İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq müqavilələr yenilənəcək, yeni təşkilatlar yaranacaq? - iddia

775 28.03.2024 09:03 Siyasət A A

Hələ COVİD pandemiyası zamanı  rəsmilərin bəyanatlarında bildirilirdi ki, postpandemiya dövründə artıq əvvəlki dünya olmayacaq, yanaşmalar, əməkdaşlıqlar formatını dəyişəcək. 

Pandemiya ilə paralel dünyada ciddi iqtisadi-siyasi, hərbi təlatümlər də başladı. Artıq pik nöqtəyə yaxınlaşma mərhələsi olduğunu deyənlər də var. Bu mərhələdə yeni dünya düzəninin formalaşacağı, bu yöndə gözlənilməz qərarlar veriləcəyi iddia olunur. Bu iddialardan biri də odur ki, son 100 ilə yaxın müddətdə dövlətlər arasında, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində imzalanmış beynəlxalq müqavilələr, memorandumlar, xartiyalar qüvvədən düşəcək, tam yeni müqavilələr, müasir dünyanı ehtiva edən sazişlər imzalanacaq. Bu gedişatda yeni beynəlxalq təşkilatların yarana biləcəyi də istisna deyil. Bu istiqamətdə müzakirələrdə qeyd edilir ki, BMT, ATƏT təsir imkanları olmayan, nüfuzdan düşmüş bir quruma çevrilib, onlarla dünya çapında hansısa məsələlələri həll etmək olmur, işlək mexanizmləri olan yeni qurumlara və müqavilələrə ehtiyac var.

Ermənistanı dəhşət gözləyir" - ZAUR MƏMMƏDOV

Zaur Məmmədov: “BMT yenilənməlidir, əks təqdirdə, dünyada xaos və anarxiya davam edəcək”

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Əgər söhbət BMT-nin yenilənməsindən və BMT-nin fəaliyyətinin təkmilləşdirilməsindən gedirsə, bir çox dövlət lideri bununla bağlı bəyanatlar vermişdilər. Doğrudan da BMT yenilənməlidir, əks təqdirdə, dünyada xaos və anarxiya davam edəcək. O ki qaldı dünyanın yeni düzəninin formalaşması, beynəlxalq mühitin yaradılması, beynəlxalq təşkilatlarla bağlı tamamilə yeniliyin formalaşması ilə bağlı məsələ, bu, real görünmür. Hazırda dünya kimlər, hansı mərkəzlər tərəfindən idarə edilir, bəllidir. Bu mərkəzlər ABŞ-da oturublar, Amerikanı da idarə edirlər, eyni zamanda dünyada gedən proseslərə bu və digər şəkildə nəzarət edirlər. Beynəlxalq təşkilatlar da onların əllərinin altındadır. Həmin qrupların dünya düzənini dəyişmək kimi ideyası beynəlxalq təşkilatlar miqyasında yoxdur. İkincisi, II Dünya müharibəsindən sonra 5 dövlət yeni formalaşan dünya düzəninə ağalıq etməyə başladı. Hələ də davam edirlər. Faktiki olaraq bu beş dövlətin heç biri hazırda nə BMT-də, nə də beynəlxalq sistemdə dəyişikliklərin olmasında maraqlı deyillər. Bu beş dövlət bir-birinə qarşı mübarizə apara da bilir, ortaq məxrəcə gəlməyi də bacarır. Təcrübə də göstərir ki, coğrafi cəhətdən kiçik ölkələr məhz qurban olur. Hazırda bəşəriyyətin qarşılaşdığı bir çox problemlər var. Bu, iqtisadi, səhiyyə problemləri ilə bağlıdır, hərbi siyasi münaqişələrlə bağlıdır. Amma bu münaqişələrin olması elə həmin güclərin marağındadır ki, öz imkanlarını daha da genişləndirsinlər və daha da əminliklə dünyanın digər bölgələrində ağalıq etsinlər. Rusiya hazırda Çinlə, digər tərəfdə ABŞ anqlosakson dünyası bir-birinə qarşı müəyyən ziddiyyətlərə malikdir. Burada Qərbi Avropa, ümumilikdə Avropa qitəsinin seçim qarşısında olduğu da açıq şəkildə görünməkdədir. Amma yenə də biz həmin ölkələrə baxarkən görürük ki, bu gün BMT-nin Təhlükəsizlik Şurasında, ayrı-ayrı təşkilatlarda söz sahibidir. Ümumiyyətlə, yenidən BMT-nin formalaşması üçün, digər təşkilatların dövriyyəyə buraxılması üçün yeni bir, üçüncü dünya müharibəsi lazımdır. Düzdür, hazırda yeni hadisələrin şahidi oluruq. Amma bu, üçüncü dünya müharibəsi deyil və bununla bağlı danışmaq hələ ki tezdir. Pis-yaxşı bilirik ki, NATO-nun arxasında hansı qüvvələr var. KTMT-də bilirik ki, bir dövlətin fəaliyyəti var . Çinin rəhbərliyi ilə müxtəlif iqtisadi təşkilatların Pekinin maraqlarını həyata keçirdiyini görürük. Bu pərakəndə idarəçilik yaxın vaxtlarda da davamlı olacaq”.

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - Turkic World

İlyas Hüseynov: “Dünya beşdən böyükdür, yeni bir regional güc mərkəzi kimi Türk Dövlətləri təşkilatı formalaşır”

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırkı beynəlxalq hüquq işləmir və bunun işləməsi üçün mexanizmlər də təsirli deyil: “Xüsusilə vurğulamaq lazımdır ki, beynəlxalq hüququn norma və prinsipləri də tapdalanır. Yeni dünya düzəni ilə bağlı müxtəlif mülahizələr, ehtimallar olsa da, biz konkret addımları da müşahidə etmirik. BMT, ATƏT və digər qurumlar öz üzərlərinə düşən bilavasitə vəzifəni icra etmirlər və ya icra etməkdə çətinlik görürlər. Bu gün dünyada iki böyük müharibə öz ətrafında digər iştirakçıları da toplayır. Bu müharibələrdən bütün dünya əziyyət çəkir. Çünki xammal ehtiyatları tükənir, tədarük zənciri qırılır. İnflyasiya, qlobal resessiya müşahidə edilməkdədir. Ona görə də bütün bu müharibələrin qarşısının alınması, dövlətlər arasında dayanıqlı hüquq sisteminin formalaşması, təsirli beynəlxalq təşkilatların meydana gəlməsi, operativ və çevik müdaxilə edə bilən güc mərkəzləri formalaşmalıdır. Şübhəsiz ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, dünya beşdən böyükdür. Yeni güc mərkəzləri yaranıb. Bu güc mərkəzləri ilə hesablaşmaq mühüm əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, BMT-nin Təhlükəsizlik Şurasında olan dövlətlər elə bir mexanizm formalaşdırıblar ki, bu mexanizm təsirsiz olması ilə yanaşı həm də daimi üzvlərin maraqlarına işləyir. Artıq müəyyən məsələ müzakirəyə çıxarılanda biz bunun nəticəsini ehtimal edə bilirik. ABŞ və Böyük Britaniya bir-birini dəstəkləyir. Fransa bu ümumi rəyə şərik olur. Rusiya ilə Çin də ayrı qütbdə yer alır. Bu gün dünyanın bölüşdürülməsi, nüfuz bölgələrinin formalaşması, enerji və nəqliyyat yolları uğrunda amansız mübarizə, həm də təəssüflər olsun ki, silahlarla, dağıntılarla, miqrant və köçkün problemi ilə birbaşa əlaqəlidir. Fikrimcə, beynəlxalq hüququn transformasiyaya ehtiyacı var. Prezident İlham Əliyev də dəfələrlə öz çıxışında deyib ki, bu transformasiya digər güc mərkəzləri nəzərə alınmaqla həyata keçirilməlidir. BMT-dən ikinci nüfuzlu hərəkat kimi Qoşulmama Hərəkatının adını çəkmək yerinə düşər. İslam dünyası da dünyanın idarəçiliyində yer almalıdır. Yeni bir regional güc mərkəzi kimi Türk Dövlətləri Təşkilatı və digər təşkilatlar da formalaşır. Regional təşkilatlar da öyrənilməlidir. Hazırkı dünya nizamı xaotik, anarxik olsa da, bu nizam sülhə və təhlükəsizliyə xidmət etməlidir”.  

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR