İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bəs baş əymədin!” “Əydim, vallah, 7 dəfə əydim” - VİDEO

7351 21.01.2024 15:25 Yazarlar A A

Bu hadisə Özbəkistanda baş verib, amma ölkəmiz üçün də aktualdır. Çünki gəlin-qayınana münasibətləri yüz illərdir bu ölkədə də konfliktologiya elminin xırdalayacağı vəziyyətdədir.

Əhvalat belədir: yaraşıqlı oğluna qəşəng bir qız alan orta yaşlı qayınana toy mərasiminin start məqamında (gəlinin təhvil alındığı əsnada) başıduvaqlı gəlini məcbur edir ki, ona təzim etsin. Gəlin qayınanasının dediyini edir. Ancaq sovet dövründə bir neçə il sağıcı işlədikdən sonra deputat seçdirilmiş, əmək qəhrəmanı elan edilmiş və ondan sonra ötkəm bir qadına çevrilmiş partiya fəalına oxşayan qayınana bu təzimə qane olmur və mızıldanaraq gəlinin yenidən ona baş əyməsini tələb edir.

Videodan görünür ki, gəlin ömrü boyu yadında qalacaq toyuna pərxaşlıq düşməsini istəmir, yenə baş əyir. Qayınana yenə qane olmur, əli ilə işarə edir ki, qız əyilməkdə davam etsin. Bu minvalla təzə gəlin qayınanasını qabağında ikiqat olana qədər daha 5-6 dəfə əyilir. Ondan sonra arvad onun duvağını qaldırır. Bir sonrakı epizodda görünür ki, yazıq gəlin başı açıq halda da təzim etməkdə davam edir.

Heç demə, özbək qardaşların belə bir adət-ənənəsi var: gəlin ərinin valideynlərinə təzim etməli, “gəlin salamı” verməlidir. Ancaq bu cürmü?

Videodakı görüntüdən hasil olan mətləb odur ki, bu, “gəlin salamı” deyil, hərəmxanaya yeni gətirilmiş cariyənin sarayın baş xanımına təzim etməsidir. Sanki bu, Hürrəm sultandır.

Bu barədə xəbər yazan özbək saytı belə bir qeyd edir ki, toydan sonra gəlinin valideynləri qızlarını özləri ilə götürüb öz evlərinə aparıblar, təzə bəyə verməyiblər.

Əlbəttə, onlar elə ediblərsə, yaxşı iş görüblər. Qınamalı deyil. Çünki gəlinini ilk gündən belə sındıran, həm də onu bütün toy əhlinə görk edən qayınana o yazığın gününü qara edəcəkdi. Heç kəs istəməz ki, əziz-girami balası bir əzazil qadının köləsinə çevrilsin.

İndi yaxşı oldumu? Toyu qara gəlmiş gəlin ağlaya-ağlaya atası evinə döndü, illərdən bəri sevgili cananına qovuşacağı günü həsrətlə gözləyən bəy umsuq və qəzəbli evinə qayıtdı. Təsəvvür edin, bəy evə qayıdıb, gedib kostyumlu, ayaqqabılı şəkildə üzüquylu gərdək qurulmuş taxta sərilib, anası yarım saatdan sonra gəlir ki, Behzod, ona (yəni ana) qurban, ballı çay gətirimmi. Bu yerdə Behzod ona nə deyər? Ən yaxşı halda deyər, təpəmə dəysin sənin ballı çayın, ona, mən bal ayına hazırlaşırdım.

Söz yox, bəlkə də gənclər bir sonrakı gün yenidən bir araya gələrək dil tapacaqlar, amma toy gecəsinin travması ömürləri boyunca onları təqib edəcək.

Hələ onu da bilmək olmaz, bu hikkə-barıt ki, bəyin anasında vardı, yəqin oğluna deyəcək, o ifritə bu qapıdan girsə, od vurub özümü yandıraram. Təzə bəy də na quzusu biri çıxsa, əyalını da götürüb başqa şəhərlərə üz tutmaq istəməsə, ta heç nə.

Bu məsələ bizdə də aktualdır, ona görə ki, hələ də bu cür düşünən qayınanalar var və onlar özlərini xan nəslinin son yadigarı, gəlini isə qul-qaravaş zənn edirlər. Əsas arqument də budur: “27 il zülm-zillətlə oğul böyütmüşəm ki, yad qızı gəlib ona sahib çıxsın?”

Yaxşı, oğlunu yad qızına vermə, qoy evdə qalıb qartısın, üç-beş ildən sonra da gileylən ki, oğluma qız tapa bilmirəm. Adama deyərlər, özü tapmışdı də, rəhmətliyin qızı, qoydun ki, xoşbəxt olsunlar.

Görünür, ona görə son vaxtlar ölkəmizdə ailə quran gənclər valideynlərdən ayrı, suveren şəkildə yaşamaq istəyirlər, istəmirlər ki, kimsə onların ailə işinə qarışsın, üzərlərində hakimiyyət qursun.

Bu baxımdan böyük ehtimalla həmin tipdən olan qayınana bizdə toyda gəlininə qarşı elə bir hərəkət eləsə, gəlin bir dəfə salam verər, amma ikincidə duvaq altından ərinə deyərdi ki, mamana de, özünü yığışdırsın, yoxsa skandal olacaq, çəkiliş-zad da var, özümüzü biabır etməyək. Ya da gəlinin anası sakitcə yaxınlaşar, hökmlü qudasının qoluna girib qulağına deyərdi ki, uşaqları rahat burax, bura şah sarayı deyil, şadlıq sarayıdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR