İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin kamal problemi – Kamalanın büdrəyən şansı

1939 15.02.2024 09:00 Analitika A A

ABŞ prezidenti Çozef Baydenin Misir və Meksika prezidentlərini qarışdırmasından sonra onun ağlı, yaddaşı, fiziki durumu bütün dünyada yenidən müzakirə predmeti olub. Bir sıra başqa mövzularla yanaşı, onun prezidentliyə namizədliyi, eləcə də seçiləcəyi təqdirdə ölkəni idarə edə bilib-bilməyəcəyi barədə polemika gedir.

Bu söhbətlərin fonunda ABŞ-ın vitse-prezidenti Kamala Harrisin personasının ön plana keçməsi də müşahidə olunur. Ən azı artıq Amerika siyasi elitası bunu açıq şəkildə müzakirə edir.

Bu vəzifədə olduğu 3 ildə Kamala Harris nəinki vitse-prezident kimi, heç ölkənin ayrı-ayrı nazirləri qədər populyarlıq qazanmayıb, həmişə prezident Baydenin, dövlət katibi Entoni Blinkenin və digər nüfuzlu siyasi xadimlərin kölgəsində qalıb. Ancaq Cozef Baydenin başına bir iş gələcəyi, yəni ən azı öz səlahiyyətlərini icra edə bilməyəcəyi təqdirdə isə bu qadın ölkənin birinci şəxsi, Demokratlar partiyasının ən nüfuzlu üzvü və böyük ehtimalla prezidentliyə namizədi olacaqdı.

Bu variant hələ də qüvvədədir və yeni prezidenti seçilib Ağ Evə yerləşməsinə hələ 11 ay vaxt var, o zamana qədər çox şeylər ola bilər.

Belə görünür ki, 58 yaşlı, indus əsilli Kamala Harris bu vəzifəni icra etməyə hazırdır. O, ABŞ-ın xüsusi prokuroru Robert Hurun prezidentin psixi problemlərini bilavasitə etiraf edən yüksək profilli hesabatının yayılmasından iki gün əvvəl “xidmət etməyə” hazır olması barədə bəyanat verib. Onu da qeyd edək ki, 2021-ci ilin 19 noyabrında Bayden narkoz altında bayğın olarkən Harris bir günlük də olsa ABŞ prezidenti vəzifəsini icra edib və bu tarixə bu cür də qeyd olunub.

Prokuror Hur isə bir il ərzində Baydenin vitse-prezident olarkən təhlükəsizlik qaydalarına zidd olaraq Ağ Evdən götürdüyü və ofisində saxladığı gizli sənədlərlə bağlı vəziyyəti araşdırıb. O, amerikalı liderə qarşı ittiham irəli sürməmək qərarına gəlib, çünki Baydenin məhkəməsində münsiflər heyəti onu sadəcə olaraq "pis yaddaşı olan gözəl qoca" hesab edib bəraət qazandıracaqdılar. Baydenin ağlı, prokurorun fikrincə, həqiqətən də "buludlu"dur və "ciddi şəkildə məhduddur". Prezident Bayden hətta prokuror komandası ilə danışanda da, hansı illərdə vitse-prezident olduğunu və ya siyasi karyerasının digər mühüm hadisələrini xatırlaya bilməyib.

Ağ Evin keçmiş həkimi respublikaçı Ronni Cekson payızda Baydenin vəziyyətinin sürətlə pisləşdiyini qeyd edib.

“Mən üç prezidentə baxmışam. Ona görə də baş komandan və dövlət başçısı olmağın nə demək olduğunu bilirəm. Bu, həm zehni, həm də fiziki cəhətdən yorucu işdir. Bu adam bu işi görə bilməyəcək. O, hər gün bizə bu işi bacara bilməyəcəyini sübut edir, amma daha da pisləşəcək”, - deyə mütəxəssis bildirib.
Ehtimal ki, Cekson prezident Baydenin alzheymer xəstəliyi və ya demans olmadığını, normal yaşa bağlı "idrak problemləri" olduğunu açıqlayıb. "Gəzərkən büdrəyir, axmaq-axmaq danışır, harada olduğunu, nə etdiyini unudur, adları, tarixləri xatırlaya bilmir. Belə bir şəxs nüvə kodlarına nəzarət etməli deyil",- həkim deyib.

“Nəsə səhvdir və yüngülvari olsa da, bunu ictimaiyyətə izah etmək lazımdır. At tövlədən çıxıb (bu atalar sözü sirlərin üzə çıxdığını ifadə edir. Bayden nəinki müəyyən dərəcədə xəstədir, həm də səhhəti haqqında obyektiv sübutlar təqdim etməyi gecikdirir”, - Bronksdakı qocalar evinin birinci dərəcəli həkimi Stüart Fişer bildirib.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer isə deyir ki, Ağ Evin hazırkı həkimləri Baydenin psixi sağlamlığını normal qiymətləndiriblər. Hökumət həkimi Kevin O'Konnorun sözlərinə görə, prezidentin gündəlik hərəkətləri onun çox aktiv və baş verənlərdən xəbərdar olduğunu göstərir. Jan-Pyer bildirir ki, prezidentin "iti ağlı" var və onunla "saysız-hesabsız saatlar" keçirdiyi üçün onun zehni qabiliyyətlərinə şübhə etmir. Sübut kimi o, Baydenin medianın gözlənilməz suallarına tez və istehza ilə cavab verdiyini qeyd edib.

Beləliklə, açıqca görünür ki, Ağ Ev administrasiyası da, Demokratlar partiyasının rəhbərliyi də Baydeni bir kənara qoyaraq, ölkənin və partiyanın gələcəyi üçün yeni persona üzərində işləmək istəmirlər. Bu, “döngədə at dəyişdirməmək” məsələsidir, ancaq həkim Fişerin dediyi iş olubsa, “at tövlədən çıxıb”sa, demokratlar daha çevik olmalıdırlar.

Əslində bizə Baydenin səhhət problemlərinə baxmayaraq sona qədər hakimiyyətdə qalması sərf edir. Çünki Ermənistanla sərhəd problem davam edir, hər dəfə imzalanacağı gözlənilən sülh sazişinə güllə atılır, bütün bunların fonunda ABŞ-ın vitse-prezidenti, qatı ermənipərəst kimi tanınan Kamala Harrisin dövlət başına keçməsi bizə sərf etməz. Ona görə ki, o təqdirdə onun hansı addımlar atacağını bilmək olmaz. Ola bilər, o da dövlət katibi Entoni Blinken kimi baş verməmiş hadisəyə dair ittihamnamə düzəltsin. Xatırladaraq ki, bir neçə ay öncə Blinken Azərbaycanın Ermənistana hücum etmək fikrinə düşməsini göstərən elementləri necəsə sezmiş və demişdi ki, ABŞ buna qarşı olacaq. Düzdür, o, sonradan bu sözlərinə düzəliş etməli oldu, amma artıq əsl niyyətini və mövqeyini açıqlamışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR