası həmin qaydalara müəyyən dəyişikliklər edib. Daxili nəzarət və auditə dair qaydalar isə 1999-cu ildə qəbul edilib və onlara həmin dövrdən sonra yalnız texniki dəyişikliklər edilib.

AMB-dən bildirilir ki, bank sektorunda səmərəli fəaliyyət və sabitliyi təmin etmək məqsədilə cari korporativ idarəetmənin yenilənmiş standartlara uyğunlaşdırılması zəruri hesab edilib. Bununla əlaqədar olaraq, bir sıra mütərəqqi addımlar atılıb:

 merkezi_bank_97.png (112 KB)

“İstifadəçilər tərəfindən rahat oxunaqlılığın təmini üçün korporativ idarəetməyə dair tələblər vahid normativ xarakterli aktda birləşdirilib. Müşahidə Şurasının tərkibi, həmçinin fəaliyyətinə dair prinsiplər təkmilləşdirilib və müstəqil üzvün təyin edilməsi tələbi gətirilib. Bankın Müşahidə Şurasında hər hansı bir idarəetmə öhdəliyi olmayan və qərarında bankdaxili, bankdan kənar, siyasi və ya mülkiyyət kimi hər hansı bir təsirə məruz qalmayan müstəqil üzvün təmsilçiliyi tələbi müəyyən edilib və bu üzvə dair meyarlar Standartlara gətirilib. Əlavə olaraq, Müşahidə Şurasının effektiv fəaliyyətinin təmini üçün onların müxtəlif bacarıq, ixtisas və təcrübəyə malik üzvlərdən təşkil edilməsi, həmçinin gender müxtəlifliyi prinsipinin qorunması kimi tələblər müəyyən edilib, vəzifələrinin səmərəli icrası üçün müstəqil kənar ekspert xidmətindən istifadə imkanı, habelə Korporativ Katib funksiyasının yaradılması kimi şərtlər müəyyən edilib.

Dayanıqlı maliyyə prinsiplərinin bankın strategiyasında nəzərə alınması tələbi müəyyən edilib. Standartların tələbinə əsasən uzunmüddətli dövr üzrə dayanıqlığını təmin etmək məqsədilə bankların strategiyasında fəaliyyətinə əhəmiyyətli təsiri olan və ya ola biləcək ekoloji (iqlim dəyişmələri, ətraf mühitin deqradasiyası, ekosistemdə pozuntular və s.), sosial (gender məsələləri, inklüzivlik, əmək münasibətləri, insan resurslarına investisiya və s.) və idarəetmə (təşkilati struktur, mükafatlandırma, işçi münasibətləri, müxtəliflik və bərabərlik və s.) amilləri nəzərə almınalıdır.

Müşahidə Şurasının Komitələrinin yalnız qeyri-icraçı şəxslərdən formalaşdırılması tələb edilib. Komitələrin qərəzsiz qərar qəbul etmə mexanizminin, habelə banklarda icra funksiyalarına daha effektiv nəzarətin təmini üçün onların tərkibinin yalnız Müşahidə Şurası üzvlərindən və müstəqil kənar üzvlərdən formalaşdırılması tələbi gətirilib.

Beynəlxalq təcrübəyə uyğun Korporativ İdarəetmə Komitəsinin yaradılması tələb edilib. Müşahidə Şurasının idarəetmə, mükafatlandırma və təyinat üzrə funksiyalarını səmərəli yerinə yetirməsi üçün Korporativ İdarəetmə Komitəsinin yaradılması tələbi gətirilmiş və Komitənin səlahiyyətlər dairəsi müəyyən edilib.

Daxili nəzarət funksiyalarına dair tələblər təkmilləşdirilib, banklarda Komplayens funksiyasının rolu möhkəmləndirilib. Banklarda risk mədəniyyətinin yüksəldilməsi, qərarvermədə risk əsaslı baxışa üstünlük verilməsinin təmini üçün risklərin idarəedilməsi, komplayens və daxili auditdən ibarət daxili nəzarət funksiyalarının müstəqil və səmərəli fəaliyyətinin təmini üçün tələblər artırılıb, Mərkəzi Bankın bu sahədə nəzarət rolu gücləndirilib. Həmçinin komplayensin rolunun yüksəldilməsi üçün funksiyasının vəzifə və səlahiyyətləri beynəlxalq təcrübəyə uyğun risk əsaslı çərçivəyə adekvat olaraq müəyyən edilib. Əlavə olaraq, banklarda daxili audit funksiyasının təkmil formalaşdırılması üçün onun tərkibinə, fəaliyyətinə, digər idarəetmə orqanları ilə qarşılıqlı əməkdaşlığına və fəaliyyətinin kənar audit tərəfindən qiymətləndirilməsinə dair tələblər müəyyən edilib.

Mükafatlandırılma siyasətinin müəyyən edilməsi zamanı izafi risklərdən yayınılması, uzunmüddətli dayanıqlılığın nəzərə alınması ilə bağlı ödənişlərin bir qisminin təxirə salınması tələbləri yalnız İdarə Heyəti ilə əlaqədar deyil, əhəmiyyətli struktur bölmə rəhbərləri üçün də müəyyən edilib. Eyni zamanda, mükafatları bankların yalnız prudensial tələblərə riayət etdiyi halda verə bilməsi tələbi müəyyən olunub. Bu mütərəqqi tələblərin effektiv tətbiqinə nail olunması məqsədilə Standartlarda tədbirlər müəyyənləşdirilib”.

Bankların korporativ idarəçiliyinə nəzarətin gücləndirilməsi hansı zərurətdən irəli gəlib? Yeni standartlar bankların fəaliyyətində hansısa çətinliklərə səbəb ola bilərmi? Sualları cavablandıran bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun dediyinə görə, Azərbaycan banklarının əksəriyyətində normal korporativ idarəetmə heç vaxt olmayıb:

 Ekrem.jpg (32 KB)

“Onlar əvvəlki qaydalara da riayət etmirdilər. Adi bir misal deyim. Əvvəlki qaydalara görə, şəffaflığı təmin etmək üçün banklar öz fəaliyyətlərinə dair çoxsaylı məlumatları İnternet saytlarına yerləşdirməlidirlər. Lakin onların böyük əksəriyyəti nəzərdə tutulan məlumatların çox cüzi bir hissəsini İnternet saytında yerləşdirir.

Korporativ idarəetmə nədir və niyə banklarda olması vacibdir? Korporativ idarəetmə bankların idarəedici qurumlarının bir-biri ilə qarşılıqlı münasibəti, bir-birinə qarşılıqlı nəzarətidir. Bankın ali orqanı səhmdarların ümumi yığıncağıdır, lakin onların bankın fəaliyyətində heç bir məsuliyyəti yoxdur. Bu, bütün dünyada belədir ki, bankın fəaliyyətinə görə məsuliyyət onun idarəetmə orqanlarındadır: Müşahidə Şurası, İdarə heyəti, audit komitəsi və sair. Bu orqanlar arasında dəqiq səlahiyyət bölgüsü olmalıdır. Bu səlahiyyət bölgüsü olmadıqda, bankın idarəetmə qurumları öz funksiyalarını qanunvericiliyin tələbinə uyğun yerinə yetirə bilmədikdə bankın fəaliyyətində ciddi problemlər qaçılmaz olur: tutalım ki, səhmdar gəlir, istədiyi adama istədiyi şərtlələr kreditlər verdirir, axırda o kreditlər ödənmir, bank iflas olur və sair. İndi Azərbaycanda çoxları deyəcək ki, bizdə məhz belədir. 2015-ci ildən bəri iflas edən bankların böyük əksəriyyətində idarəetmə məhz belə olub və nəticədə problemli kreditlər bankları çökdürüb. Bu problemin ən ağır nəticəsi Azərbaycan Beynəlxalq Bankında qeydə alındı yaxın keçmişimizdə. Məlum oldu ki, Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev nə Müşahidə Şurasının, nə də digər qurumların bankın fəaliyyətinə nəzarət etməsinə imkan verməyib. Nəticədə korporativ idarəetmə olmadığına görə milyardlarla manat kredit əksər hallarda girov təminatı olmadan sağa-sola paylanıb. Bu isə Azərbaycan dövlətinə çox ağır başa gəldi: 20 milyard manata yaxın zərəri dövlət özü qarşılamalı oldu.

Ən təhlükəlisi budur ki, indi də banklarımızda korporativ idarəetmə standartlarına əməl olunmur. Açırsan İnternet saytlarını, cürbəcür vəzifələr var: baş və ya icraçı direktorlar və sair. Bu vəzifələrin heç biri qanunvericilikdə yoxdur. Banklarda maraqlar konflikti prinsiplərinə əməl olunmur. Bank axı səhmdarın pulunu deyil, çoxsaylı vətəndaşın, sahibkarın pulunu idarə edir. Bu idarəçilik elə qurulmalıdır ki, o pullar havaya sovrulmasın. Təəssüf doğuran haldır ki, banklarımızın çoxunda indi də belə idarəetmə prinsiplərinə əməl olunmur”.

Mütəxəssis deyir ki, strateji planlaşma bankların özləri üçün də, tənzimləyici üçün də lazımlıdır:

“Bankın strateji planı mütləq olmalıdır: bunsuz fəaliyyəti qurmaq, hədəfləri və onlara çatım yollarını müəyyənləşdirmək mümkün deyil. Tənzimləyici üçün bu plan ona görə lazımdır ki, bankın fəaliyyətinə effektiv nəzarəti təmin edə bilsin. Planın reallaşması üçün görülən işləri qiymətləndirsin. Yeri gəlmişkən, hazırda 20-dək bağlanan bankın idarəçilyini həyata keçirən Əmanətlərin Sığortalanması Fondunda korporativ idarəetmə yoxdur. Bağlanan banklar üzrə rüblük fəaliyyət planları əvvəlcədən tərtib olunmalı olduğu halda, əksər hallarda rüb başa çatandan sonra edilir”.

Ə.Həsənova görə, korporativ idarəetmə standartlarına əməl olunması üzərində nəzarətin sərtləşdirilməsi banklar üçün hər hansı əlavə yük formalaşdırmır:

“Bu, elə məsələdir ki, tənzimləyicinin ən sərt nəzarətini tələb edir. Belə nəzarətin olması bankların özləri üçün də zəruridir: normal korporativ idarəçiliyi olan bank risklərdən böyük ölçüdə sığortalanmış vəziyyətdədir”.

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR