İnsanlara hürriyət, millətlərə istiqlal!

Barbarlığa bərabər cinayət – bərbərlərin qətli

2506 05.01.2024 11:12 Yazarlar A A

Pakistanın Şimali Vəziristan rayonunda 6 bərbərin bir gecədə güllələnməsi xəbəri, əslində, yeni ilin ən dəhşətli xəbərlərindən biridir. Hələlik ən dəhşətli xəbəri. Ardı, əl-əlbət, gələcək. Şərq dünyanı dəhşətli xəbərlərlə təmin etməkdə pərgardır.

6 bərbərin bir gecədə güllələnməsi isə elə bir hadisədir ki, güman dini radikallardan başqa bir yerə getmir. Düzdür, yerli rəis deyib ki, cinayətin motivi hələ bəlli deyil, amma dağa-daşa düşməyin, Tora-Boraya dırmaşmağın mənası yoxdur, motiv saqqaldır. Əgər 6 qəssabı güllələmiş olsalar, o zaman motiv ət olardı.

Düzdür, bərbərlər saqqaldan çox baş qırxırlar, amma baş qırxmağa görə bərbəri öldürməzlər. Uzaq başı, döyərlər, deyərlər, “demişdim, arxasını çox götürmə, niyə qırxdın, bu kökə qoydun”.

Saqqal isə din-məzhəb atributudur. Həm də başından vurulan bir və ya iki adam deyil, tam bir manqadır. Demək, saqqalı qırxaraq din yolundan sapanlara münbit şərait yaradan mütəxəssisin öldürülməsi hansısa şeyx və ya mürşid tərəfindən vacib buyrulub. Qatillər də verilmiş fətvanı icra ediblər. Ta nə motiv, nə leytmotiv, nə lokomotiv? Hər şey ortadadır.

Bəli, sifətdə, çənədə çıxan bir qom tük kişilərin inancının təcəssümüdür, o yoxdursa, demək, adamın imanı, etiqadı yoxdur. Belə ölkələrdə kosa olmaq talesizliyin ta özüdür. Fanatikin biri vurub öldürə bilər. Əslində tük məsələsi qadınlar üçün də keçərlidir. Qadının başındakı bir çəngə tük yaylıq altından görünəndə də problem yaranır, bu da din-imanın əldən getməsi kimi tövsif olunur.

1 il 4 ay əvvəl bir gənc qızın saçının görünməsi üzündən İranda “hicab iğtişaşları” baş vermədimi? Yüzlərlə adam öldü, onlarla adam sonradan edam edildi, minlərlə yanğın törədildi, nə qədər molla döyüldü. Halbuki mərhumə başını yaxşı bağlasaydı, saçı görünməsəydi, bu hadisələr olmazdı.

Ona görə də “adi tük” deyib keçməyin, bu, Şərqdə çox zırıltı əhəmiyyət daşıyan şeydir.

110-115 il əvvəl bizim ölkəmizdə də saqqalını qırxan kişilərə pis baxırmışlar, dalınca şəbədə qoşur, “artist”, “intiligent” deyirmişlər. Amma sonra “Dəli Petro”nun nəvə-nəticələri gəlib bizi başa salıblar ki, saqqal saxlamadan da keçinmək olar, hətta adam daha yaraşıqlı görünər.

I Pyotru əbəs yerə xatırlamadım. Onun vaxtında ruslar da uzun saç-saqqal saxlayırmışlar, Avropa görüb-gəlmiş Pyotr deyib ki, üzünüzü səliqəyə salın. Əvvəlcə o boyda padşahın sözünə məhəl qoymayıblar, amma o, bəzi əyanların saqqalını şəxsən özü qayçılayıb, yerdə qalanlar üçün isə “saqqal vergisi” tətbiq edib. Ondan sonra adamlar başlarını veriblər bərbərlərin əlinə ki, çənədəki tüklər onları müflis etməsin.

Guya ingilislər saqqaldan özbaşına imtina ediblər? Xeyr. İngiltərə kralı Henrix 1535-ci ildə saqqal vergisi tətbiq edib. Kralın qızı I Yelizaveta da atasının saqqal siyasətini davam etdirib, saqqalını iki həftədən çox qırxmayan adami vergiyə cəlb edib.

Gerçəkdən də saqqal elə şeydir ki, hər 5 adamdan birinə yaraşır, ya yaraşmır, qalanları, sadəcə, “sifətini tük basmış adam” olurlar. Məsələn, bir var İranın keçmiş prezidenti Məhəmməd Xatəminin xarizmatik saqqalı, bir də var, onun xələfi Mahmud Əhmədinejadın üzdəniraq saqqalı. Fərq çox böyük idi.

Hazırda doğma, əziz Bakımızda, eləcə də digər şəhər və qəsəbələrimizdə 18-35 yaş arası gənclərin və kişilərin çoxu saqqal saxlayır. Dəb məsələsidir, onları buna məcbur edən yoxdur. Yəni bu şəxslər saqqallarını qırxsalar, nə küçədə onlara “artist”, “petux” deyən olacaq, nə də gedib gecəylə onların bərbərlərini güllələyəcəklər.

Amma bu xüsusda kütləvilik bir qədər heyrət doğurur. Xüsuslə də kosasifət, üzündə dəngil-düngül tük çıxan şəxslərin saqqal saxlaması absurdun absurdudur. Rəhmətliyin oğlu, görürsən ki, o bir çəngə tük səni eybəcər göstərir, qırx, getsin də. Kollektiv çəkilən şəkillərdə, görmürsənmi, nəyə oxşayırsan?

Bir də bu saqqalın dinə, imana bağlanması məsələsi var. Qəlbin dərinliyində olan inancın sifətin səthində olan tüklə nə əlaqəsi ola bilər? Deyəcəklər, peyğəmbərin vaxtında bütün kişilər saqqalı olub. Elədir. Amma o vaxtlar “Jillett” də olmayıb, üz qırxmaq üçün köpüklər də, digər təraş-baxım vasitələri də, odekolon-filan da.

Ona qalsa, gərək avtomobil də minməyək, smartfonlar da işləyməyək, kondisionerdən, kombidən, müasir dövrdə insanlara rahatlıq gətirən bütün cihaz və avadanlıqlardan imtina edək. Çünki qədim vaxtlarda bunlar olmayıb. Amma bunlardan imtina etmirik, gəlib-gəlib bir saqqalda, bir də libasda ilişirik.

Heç nə. Ara yerdə Vəziristandakı 6 bərbər bədbəxt oldu. İndi onların övladları yetimliklə, zülm-zillətlə böyüyəcək. Onları öldürənlər də ölənə qədər düşünəcəklər ki, cənnətdə yerləri hazırdır, çünki savab iş görüblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR