İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq qurumlardan Azərbaycana çoxsaylı kredit təklifləri var

533 14.04.2022 09:50 İqtisadiyyat A A

Samir Şərifov: “Növbəti 3 il üçün 8,3 milyard manatlıq borc alınması nəzərdə tutulur”

Koronavirus pandemiyası dövründə biznes və ev təsərrüfatlarının dəstəklənməsi üçün təqdim edilən çoxtrilyonluq dövlət yardımları, həmçinin pandemiya məhdudiyyətlərinin qlobal çatdırılma zəncirində yaratdığı çətinliklər ötən ilin ikinci yarısından etibarən bütün dünyada inflyasiyanı sürətləndirib. Rusiyanın Ukraynaya hücumundan sonra qlobal inflyasiyanın cari ilin ikinci rübündən etibarən zəifləyəcəyinə dair gözləntilər aradan qalxmış olub. Belə şəraitdə mərkəzi banklar dövriyyədəki pul kütləsini azaltmaqla inflyasiyanı cilovlamağa çalışırlar.

ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırmasından sonra digər maliyyə mərkəzlərində də eyni addımların atılmasına başlanılıb. Bu isə bütün dünyada maliyyə vəsaitlərinin bahalaşmasına, resurslara çıxışın məhdudlaşmasına səbəb olmaqdadır. Belə vəziyyətdə iqtisadiyyatları maliyyə resurslarına ehtiyac duyan inkişaf etməkdə olan ölkələr üçün kredit və investisiya cəlb etmək ən ciddi problemlərdən birinə çevrilir.

Aprelin 12-də Prezident İlham Əliyevin yanında keçirilən hökumət müşavirəsində səsləndirilən məlumatlardan aydın olur ki, Azərbaycanın beynəlxalq maliyyə institutlarından vəsait cəlb etmək sahəsində nəinki çətinliyi yoxdur, hətta bu sahədə təkliflər bolluğu yaşayır. Son illərdə xarici borclanma sahəsində mühafizəkar mövqe tutan ölkəmizə kredit təklif edənlər kifayət qədər çoxdur.

Müşavirədə çıxış edən Prezident İlham Əliyevin verdiyi məlumata görə, ötən 1 ildə Azərbaycanın xarici borcu azalıb: “Xarici dövlət borcumuz azalıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Mən vaxtilə qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin alınmasına çox böyük ehtiyatla yanaşmalıyıq. Eyni zamanda dövlət şirkətləri hansılar ki, vaxtilə heç kimdən soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra da bu kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü. Eyni zamanda çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu. Buna da son qoyuldu. İndi heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə bilməz. Hər götürülən kredit də hökumət tərəfindən təsdiqlənir və kreditləri biz ancaq vacib olan layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan layihələrə, eyni zamanda azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə. Digər layihələrə kreditlərin verilməsinə ehtiyac yoxdur. Məhz buna görə biz xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumi daxili məhsula nisbətdə azaltmışıq”.

Maliyyə naziri Samir Şərifov bildirib ki, hazırda Azərbaycan yaxınmüddətli dövrdə xarici borclanma ehtiyaclarını müəyyənləşdirməkdədir: “Bu gün vacib məsələlərdən biri də bizim borclanma strategiyamızdır - biz nə qədər əlavə borc götürəcəyik. Möhtərəm cənab Prezident, eyni zamanda Sizin bu yaxınlarda imzaladığınız sərəncamla Azərbaycan Respublikasının büdcə qaydası üzrə müəyyən göstəricilərin, ilk növbədə, qeyri-neft baza kəsiri üzrə nisbətlərinin təsdiq edilməsi bizim üçün müəyyən çərçivəni formalaşdırır. Həmin çərçivə əsasında ümumi borclanma növbəti 3 il üçün 4,3 milyard manat məbləğində nəzərdə tutulur. Yəni buraya borcun yenidən maliyyələşdirilməsi daxil edilmir. Biz borcun yenidən maliyyələşdirilməsini də daxil etsək, söhbət 8,3 milyard manat həcmində borcun cəlb edilməsindən gedir. Yeni cəlb ediləcək borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə edəcəyimiz vəsaitlər təşkil edəcək. Yəni bunlar müəyyən layihələr üzrə imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ ki təmin olunmayıb. Yeni borc 3 milyard manat məbləğində nəzərdə tutulub”.

Nazirin sözlərinə görə, hazırda Azərbaycana kifayət qədər böyük həcmlərdə borc vermək niyyətində olan beynəlxalq qurumlar var: “Sizin müəyyən çıxışlarınızdan sonra Avropa İttifaqı artıq 2 milyard avro məbləğində borcun bizə verilməsi barədə niyyətini bildirib. Bu borcu iki bank vasitəsilə - Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda Avropa İnvestisiya Bankı vasitəsilə verməyə hazırdırlar. Digər tərəfdən, başqa beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı yenidənqurma işlərində təcrübələri çox olduğuna görə öz kredit xətlərini bizə təklif edirlər. Asiya İnkişaf Bankı da Azərbaycan hökumətinin təqdim etdiyi proqramlar əsasında kifayət qədər böyük həcmlərdə borc ayırmağa hazırdır. Burada, belə desək, ”top bizim tərəfdədir". Hansı layihələri seçməyimizdən asılı olaraq, Sizin qarşımızda qoyduğunuz borc çərçivəsi daxilində biz bu vəsaitləri cəlb edə bilərik".

Prezident bildirib ki, borclanma ilə bağlı hədəflər aydındır: “Mən də bir daha demək istəyirəm, xarici borcumuzu ümumi daxili məhsula nisbətdə 10 faiz səviyyəsinə endirməliyik. Buna yaxınlaşmaq üçün siz gərək təkliflər verəsiniz, biz nə qədər almalıyıq və nə qədər qaytarmaq məcburiyyətindəyik. Avropa İttifaqının kredit vermə təklifləri, əlbəttə ki, müsbət haldır. Çünki bildiyiniz kimi, müharibə başa çatandan sonra Ermənistan üçün kredit və qrant paketi təqribən 2,6 milyard avro səviyyəsində idi. Azərbaycana isə cəmi 140, ya 160 milyon. Əlbəttə ki, biz buna səssiz qala bilməzdik. Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana da 2 milyardlıq paket elan edib. Mən bunu çox müsbət hal kimi qiymətləndirirəm. Ancaq eyni zamanda mən o təkliflərə də baxdım. Elə layihələr var ki, o layihələri biz borc götürmədən icra edə bilərik, təbii ki. Ancaq bununla yanaşı, bizim istəyimiz və ədalətli mövqeyimiz ondan ibarətdir ki, Ermənistana hansı şərtlərlə bu borc və ya qrant verilirsə, bu, bizə də eyni şərtlərlə təklif edilməlidir. Biz bundan istifadə edəcəyik, yoxsa etməyəcəyik, bu, başqa məsələdir. Ancaq yanaşma eyni olmalıdır. Xüsusilə nəzərə alsaq ki, Ermənistanda dağıntılara məruz qalmış bir koma da yoxdur. Azərbaycanda isə 10 min kvadratkilometr ərazidə bir salamat bina yoxdur. Mən bunu heç vaxt kənara qoya bilmərəm. Ona görə bu da nəzərə alınmalıdır. O ki qaldı aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımıza, mən bilirəm ki, bu yaxınlarda Dünya Bankının missiyası gəlmişdi. Mənə baş nazir məruzə etmişdi. Onların təklifləri var. Əlbəttə ki, ənənəvi tərəfdaşlarımız Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı. Avropa İnvestisiya Bankı nisbətən təzə gəlib Azərbaycan bazarına. Birinci onların layihəsi qaz infrastrukturu ilə bağlı idi. Bir də Asiya İnfrastruktur və İnkişaf Bankı ilə də bizim əlaqələrimiz inkişaf edir. Biz o ölkələrdənik ki, bu bankın təsisçisi kimi iştirak etmişik və səhmdarıq orada. Hesab edirəm ki, biz dünyanın bu əsas maliyyə qurumları ilə işləməliyik. Sadəcə olaraq, biz bu strategiyanı vaxtaşırı təftiş etməliyik ki, daha da çox borc götürək, az götürək, çox qaytaraq, az qaytaraq. İndi siz buna baxın və təkliflər verin”.

Maliyyə naziri Dünya Bankının təklifinin güzəştli olduğunu deyib: “Dünya Bankı üzrə bunlar bu gün bizə xüsusi şərtlər təklif edirlər. Biz onlarla növbəti ilin ortalarına qədər tam razılığa gəlsək, o şərtlərlə əldə edə bilərik. Bunlar güzəştli şərtlərdir. Yəni onlar bizim Qarabağın yenidənqurulması proseslərini nəzərə alaraq, belə bir qərar qəbul ediblər ki, bizə güzəştli şərtlərlə kreditlər verə bilərlər”.

Prezident Dünya Bankının güzəştli kreditlərindən istifadə edilməli olduğunu bildirib.

S.Şərifov isə deyib ki, təklif olunan şərtlər çərçivəsində ölkəyə lazım olan layihələr seçilə bilər: “Yəni elə layihələr var ki, məsələn, avtomobil yollarının tikintisi, biz onlara xarici komponentli valyutanı cəlb etməməliyik. Amma biz layihələri seçərkən istənilən halda valyuta xərclərimizi nəzərə almalıyıq. Yəqin ki, bu məqsədlər üçün biz vəsait cəlb edə bilərdik”.

Dövlət başçısının sözlərinə görə, beynəlxalq maliyyə qurumlarının özəl sektor üçün kreditlərindən Azərbaycan biznesi də yararlanmalıdır: “Bir də dünyanın aparıcı maliyyə qurumları özəl sektora da kreditlər ayırırlar. Hesab edirəm ki, daha da böyük məbləğ ayıra bilərlər. Onlarla təmaslar əsnasında bu məsələ həmişə müzakirə edilməlidir. Çünki mən bilirəm ki, misal üçün, qeyd etdiyim bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının tikintisinə də aparıcı maliyyə qurumları kredit ayırırlar. Bizə yox, investorlara, xarici investorlara. Ona görə yerli şirkətlərə, yerli sahibkarlara da onların kreditlərinin ayrılması zəruridir. Düzdür, bizim özümüzün mexanizmimiz var və İqtisadiyyat Nazirliyi bu işləri təşkil edir. Ancaq burada özəl sektora, misal üçün, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, digər bankların daha da böyük həcmdə kreditlərinin verilməsinə mütləq baxmaq lazımdır”.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR