İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayraqlarında aypara olan üç qardaş ölkənin sammiti

2175 13.01.2021 08:20 Siyasət A A

Türkiyə NATO-da, Azərbaycan və Pakistan Qoşulmama Hərəkatında qalmaq şərti ilə hərbi müqavilələr imzalaya bilər

Bu gün İslamabadda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bayraqlarında aypara olan üç qardaş ölkənin XİN rəhbərlərinin indiki vaxtda, yəni Azərbaycanın II Qarabağ savaşındakı parlaq qələbəsindən sonraya görüşünün təyin edilməsi çoxlu sayda suallara yol açıb. Bu dövlətlərin birgə fəaliyyətinin Avrasiya qitəsində nələri dəyişə biləcəyi yönündə ən müxtəlif fikirlərə rast gəlirik. Eyni zamanda bununla Azərbaycan, Türkiyə və Pakistan arasında yeni hərbi ittifaqın əsası qoyulurmu kimi sual da yaranıb.

Siyasi şərhçi Əhəd Məmmədli Avrasiya uğrunda yeni maraqlar toqquşmasının olacağını istisna etmir: “Avrasiya dünyanın ən böyük və ən mühüm strateji regionudur. Bzejinski məşhur ”satran taxtası" kitabında bu bölgənin əhəmiyyəti haqqında geniş yazıb. Elə gətirib ki, Avrasiyanı idarə edən dünyanı idarə edib. Dünyanın bu ən nəhəng regionunu müxtəlif dönəmlərdə, amma qısa müddətdə Atilla, Çingizxan, Stalin və ABŞ idarə edib. İndi də Avrasiya regionuna ABŞ, Çin və Rusiyanın etkisi böyükdür. Dünyanın bu 3 superderjavası Avrasiyada söz sahibidir. Çin və Rusiyanın təsirindən müdafiə olunmaq, qurtulmaq üçün Avrasiya məkanında yerləşən bir çox ölkələr ABŞ-a sığınıblar. Ona görə də hələ də Avrasiyaya ABŞ-ın böyük təsiri var. Amma dünya yenidən birqütblük və iki qütblükdən çoxqütblüyə qayıtdığı üçün Avrasiya uğrunda yeni maraqlar toqquşması baş verəcək. Keçmiş imperiya tarixi olan Türkiyə, İngiltərə, Yaponiya yenidən iddialarını ortaya qoymağa başlayıblar.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Əhəd Məmmədli

Türkiyə-İngiltərə tərəfdaşlığı, Türkiyə-Pakistan qardaşlığı, Türkiyə-Yaponiya yaxınlaşması dünyada yeni qütbün və ya qütblərin yaranmasından xəbər verir. Azərbaycan da bu konfiqurasiyada yer ala bilər və almalıdır da. 44 günlük müharibə dünyaya yeni siyasi-hərbi alyansın qurulduğunu göstərdi. Türkiyə-Pakistan-Azərbaycan son 100 ildə ən sağlam İslam İttifaqının qurulduğunu göstərdi. Türkiyə ilə Azərbaycan rəsmi siyasi-hərbi ittifaqdadır. Azərbaycan eynilə Pakistanla da rəsmi müttəfiqlik qurmalıdır. Həmçinin Azərbaycan paralel olaraq Böyük Britaniya və İsraillə də münasibətlərini daha da yaxınlaşdırmalıdır. Azərbaycan Türkiyə və İsrail, eləcə də Türkiyə və Rusiya ilə körpü rolunu oynaya bilər. Bütün bunları rəsmi Bakı edə bilsə, ölkəmiz region və dünyada önəmli rola sahiblənə bilər".

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

 Elşən Mustafayev

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bu məsələnin rəsmiləşdirilməsini vacib sayır: “Türkiyə və Pakistanın Azərbaycanla münasibətlərinin səviyyəsini bilməyən yoxdur. Hər iki ölkə müstəqilliyimizi ilk tanıyan dövlətlər kimi tariximizə düşüb, o cümlədən Dağlıq Qarabağ probleminə görə Ermənistanla bu günə qədər diplomatik münasibətlər qurmayıblar. Xüsusilə Türkiyə ilə münasibətlər illər ərzində o həddə qədər inkişaf edib ki, iki dövlət bir millət deyimi artıq real olaraq hamı tərəfindən qəbul olunur. Bunları deməkdə məqsədim odur ki, bu dövlətlərin bir-birilərinə yardımları, dəstəkləri, yaxınlıqları o qədər davamlı olub ki, artıq dünya dövlətləri belə bununla barışmağa məcbur olublar və onlar üçün bu münasibətlər normal qəbul olunur. O səbəbdən 3 ölkənin xarici işlər nazirlərinin görüşlərini də məhz dediyim faktorlar səbəbindən qardaş ölkə rəsmilərinin çoxsaylı görüşlərindən biri kimi qəbul etmək lazımdır. Amma son illər regionda və dünyada baş verən proseslər hər 3 ölkəni münasibətlərində yeni mərhələyə keçməyə məcbur etməlidir. Bildiyimiz qədər Türkiyə və Pakistan böyük hərbi gücə malik olan dövlətlərdəndir. Azərbaycan isə regionda cox mühüm strateji ərazidə yerləşən, zəngin karbohidrogen ehtiyatlarına malik dövlətdir. Eyni zamanda hər 3 ölkənin mövcudluğuna, yumşaq desək, dözümsüz olan güclər də mövcuddur. Ona görə də hesab edirəm ki, milli təhlükəsizliklərini qorumaq məqsədilə bu dövlətlər arasında hərbi sahədə müttəfiqliyin rəsmiləşdirilməsi zamanı gəlib. Təbii ki, hər iki dövlət Azərbaycana hər zaman hərbi dəstək verməyə hazır olduqlarını bəyan edib. Amma düşünürəm ki , bu məsələ rəsmiləşdirilsə daha yaxşı olar . Söhbət bu dövlətlər arasında bir-biriləri ilə ən azı ikitərəfli hərbi müqavilələrdən gedir. Bu müqavilələr hərtərəfli qarşılıqlı hərbi yardımları nəzərdə tutmalıdır. Yəni sabah ehtiyac yarandığı halda bir-birilərinə rəsmi şəkildə, hüquqi əsaslarla yardım edə bilərlər. Hətta elə bir model formalaşdırmaq olar ki, Türkiyə NATO-da, Azərbaycan və Pakistan Qoşulmama Hərəkatında qalmaq şərti ilə hərbi müqavilələr imzalaya bilər. Eyni zamanda Türkiyə NATO-nun hərbi cəhətdən ikinci böyük dövləti kimi, Pakistan isə regionun nüvə ölkəsi kimi tanındığından bu ölkələrin və Azərbaycanın hərbi müttəfiqliyi hətta düşmənləri belə bu reallıqlarla barışmağa məcbur edər və regionda təhlükəsizliyin yaranmasına xidmət edər”.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Azərbaycan müxtəlif üçtərəfli formatlarda iştirak edir. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran. İndi də Azərbaycan-Rusiya-İran üçtərəfli formatı gündəmdədir. Ermənistan belə bir formatların heç birində iştirak etmir. Belə potensialları və imkanları da yoxdur. Türkiyə kimi Pakistan da Azərbaycana dəstək verir. Müharibə günlərində bunu daha açıq şəkildə ifadə etdi. Azərbaycanla Pakistan arasında siyasi əlaqələr üst səviyyədədir. Hərbi və iqtisadi sahələrdə də əlaqələri gücləndirməyə böyük ehtiyac var. Siyasi münasibətlərin üst səviyyədə olması azdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR